Günahları tövbə ilə yuyaq

0
41
həyatGünahı qara nöqtəyə bənzətmək mümkündür. Hər dəfə bir günah işlədikdə, o, qara nöqtə kimi qəlbimizi də qaralayır. Bundan çıxış yolu yoxdurmu? Əlbəttə var: tövbə.
 Hər işlədiyimiz günah üçün etdiyimiz səmimi tövbə onu silib aparır, həmin günaha heç batmamış kimi təmizlənirik. Belə bir təmizlənmə üçün səmimi peşmançılıq və bir daha həmin günaha yaxınlaşmama niyyəti çox əhəmiyyətlidir. Hz. Rəsulullah (s.ə.s.) buyurub: “Günahına tövbə edən günaha batmamış kimidir”. İnsanın nəfsinə və şeytana məğlub olması da, ancaq tövbə ilə yenidən təmizlənməsi də mümkündür. Unudulmamalıdır ki, tövbə edərkən tökülən bir damcı göz yaşı cəhənnəm alovunu söndürmək gücünə malikdir.

Bundan daha təhlükəlisi isə günaha batmadan “məndən adam olmaz” deyərək ümidsizliyə qapılmaqdır. Belə insanlar ehtimal olunan bütün günahları bir anda gözlərinin önünə gətirərək, onların öhdəsindən gələ bilməyəcəklərini düşünürlər və günaha yaxınlaşmadan ona məğlub olurlar. Halbuki təhlükəni bu şəkildə böyütməyə ehtiyac yoxdur. İnsan heç də bütün günahlara eyni anda məruz qalmır, o, iradəsinin gücü ilə onları ayrı-ayrılıqda məğlub etməyə qadirdir.

Unutmamaq lazımdır ki, Allahın rəhməti bizim günahlarımızdan qat-qat çoxdur. Hz. Əli (r.a.) günahları tərk edincəyə qədər tövbə etməyi məsləhət görüb. Ancaq bu o demək deyil ki, insan tövbəyə arxalanaraq, çox rahat şəkildə günah işləməlidir. Xeyr! Hər tövbə həmin günahdan uzaqlaşmaq niyyətinə xidmət etməlidir.