Tut ağacının bir neçə növü var. Bunlara xar tut, şah tut, bedana tut, çəkil tut və s. daxildir. Bu meyvədən insan sağlamlığı üçün xeyirli olan məhsullar hazırlanır. Adları isə çox maraqlıdır – irçal, doşab, bəhməz… Bu məhsulların hamısı tutdan hazırlansa da, hər birinin özünəxas bişirilmə qaydaları var.
Son dərəcə xeyirli olan bəhməzin bişirilmə qaydasını oxucularımıza təqdim edirik.
Belə ki, yetişmiş tutu yığın və bir qaba sıxaraq suyunu çıxarın. Sonra həmin şirəni ocaqda qaynadın. Çox diqqətli olun, çünki bişirilmə prosesində şirəni ocaqdan vaxtında götürməsəniz bəhməz yanar. Bu isə onun keyfiyyətini aşağı salacaq. Ocağa nəzarət edin və şirəni qatılaşıb qaralana kimi gözləyin.
Üzümdən və xurmadan da bəhməz bişirmək olar. Amma bir çox xəstəliklərə qarşı ən effektiv vasitə tut bəhməzidir. Həm də tut bəhməzi təbabətlə yanaşı, ən keyfiyyətli qida kimi süfrələrimizin bəzəyidir. Deyirlər, tut bəhməzi 72 dərdin dərmanıdır. Xüsusilə qaraciyər, öd, mədə-bağırsaq xəstəliklərində müalicəvi əhəmiyyəti böyükdür. Tutun bir neçə növü olmasına baxmayaraq, ən yaxşı, ən xeyirli bəhməz şah tut və bedana tut növlərindən alınır.
Tut bəhməzinin xeyirləri: Qan azlığı xəstəliyi, ayrıca mədədə narahatlıqları olanlar üçün faydalıdır. Astma və bronxit xəstəliklərində vücudun immunitetini artırmaq üçün istifadə olunur. İdman edənlər üçün böyük enerji mənbəyidir. Körpələrin və uşaqların beyin və vücud inkişafına kömək göstərir. Suya qarışdırılıb qarqara edilərsə, ağız və boğaz xəstəliklərini sağaldır.
Günel İSAMƏDDİNQIZI, “Əkinçi”nin müxbiri.