İlk dəfə Azərbaycanda keçiriləcək Avropa Yay Olimpiya Oyunlarında ölkəmizin ərazisində məşəlin aparılması ilə bağlı rayon və şəhərlərin müəyyənləşdirilməsi ilə əlaqədar xarici mütəxəssislərin yerlərə səfərləri çərçivəsində Londondan dəvət olunmuş mütəxəssislər Madi Cons və Piter Makkabe Zərdab rayonunda olublar. Bu barədə Zerdab.com saytına Zərdab Rayon Gənclər və İdman İdarəsindən məlumat verilib. Onlarla birgə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Regionlarla İş və Kadırlar Şöbəsinin müdiri Asif Quliyev də rayonumuza gəlib. Qonaqları Zərdab Rayon İcra Hakimiyyətinin başcısı Lütvəli Babayev qəbul edib. Lütvəli Babayev bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu bu gün də uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin səriştəli fəaliyyəti nəticəsində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir, güclü ölkə kimi sübut edib, beynəlxalq aləmdə yüksək nüfuz qazanıb. Məhz bunun nəticəsidir ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarı Avropanın idman-olimpiya ailəsi böyük səs çoxluğu ilə dəstəkləyib. Sonra birlikdə Olimpiya məşəlinin marşrutunun müəyyən edilməsi məqsədi ilə əraziyə baxış keçirilib.
Məlumat ücün bildirək ki, Olimpiya məşəlinin marşrutunun müəyyən edilməsi məqsədi ilə mütəxəssislər qruplar halında respublikamızın bütün rayonlarına səfər edir və toplanmış məlumatlar təhlil olunduqdan sonra real marşrut müəyyən ediləcək.
Zerdab.com