Əgər tənqid edilən biz olsaq, onda necə reaksiya göstərəcəyik?

0
62
Heyat hekayeleriDostlarımızı yerli-yersiz tənqid etməyin zərərlərindən, amma vəziyyət qaçılmaz olduğu hallarda ona öz xətasını xatırlatmağın da ən doğru qərar olduğundan ötən yazımızda bəhs etdik.
Yaxşı, əgər tənqid edilən biz olsaq, onda necə reaksiya göstərəcəyik? Hər tənqidə qulaq versək, öz xarakterimizi itirərik. Heç təsəvvür edirsinizmi, biri saç düzümümüzü bəyənməyəcək deyə onu dəyişdirsək və ya bir başqasının zövqünə görə geyinsək, bizdə bizdən əsər-əlamət qalmaz ki… Hər deyilən sözü eşitsək, vitrin manekenlərindən bir fərqimiz qalmaz ki. Və yaxud da tam əksinə, heç bir sözə qulaq asmadan “mən buyam, məni belə qəbul edin” demək də doğru olmaz. Bu zaman biz getdikcə xətalara, günahlara daha çox meyillənən eqoist, özünü bəyənmiş birisinə çevrilərik. Məhz bu hala düşməmək üçün bizim əsl dostlara böyük ehtiyacımız var. Çünki dost dediyin o insan haqsız yerə sənin könlünü sındırmaq istəməz. Əgər o səni hansısa məsələdə tənqid edirsə, demək min dəfə ölçüb-biçib, hər şeyi nəzərə alıb, hətta sənin inciyə biləcəyini belə nəzərə alaraq, o sözü söyləyib. Amma sənin xeyrin üçün söyləyib, səni bir qüsurundan qurtarmaq üçün söyləyib. İnsanı hər kəsdən daha yaxşı dostu tanıyar. Səni qarabaqara izləyən, hər an vurmağa hazır olan əqrəb xislətli olanları dost sənə göstərir. Ancaq hərdən elə olur ki, üzümüzə gülən, xətamızı görsə də onu deməyə cəsarəti çatmayan bir yaltağı özümüzə dost sayırıq. İnsan fitrətinin zəif tərəfləri var, belə ki, layiq olmadığı halda birinə tərif desən, o saat xoşuna gələcək, tənqid desən, istər-istəməz içində ilkin reaksiyası o qədər də xoş olmayacaq.  bu nəfs dediyimiz şey var haa… Heç zaman xətanı, qüsuru yaxın qoymaz, belə ittihamları qəbul etməz, bu nəfs belə təkəbbürlüdür. Bəli, səmimi dost qüsurumuzu deyər, yaltaqsa gördüyünSü belə dilinə gətirməz ki, birdən ona acığımız tutar. Bilirsinizmi, bu nəyə bənzəyir? – “Çılpaq kral” nağılına. İki fırıldaqçı dərzi kralı aldadır, guya görünməyən və geyinəni də göstərməyən parçadan ona paltar tikirlər. Üstəlik, krala onu da deyirlər ki, səni bu libasda görsə-görsə, ən ağıllı adam görə bilər. Kral sa  rayda yaltaq dostlarının arasında o alaçılpar libasda dolaşır, o yaltaqlar da “mənə nə var ki, özümü niyə pis vəziyyətə qoyuram?” deyərək görməməzliyə vururlar. Padşah da, həqiqətən, görünmədiyinə əmin olandan sonra şəhərə çıxır.  İnsanlar özlərini görməməzliyə vururlar, amma birdən balaca bir uşağın əli ilə kralı göstərib, “aa, kral çılpaqdır” deməsi ilə hər kəs şaqqanaq çəkib gülməyə başlayır. Beləcə, beş-on yaltaq gerçəyi deməyə cəsarət etmədilər, nəticədə kral ölkə içində biabır oldu.

İnsan gərək tənqid eşidəndə küsməyə, deyilən sözün nə qədər həqiqət olduğunu araşdıra, “demək, mən kənardan baxanda belə görünürəm” deməyi bacara. Amma onu da unutmaya ki, hər tənqid xoşniyyətli olmur. Əgər tənqid milli-mənəvi dəyərlərimizə uyğun olarsa, onu qəbul eləmək lazımdır. Xəstəliyimizi müəyyən edən həkimdən küsmədiyimiz kimi, eyiblərimizi də söyləyən dostdan inciməməliyik. Hətta bu cür dosta təşəkkür də etməliyik. Tənqid olmazsa, insan tutduğu yolun düzgün olub-olmadığını müəyyən edə bilməz. Bəzən elə vəziyyətlə rastlaşırsan ki, qərarının yanlış, ya doğru olduğunu özün ayırd edə bilmirsən. Bu zaman ətrafdan gələn reaksiyaya ehtiyac hiss edirsən. Heç düşünmüsünüzmü,- bədənimizdəki ağrılar bizə xəbərdarlıqdır, orada hansısa xəstəliyin baş qaldırdığını bizə xəbər verir. Məhz o xəbərdarlığı alandan sonra biz tədbirlər görməyə, müalicə yolu ilə problemdən qurtarmağa çalışırıq. Əgər cəmiyyət bir orqanizmdirsə, bizə qüsurlarımızı göstərən tənqid də o ağrılar kimidir.

“Nə olur olsun, tənqid mənim nəfsimə ağır gəlir və onu söyləyən dostumdan küsərəm”, deyirsinizsə, üzülməyin. Tək deyilsiniz, cəmiyyətdə sizin kimi düşünən çox insan var. O zaman ətrafınıza baxın, insanlara diqqət yetirin, onların davranışlarından doğrunu, yanlışı öyrənin. Bir alimdən soruşurlar ki, bu elmi haradan öyrənmisən, cavab verir ki, cahillərin cahilliyindən. Bir halda ki, siz də tənqidi həzm edə bilmirsiniz, onda gərək davranışlarınıza diqqət edəsiniz. Kor adamın başqasının yardımından imtina edərək öz yolunu yeriməyə çalışması kimi, siz də bu halda öz xəta və doğrularınızı təsbit etməyə səy göstərəcəksiniz. Yox, əgər yenə də yanlışlığa yol versək, o “Çılpaq kral” nağılındakı kimi bir uşağın bizi göstərib gülməsinə qədər özümüzə gələ bilməyəcəyik.