“Youtube”də Qarabağ müharibəsi ilə bağlı operatorlarımızın çəkmiş olduqları bütün videoları bir-bir izləməyə çalışıram. | |
Onlardan uzun olanlar da var, 2-3 dəqiqəlik olanlar da. Dəxli yoxdur, çalışıram ki, döyüş bölgələrindən canlı çəkilmiş bütün videoların əsas məğzindən xəbərim olsun. Ermənilərin hücum əməliyyatları zamanı çəkib internetə yerləşdikləri videolara da baxmağa çalışıram. Bunun üçün tərcümə proqramlarında hansısa sözü və ya cümləni Azərbaycan dilində yazıb erməni dilinə çevirmək kifayət edir. Ermənicə yazılmış həmin mətni axtarış saytlarına yerləşdirəndə videolar bir-bir çıxır. Sözüm onda deyil…
Bu günlərdə telekanallarımızın birində şou-proqramda müğənninin və aparıcının şit hərəkətlər etdiyini görüb televizorun səsini aldım. Ürəyim darıxdı, başladım internetdə yuxarıda haqqında bəhs etdiyim videoların axtarışına. Xocalıda əsir düşmüş soydaşlarımızın qaytarılması zamanı özümüzünkülərin çəkdiyi bir video diqqətimi çəkdi. 17 dəqiqəlik video şərhsiz, real kadr və səslərlə internetə yerləşdirilib, adı belədir: “Ağdam-Əsgəran postunda girovların alınması”. Videoda ermənilərin hərbi maşınlarından düşürülüb gətirilən əsirlərimiz tanınmaz haldadırlar. Bizimkilərdən biri onların halını görüb ermənilərə əsəbləşir: “Bax indi bu nədir? Bu kişilikdəndir? Uşaqdır, bunun nəyini vurursan?” Azərbaycan dilində yaxşı danışa bilməyən erməni cavab verir: “Mən bunları görmədim. Sənə düz deyirəm”. Sonra erməni əlavə edir ki, əsirlərimizi bu hala onlar yox, Əsgərandakı ermənilər salıblar. Daha sonra bizimkilər əsirlərin qoluna girib onları ermənilərin qurduğu postdan öz maşınlarımıza tərəf gətirirlər. Həmin anları lentə alan operator əsirlərimizə suallar verməyə başlayır. Ermənilərin çəkmə ilə vurub barmaqlarını xurd-xəşil etdikləri Xocalı sakini Məmmədov Cəmil Cümşüd oğlu ayaqlarını sürüyə-sürüyə deyir: “Danışma, Əsgərandan heç danışma. Qoca demirlər, cavan demirlər. Ay oğul, Allahın bu gününə şükür ki, belə qurtardıq. Məni xəstəxanaya çatdırın”. Daha sonra həmin ağsaqqal tikələnmiş baş barmağını dartışdıra-dartışdıra əsəbindən deyir: “Qoy baxsın bizim Azərbaycan xalqı”. Daha sonra suallara ardıcıllıqla belə cavab verir. “Meşəyə gedirsən hamısı meyiddir, uşaqdır”. “Xocalıdanam, bizim kəndi ermənilər raketlərlə, pulomyotlarla tutdular atəşə. Qaçmağa yerimiz yox idi, qaçdıq meşəyə. Şaxta idi deyə gecə uşaqların çoxu öldü. Mühasirəyə aldılar bizi, çıxmağa imkanımız olmadı. Gördüm ki, qızım Səidənin 5 yaşlı qızı ölür, papağımı qaldırıb təslim oldum. 14 min manat pulum var idi, ermənilərə dedim “verim sizə, bizi keçirin Azərbaycan tərəfə”. Dedi “ay kişi, nə kənd?” Daha sonra Cəmil Məmmədov əsəbindən ağlaya-ağlaya deyir: “Hara gedirsən meyiddir. Xalqımız nə vaxt oyanacaq, xalqımız niyə bu işlərə son qoymur? Qalxaq ya ölək, qırılaq, ya da qalib olaq. Axırı ki, birdəfəlik olaq. Ermənilər bilirsən bizə nə deyir? Bir tanış var idi, 20 il eyni yerdə işləmişdik, mənə dedi ki, sən Yevlaxdan o yana ev götür (tik-red), bu tərəfdə götürmə. Deyirəm niyə? Deyir ki, “Yevlaxa kimi bizimki olacaq, götürəcəyik”. Bu işə əsəbləşməyəsən neyləyəsən? İrəvandan gələnlər bizə Əsgəranda deyirdilər ki, görün sizə neyləyəcəyik? Ermənilər İrəvandan gəlib bu işləri aparırlar, amma bizim xalqımız… Gülbəniz (?) xanım da oturub orada deyir ki, arxayın olun, hər şey yaxşı olacaq”. “Ermənilərin içlərində xaricilər də var. Əsgəran xaricilərlə doludur, “neqir” də var”. “Mənim 64 yaşım var, heç kimə pis olmamışam. Əsgərandada işləmişəm, hamının evini mən tikmişəm, hamı məni yaxşı tanıyıb. Bəs bu yaşda məni belə günə qoyarlar? Mənim xalqıma deyirəm, xalq məni görsün. Görsünlər də bacıları, anaları nətəri soyundurub atıblar meşədə. Gəlib gözləri ilə görsünlər”. Bu kadrlara baxıb təsirlənməmək mümkün deyildi. Özümü bir anlıq o hadisələrin içində hiss etdim. Qəfil gözüm ekrana sataşdı. Efirdə yenə çal-çağır idi, müğənni və aparıcı şitliklərinə davam edirdilər. Düşündüm ki, mən 15-20 dəqiqəlik kadrlara baxıb belə təsirlənirəmsə, bəs görəsən, Xocalıda o müsibətləri yaşayan, qohumları hələ də əsirlikdə qalan insanlarımız efirlərimizdə bu “səviyyəli təbliğatları” görəndə hansı hisləri keçirirlər? Cəmil Məmmədovun ağlaya-ağlaya dediyi sözlər yadıma düşdü: “Qoy baxsın bizim Azərbaycan xalqı”. Amma nəyə… P.S. Bilməyənlər üçün əlavə edim ki, Cəmil Məmmədov 5 yaşlı nəvəsi ölməsin deyə, ermənilərə könüllü əsir düşmüşdü. Amma o, sonradan əsir ermənilərdən biri ilə dəyişdirilir, nəvəsi isə ermənilərdə qalır. Nəvəsindən isə bu günə qədər bir xəbər yoxdur… Nicat İntiqam |