Ermənistanın hakimiyyəti başında olan “Qarabağ klanı”nın istiqamətləndirdiyi erməni təbliğatı uzun illər ötən əsrin 80-ci illərində, sovetlər dövründə çoxsaylı azərbaycanlıların qətlə yetirilməsi faktını qətiyyətlə inkar edirdilər. Guya ki, Ermənistandakı 500 minə yaxın azərbaycanlı o ölkədən arxayınlıqla, əşya və avadanlıqlarını yığaraq, evlərini sataraq klas vaqonların “lüks” kupelərində Azərbaycana köçüb getmişdir. Erməni “göbbels”ləri (Hitler Almaniyasının informasiya və təbliğat naziri) bəd ayaqda olsa-olsa, bir onu etiraf edirdilər ki, Sumqayıt hadisələrinə cavab olaraq ermənilər 5-6 azərbaycanlı oldürüblər… Lakin erməni qadın jurnalist Mane Papyan həyatını qorxuya və riskə ataraq xüsusi təhqiqat aparmış və erməni təbliğatını tam təkzib etmişdir. Onun araşdırmaları sübut edir ki, azərbaycanlıların Ermənistandan qovulmasına Sumqayıt hadisələrindən əvvəl başlanmış, bu proses Moskva tərəfindən təşkil olunmuş və idarə edilmişdir. M. Papyan azərbaycanlıların Ermənistanda qətlə yetirilməsini, deportasiya edilməsini gözləri ilə görən şahidlərlə görüşüb söhbət etmişdir. Təbii olaraq erməni mətbuatı bu qadın jurnalistin yazdıqlarını dərc etməyib, lakin belə bir cəsarətli addımı epress.am. informasiya agentliyi atmısdır və həmin yazını oxucularımıza təqdim edirik.
— Həmin gün biz məktəbə gəldik. Azərbaycanlı şagird və müəllimlərdən heç biri məktəbə gəlməmişdi. Məktəbin direktoru Əli Ələsgərovdan soruşduq ki, bəs bunlar hardadılar, o cavab verdi ki, hamı avtobusla Ermənistandan qaçdı, — bunu Quqark rayonunun (indiki Lori vilayətinin) Şaumyan kəndindəki beynəlmiləl məktəbin tərbiyə işləri üzrə keçmiş direktor müavini Rimma Sarqsyan deyir.
— 1988-ci il fevralın 26-sı idi, Sumqayıt hadisələrinə iki gün qalırdı. Azərbaycanlılar da, ermənilər də qorxu içində idilər. Kənddəki ermənilər çox qorxurdular ki, azərbaycanlılar içməli suya zəhər qatarlar, — bunu isə o vaxt “Vaahni” kolxozunun sədri işləmiş Stepan Ayvazyan danışır. – Sumqayıt hadisələrindən sonra Quqark rayonumda ilk novbədə strateji əhəmiyyətli obyektlərdəki (su kəmərləri və elektrostansiyalardakı) azərbaycanlı gözətçiləri işdən kənarlaşdırdılar.
Kirovakanın (Vanadzorun) o vaxtkı prokuroru Qriqori Şahverdyanın şəxsi arxivində saxladığı sənədlərdə yazılıb ki, 1988-ci ilin martından noyabrınadək təkcə Quqark rayonunda 624 azərbaycanlı işdən çıxarılıb.
“Qarabağ” komitəsinin keçmiş üzvü Artur Sakuns yazır ki, gecəyarı Ardcut kəndindən azərbaycanlıları avtomobillərlə çıxaranda ermənilər avtomobil dəstəsinə basqın etdilər.
“Kirovakanda millətlərarası cinayətlər” başlıqlı, 10 iyul 1989-cu il tarixli bir sənəddə 42 hadisə qeydə alınmışdır: 1988-ci ilin martından azərbaycanlıların evlərinə basqınlar olmuş, onlar döyülmüş, evləri talan edilmişdir. Azərbaycanlılar üçün tək öz evlərində deyil, iş yerlərində də böyük təhlükə vardı: onları öz iş yoldaşları, həmkarları da döyür, heç bir səbəb göstərmədən işdən çıxarırdılar. Azərbaycanlılara bazarlarda daha çox rast gəlinirdi, çünki alverçilərin əksəriyyəti azərbaycanlılar idi və onları bazardaca döyür, mallarını əllərindən alırdılar.
