Dur ayağa, gedək evə

0
72

qəmli-anaHƏSRƏT NƏĞMƏSİ

Eşitmirəm səsini,

Duymuram nəfəsini.

Qərib kimi

boylanıram

gah o yana, gah bu yana,

Sənsiz yaman

darıxmışam, ay ana!

Dayanıb

yol ayrıcında

Ta yolumu gözləyən yox,

Addımımı

izləyən yox.

Ayağımı cızan çöpü

daş bilərdin,

Şeh düşəndə

çəmənliyə,

Paltarımı

yaş bilərdin.

Gör, nə vaxtdı,

Al bəzənib

geyənim yox,

Övladıma

daha «nəvə» deyənim yox.

Sən həyatda

yoxsan, deyə,

Dünya mənə

boş görünür

axı, niyə?

Əkdiyin gül-çiçəkləri

Əl uzadıb

dərənim yox,

Nəvələrə

şirin kökə,

Yağ yaxmacı

verənim yox.

Məzarını

ziyarətə gələn zaman

Mən hər dəfə

İstəyirəm deyəm sənə:

– Dur ayağa,

gedək evə.

Sənsiz könlüm

yanıqlı ney,

Eh, çətin ki,

tutsun qərar.

Məzarınla

evimizin arasında

Azacıq

bir məsafə var,

Ancaq ki, sən

Səsimizə

səs vermirsən.

Burdan-bura

öz evinə gələmmirsən…

 

Mübariz SƏFİYAROĞLU