Dəymə mənim xətrimə
Bilmirəm nəçiyəm, nəyəm, kiməm mən,
Dartılıb qırılmış sarı siməm mən.
O gün bir qəbahət çıxıb dilimdən,
Salma yaddaşının vacib sətrinə ,
İnsaflı ol , dəymə mənim xətrimə.
*****
Mənim də qəlbim var , sanma daşam mən !
Yüz qəm tavasında qovrulmuşam mən.
Daha bezikmişəm , yorulmuşam mən ,
Bilməyirəm dinclik nədir , qayğı nə ,
İnsaflı ol , dəymə mənim xətrimə .
*****
Şirin bir nağılmış o şehli çəmən ,
Torpaq qoxusuna indi həsrətəm .
Nəyimə lazımmış qəfəs , göydələn ?
Bürü otağımı yovşan ətrinə ,
İnsaflı ol , dəymə mənim xətrimə .
*****
Üfüqdən-üfüqə uçmaq istərəm ,
Təpədən dərəyə qaçmaq istərəm ,
Qol açıb torpağı qucmaq istərəm ,
Ömrü belə vaxt-vədəsiz bitirmə ,
İnsaflı ol , dəymə mənim xətrimə .
*****
Sevinc gedib , mənə qalıb dərd-ələm ,
Hər addımda yollarda qəm əkirəm ,
Kövrəlmişəm , havadan nəm çəkirəm ,
Mənə belə süzgün nəzər yerirmə ,
İnsaflı ol , dəymə mənim xətrim
*****
Ağızda çörəyin dadı itibdi ,
Yadımdan doğmamın adı itibdi,
Ömrün qürub çağı gəlib yetibdi ,
Dərd üstünə təzə bir dərd gətirmə ,
İnsaflı ol , dəymə mənim xətrimə .
*****
Məşhər günün salaq bəlkə biz yada ,
Sona yetsin təkəbbürlər , qan-qada
Cismim torpaqdadır , ruhum fəzada ,
Qovuşub göylərin mavi çətrinə ,
İnsaflı ol , dəymə mənim xətrimə .
*****
Olan oldu , keçən keçdi dünyada ,
Nə verərlər ah-amana , fəryada ?
Keçənləri xoşluq ilə sal yada !
Gözlərindən yaş çiləmə qəbrimə ,
İnsaflı ol , dəymə mənim xətrimə .
*****
Bu fürsəti Xaliq bizə veribdi ,
Yer üzünə “canişin” göndəribdi.
Hərə əməyinin barın dəribdi .
Mirağa , gəl , bu fürsəti itirmə ,
İnsaflı ol , dəymə mənim xətrimə