“Nöqsan deyil, çarə tapın”

0
24
dunyaHər insan Uca Yaradanın sənət əsəridir.
 Nə qədər oxşarlıqları olsa da, hər insanın özünəməxsus xüsusiyyətləri ilə fərqlənməsi Allahın saysız-hesabsız möcüzələrindəndir. Bir ailənin övladları belə zahirən bir-birilərinə nə qədər oxşasalar da, xasiyyət, xarakter baxımından xeyli fərqli cəhətləri olur. Bu dünyaya müəyyən müddət sakin olmaq səadəti qismətimiz olubsa, onu layiqincə qiymətləndirmək, qədrini bilmək, lazımınca yaşamağa çalışmaq məqsədimiz olmalı deyilmi? Yazı boyunca fikirlərimizi iyirminci yüzilliyin sənaye inqilabçılarından olan Henri Fordun (Baba Ford 1860-1943) qiymətli sözləri ilə əsaslandırmağa çalışacağam.

Hər hansı xeyirli bir işin uğuru üçün insanda istəyin, şövqün vacibliyini H. Ford belə vurğulayır: “Həvəs sənin arzularını ulduzlara qədər parladan bir mayakdır. Həvəs gözlərinin parıltısı, addımının uğurudur. Əlinin tutması, ideyalarını həyata keçirmək üçün iradə və enerjinin qarşısıalınmaz sıçrayışıdır”.

Qəribə burasıdır ki, tarix boyunca insan gördüyü hər bir xeyirli işdə müəyyən çətinliklərlə üzləşib və bu gün də üzləşməkdədir. Bu çətinliklər qarşısında dik durmaq hər kəsə nəsib olmayıb. Böyük həyat təcrübəsinə arxalanan H. Ford bu haqda nə gözəl fikir söyləyib:  “Hər şeyin sənə qarşı çıxdığını gördükdə unutma ki, təyyarə qalxarkən külək istiqamətində deyil, ona qarşı uçur”.

Nəhəng bir şirkətin prezidenti olan, bütün çətinliklərə baxmayaraq, onun inkişafı üçün durmadan çalışan H. Ford üçün dünyanın ən çətin işi nə olsa yaxşıdır – fikirləşmək. Onun öz sözləri ilə işıq salaq bu fikrə: “Dünyada ən çətin iş fikirləşməkdir. Ona görə də bu işlə çox az adam məşğuldur”.

Öyrənməyin heç vaxt gec olmadığını, əksinə, onun insan düşüncəsini gənc saxladığını H. Ford belə ifadə edir: “Öyrənməyinə son qoyan hər hansı bir adam, istər iyirmi yaşında olsun, istərsə də səksən yaşında, qocadır. Öyrənməyə davam edən hər hansı bir adam gənc qalır. Həyatda ən böyük şey düşüncəni gənc saxlamaqdır”. Elə öz düşüncəsinin dərinliyinin nəticəsində H. Ford hamının biznesə cibini doldurmaq yolu kimi baxdığı bir vaxtda, avtomobili yalnız zənginlərə məxsus bir “oyuncaq”dan orta səviyyəli amerikalının da sahib ola biləcəyi, zənginlik simvolundan Amerika həyatının ayrılmaz bir hissəsinə çevirməyi bacardı. İstehsalata yığım xəttini tətbiq etməklə o, bir “Model T” avtomobilinin yığılmasını on iki saat yarımdan altı saatdan az bir vaxta endirə, 1908-ci ildə həmin model maşınlarını 825.00 $, dörd il sonra isə 575.00 $ qiymətində sataraq avtomobil bazarının 48%-ni əhatə edə bildi. H. Ford kütləvi istehsal texnologiyasının tətbiqi nəticəsində şirkətinə iyirmi dörd saniyəyə bir “Model T” buraxmaq imkanı əldə etdi. Bütün bu böyük işləri həyata keçirərkən H. Ford “Ən miskin biznes yalnız pul qazandıran biznesdir”, – düşüncəsi ilə fəaliyyət göstərirdi. Bu fikir günümüzdə Z. Tağıyev kimi xeyriyyəçilərimizi unudub, millət dərdini özünə yaxın düşməyə qoymayan, “qaz vurub, qazan dolduran” bəzi iş adamlarımız üçün gözəl ibrət ola bilər.

Müasir dövrün ən geniş yayılmış “xəstəliyi” olan özünü aydan arı, sudan duru görüb, günəş kimi parlaq olanlarda nöqsan aramaq, onları qaralamaq sevdası ilə yaşayanlara H. Ford çox lakonik və aydın bir tövsiyə verir: “Nöqsan deyil, çarə tapın”.

