Deyə bilmədim ki…
Neçənci il olduğunu indi yaxşı xatırlamıram. Ya 1978-ci il idi, ya da 1979-cu il. Bilmirəm, birinci kursda oxuyurdum, ya ikinci kursda (Hazırkı Dillər Universitetində). Həmyerlim olan bir qızla İnstitutun koridorunda raslaşdıq. Elə bu vaxt yanımızdan keçən ortaboylu, qarasaçlı, ağbəniz bir qız onunla salamlaşdı. Onu görən kimi həmyerlim olan qız dedi: “Sevil, bax, bu qız da bizim rayondandır. Adı Əzimədi, Xaspolad müəllimin qızı. O da sənin kimi öz biliyinə girib İnstituta”. (O vaxtlar rüşvətlə, ya tanışlıqla da qəbul olunanlar çox idi)… O qız ötüb keçdi. Amma o qızın surəti yaddaşıma həkk olundu. Onun da mənim kimi öz biliyinə qəbul olması elə bil o qızla aramızda qəribə bağlılıq yaratdı. İçimdə onunla söhbət etmək, dostluq etmək istəyi yarandı… Amma sonralar o qızla heç vaxt rastlaşmadım. Heç vaxt. Amma hardasa Əzimə adı eşidəndə o yadıma düşüb, yalnız həmin vaxtlarda onu xatırlamışam. İnstitutu qurtarıb təyinatımı öz rayonumuza aldım. Müəllim işlədiyim vaxtlarda da onunla heç vaxt rastlaşmadım… Heç vaxt.
İllər ötüb keçdi – neçə yazı qarşılayıb, neçə payızı yola saldıq. Özümüz də hiss etmədən bir gün gördük ki, cavanlıq illərimiz arxada qalıb – çox arxada. Hər dəfə oxuduğum instituta gedəndə o vaxtkı özümü axtarıram. Elə bilirəm tələsə-tələsə auditoriyalara axışan tələbələrin arasında görəcəm özümü, tələbə yoldaşlarımı.
İllər ötüb keçdi. Ətrafımızda hər gün gördüyümüz insanlar gözlərimiz önündə yaşa doldular, amma tələbəlik illərində xəyalımıza həkk olunanlar, ötüb keçən illər ərzində bircə dəfə rast gəlmədiyimiz insanlar necə varsa eləcə də qaldılar – xəyalımızdakılar qocalmadı. İllər sonra tələbə yoldaşlarmızın bəziləri ilə görüşdük – onları görən kimi cavanlıq obrazları yaddaşımızı tərk etdi – yerini onların indiki obrazı tutdu.
Aradan keçən 36-37 il ərzində heç vaxt Əziməylə rastlaşmadım. Heç vaxt. Amma yaddaşımın bir küncündə neçə illər öncə institutun koridorunda gördüyüm o qızın surəti hələ də öz yerindəydi…
Bir neçə ay əvvəl müxtəlif saytlarda Almaniyada yaşayan Əzimə Ağalarovanın çap olunmuş kitabları haqqında xəbər verilmişdi. Özü haqqında da qıcasa məlumat vardı. Xarici Dillər İnstitutunun məzunu olduğunu oxuyan kimi o vaxt koridorda gördüyüm qız yadıma düşdü… O idi. Əzimə…
Kitab mağazalarında Əzimənin kitablarını axtardım. Tapmadım. Kitaba ön sözü İlqar Fəhminin yazdığını oxudum, nəhayət, Əzimənin kitablarını ondan aldım…
“Facebook”da tapdım Əziməni… Profil şəklini görən kimi tanıdım – tələbəlik illərində çəkilmiş şəklini qoymuşdu profilinə. O şəkildə sanki maqnit gücü vardı, baxanda adamı geriyə- illər öncəyə qaytarırdı.
Oxudum onun kitablarını… Fikrimi yazdım. O da şeirlərimi tapıb oxudu, oxuyub kövrəldiyini yazdı…
O gün yenə də yazılarm haqqında fikrini bölüşdü. Sonda “İnşallah, Bakıya gələndə mütləq səninlə görüşəcəm” yazdı…
Əlbəttə, onu görməyimə çox şad olardım… Çoox… Yazılarım haqqında yüksək fikirdə olan, oxuduğu hər yazıma rəy yazan həmyerlimi, duyğu dolu kitablar yazan yazıçı qadını görmək elə ürəyimcə olardı ki…
Amma, ona deyə bilmədim ki, səni görmək istəmirəm. Deyə bilmədim ki, illər öncə hər ikimizə doğma olan institutun koridorunda gördüyüm o qızı görmək istəyirəm… O qızı. …Profil şəklindəki qızı…
15 yanvar, 2015