Həmyerlimiz Məzahir Məzhərin ikinci kitabı işıq üzü görüb

0
133

Həmyerlimiz Məzahir Məzhərin (Qarayev) “Hədəf” adlı yeni məntiqi təmsillər və şeirlər kitabı çapdan çıxıb. “Qanun” nəşriyyatında işıq üzü görən bu kitab müəllifin ikinci kitabıdır. Kitabın “Ön söz” hissəsində mahiyyəti barədə ətraflı məlumat verilib: “Müasir ədəbiyyatımızda təmsil janrında yazılmış ədəbi əsərlərə, demək olar ki, rast gəlinmir. Yəqin ki, bu hal, bu janrın özünəməxsus mürəkkəbliyi ilə səciyyələnir. Əlbəttə ki, xüsusi müşahidə qabiliyyəti, qeyri-adi istedad tələb edir. Çox əminliklə deyə bilərik ki, ixtiyarınızda olan bu kitabın müəllifi Məzahir Məzhər belə istedad sahiblərindəndir. Həqiqətən, bu kitabda toplanmış təmsillər insanda həm təbəssüm yaradır, həm də onu düşündürür. Məzahir Məzhər həm də uşaq şairidir, uşaq bilicisidir. Uşaqlar üçün qələmə aldığı şeirləri səmimiliyi ilə oxucunun könlünə həzinlik və həlimlik gətirir, sanki ona layla deyir. Ümidvarıq ki, bu kitab böyük bir zövqlə oxunacaq, müəllifinə insan, özünə isə oxucu rəğbəti qazandıracaq”.

Məlumat üçün bildirək ki, Məzahir Məzhərin bundan öncə – 2013-cü ildə “Uşaqların ağlı, Böyüklərin nağılı” adlı (məntiqi şeirlər və təmsillər) kitabı işıq üzü görmüşdü.

Qeyd edək ki, Məzahir Məzhər (Qarayev) Zərdab rayonunun Qoruqbağı kəndində anadan olub. Hələ orta məktəbdə oxuyarkən ədəbiyyata, şeirə xüsusi maraq göstərib. Bu maraq onu qısa təmsillər və şeirlər yazmağa həvəsləndirib. Şair 70-ci illərin əvvəllərindən Zərdab rayonunda çıxan “Pambıqçı” qəzetində dərc olunmağa başlayıb. Sonralar “Mingəçevir işıqları”, “Abşeron”, “Qabaqcıl texnika uğrunda” qəzetlərində təmsilləri dərc edilib.

Zerdab.com

***

Dəyişkən termometr

Termometr təklikdə

Deyəmmirdi sözünü.

Qoltuq alta girəndə

Göstərirdi özünü.

***

Qanadlı qarışqa

 Qarışqa çox sevindi

Görəndə öz qanadın

Artıq fikirləşirdi,

Dəyişdirsin soyadın.

***

Ələbaxan pişik

 Ov eyləmir artıq pişik

Evdə yatır ələ baxır.

Deyir mənim dövrüm keçib

Bu işlərə tələ baxır.

***

Soyuqqanlı xoruz

Yumurtasın toplayıb

Toyuq gedib kürt yatdı.

Xoruz dedi: – əlvida!

Məndə özəl həyatdı.

***

İşgüzar samovar

Qaynaraq samovar

Gündə batırdı tərə,

Heç özü də bilmirdi

Xeyrə gedir, ya şərə.

***

Tülkü hiyləsi

 Bikef görüb toyuğu

Ağladı qoca tülkü.

Axşam onun fərəsin

Özü yemişdi çünki.

***

Qarğanın istəyi

 Qarğa qartalın qızın

İstəyirdi oğluna

Qartal kimi uçmağı

Gətirmirdi ağlına.

***

Sərçənin yalnış seçimi

 Qaranquşun qızını

Sərçə sevdi görüncə.

Yazda olan sevgisi

Tükəndi qış gəlincə.

***

Qələm və pozan

 Qələm şikayət etdi

Pozanın əməlindən.

Dedi: – Pozan pozduğun

– Niyə soruşmur məndən.

***

Yersiz güzəşt

 Güzəşt edib çayıra

Bostanda yer verdilər.

Zaman gəldi bostanı

Çayır altda gördülər…Məzahir Məzhər