Təkcə böyük biznes deyil, həm də böyük ürək sahibi olan H. Ford həyatın mənasını başqaları üçün yaşamaqda görürdü: “İdeal insan başqalarının uğur qazanmalarına yardım edənlərdir”.

Bu gün uğurlu insanlara həsəd, kin bəsləyib, nifrətlə coşub-daşan adamlara ar olası bir nəsihətdir bu sözlər.

Gördüyü işlərin çoxluğundan təlaşlanmadığının səbəbini Allaha güvənməyində, bu işlərin möhtəşəmliyini Yaradanın lütfü kimi görən H. Ford deyir: “Mən inanıram ki, bütün işləri Allah idarə edir və Onun mənim məsləhətimə ehtiyacı yoxdur. Üzərində Allahın nəzəri olan hər bir işin sonda ən yaxşı olacağına inanıram. Belə olduğu halda, narahat olmağa dəyərmi?”

H. Ford sanki İbrahim Həqqi Həzrətlərinin nəsihətini dinləyib:

…Haqq şərləri xeyir eylər,

Arif onu seyr eylər,

Zənn etmə ki, qeyr eylər,

Mövla görəlim neylər,

Neylərsə gözəl eylər…

Biznesin uğrunun onun qazandığı etimaddan asılı olduğunu H. Ford sadə bir düsturla izah edir: “Əməkhaqqını ödəyən sahibkar deyil. Sahibkar, sadəcə, pulu yerbəyer edir. Əməkhaqqını ödəyən müştəridir”. Böyük işlərlə məşğul olan insanların üzləşdiyi maneələri H. Ford “Gözlərini məqsədindən ayırdığın zaman gördüyün qorxunc şeylər” adlandırır.

Heç bir iş müəyyən səhvlərdən xali deyil. H. Ford səhvi də gözəl və faydalı görməyi bacarırdı: “Hətta səhvin özü də mühüm uğurun qazanılmasında lazımlı addım ola bilər”.

Həyatın məqsədini nəyin bahasına olur olsun varlanmaqda görənlərə Fordun nəsihəti çox maraqlıdır: “Əgər pul sənin üçün müstəqillik ümididirsə, sən heç vaxt ona nail ola bilməyəcəksən. Bu dünyada insanın qazana biləcəyi yeganə təhlükəsizlik bilik, təcrübə və qabiliyyətə yiyələnməkdir”.

Uğur qazanmağın əslində elə bir sirri də yoxdur. H. Forda  görə: “Uğur qazanmağın bir sirri varsa, o da başqasının nöqteyi-nəzərini anlamaq, məsələlərə həm o adamın baxış bucağından, həm də özününkündən baxa bilmək bacarığınldan ibarətdir.

Firavanlığın yolunun çalışmaqdan, zəhmətdən keçdiyinə diqqət çəkən böyük zəhmət adamı H. Ford deyirdi: “Ölüm cəzasını cinayətin, xeyriyyəçiliyi də yoxsulluğun çarəsi kimi görmək kökündən səhvdir”.

Tabeçiliyində olan işçiləri “limon kimi sıxıb suyunu çıxaran”, onlara öz işçi qüvvələrini bərpa etməyə, ailəsi, uşaqları ilə məşğul olmağa vaxt vermək istəməyən sahibkarlara nə gözəl yol göstərir H. Ford: “Sənayeçilər üçün bir qayda vardır, o da malların mümkün olduğu qədər ən yaxşı keyfiyyəti, mümkün olduğu qədər ən aşağı qiymət və mümkün olan ən yüksək əmək haqqıdır”.

O, vaxtına da yüksək dəyər verməyi bacarırdı: “Müşahidələrimə əsasən deyə bilərəm ki, əksər insanlar digərlərinin israf etdikləri vaxt hesabına irəli gediblər”.

H. Forda görə, “əsas məqsədi insanlara xidmət olan biznesmen qazancları haqqında narahat olmamalıdır. Belə işin qazancları gözlənildiyindən qat-qat artıq olacaqdır”.

Keyfiyyət hər dövrdə əhəmiyyətli olmuşdur. H. Fordun bu məsələ barəsində qızıl qaydasına fikir verək: “Bazar heç vaxt yaxşı məhsulla dolub-daşmaz, pis, keyfiyyətsiz malın çoxluğu dərhal görünür”.

Allah bizlərə, kim olmasından asılı olmayaraq, insanlıq naminə yaşanan ömürlərdən, görülən işlərdən, deyilən sözlərdən ibrət almağı və həyatımıza tətbiq etməyi qismət eləsin. Amin!

Rahib Alpanlı