— Məndə Vanadzorda yaşayan azərbaycanlıların ünvanları vardı, onların hamısına tapşırmışdım ki, hər hansı problem yaranarsa, mənimlə əlaqə saxlasınlar. Bir dəfə Quliyevlər ailəsindən zəng edib xəbər verdilər ki, naməlum şəxslər onların evlərinin qapısını sındırmağa çalışırlar, — şəhərin keçmiş prokuroru Qriqori Şahverdyan danışır və təəccüb edir ki, o vaxt belə qalmaqallar olan yerlərə getməkdən nə yaxşı qorxmayıb? Onun sözlərinə görə, həmin vaxt Kirovakanda 7 azərbaycanlının qətlə yetirilməsi qeydə alınmışdı. Telman Hüseynovun öldürülməsi ən çox danışılan hadisə idi. “Telman Hüseynov 1988-ci ilin 27 noyabrında gecə saat 22 radələrində sevgilisi P. İrinanın mənzilində bıçaq və balta ilə öldürülmüşdü. Yerli istintaq orqanları cinayətin üstünü açdılar və azyaşlı Usik Marutyanla Tigran Evinyanı həbs etdilər”, — prokurorun arxivindəki bir sənəddə məhz belə yazılmışdır.
Keçmiş prokuror Q. Şahverdyan etiraf edir ki, çox çətin vəziyyətə düşübmüş. “Ucdantutma hamıda silah vardı. Nəinki millətlərarası cinayətlərin, həm də ümumilikdə zorakılıqların sayı artırdı. Şaumyan kəndində başqa bir hadisə baş verdi. Mənə xəbər çatdırdılar ki, kəndin camaatı bir azərbaycanlını (Qasım K.-nı) təpik altına salmışlar, onu təpiklə vura-vura qayadan tullamaq istəyirlər. Özümüzü hadisə yerinə çatdıraraq o adamı onların əlindən almağa çalışdıq. Mənim bir tərəfimdə milis, o biri tərəfimdə milli təhlükəsizlik əməkdaşı, solumda isə hasar vardı, camaat (ermənilər) üstümüzə hücuma keçdi. Sonralar mənə danışdılar ki, huşumu itirmişəm və məni oradan çıxarıb apara biliblər”…
Şahverdyanın arxiv sənədindən: “Noyabrın 28-də gecə 23-də Kirovakan şəhərinin sakinləri Martun Poxradyan və Qarnik Tonoyan Gülüz və Çiçnar Vəliyevlərə bədən xəsarəti yetirmiş, tələb etmişlər ki, mənzillərindən çıxsınlar və evi ermənilərə versinlər. Xuliqanlar həbs olundular, cinayət işinə məhkəmədə baxıldı”.
Quqarkdakı gərginlik Azərbaycan şəhəri Kirovabad (Gəncə) şəhərindəki hadisələrdən (21-26 noyabr 1988-ci il) sonra görünməmiş həddə çatdı. Əsas hadisələr Şaumyan kəndində (Vardanlı yaxınlığında) baş verdi. Rəsmi məlumata görə, həmin vaxt 11 azərbaycanlı qətlə yetirilmişdir. Bu hadisə təkcə Ermənistanda deyil, onun sərhədlərindən kənarda da böyük səs-küyə səbəb oldu: cinayətkarların aşkar edilməsi üçün Moskvadan 100-dən çox üzvü olan istintaq qrupu gəldi. Çoxlu sanksiyalar tətbiq olundu: Quqark şəhər komitəsinin bürosu şəhərin birinci katibi Lavrenti Baqdasaryanı və icraiyyə komitəsinin sədri Samvel Qazaryanı, Şaumyanın bütün milislərini işdən kənarlaşdırdı. Azərbaycan kəndlərinə, o cümlədən Şaumyana gedən yollarda şlaqbaumlar quruldu və həmin yerlərə Rusiya əsgərləri nəzarət etməyə başladılar. “Həmin vaxt kənddə əsl müharibə gedirdi, azərbaycanlılar da, bizimkilər də silahlanmışdılar. Bizim məktəbin şagirdlərindən 9-cu sinifdə oxuyan bir azərbaycanlı oğlan qətlə yetirilmişdi. Onu dərəyə tullamışdılar”, — beynəlmiləl məktəbin tərbiyə işləri üzrə keçmiş direktor müavini Rimma Sarqsyan gördükləri barədə belə ifadə verib.
«Yeniyetməni dərəyə Şaumyan kəndinin sakini Samvel V. atmışdı. Bu hərəkət o biriləri də ruhlandırmışdı. Silahlanmış erməni dəstələri azərbaycanlıları meşədə təqib etmişdilər, azərbaycanlılar canlarını qurtara bilib Marqaovitə gedib çıxa bilmişdilər», — Stepan Ayvazyan xatırlayır.
Moskvadan gələn prokuror və müstəntiqlərin 2 aylıq axtarışından sonra Samveli tutmaq mümkün oldu, amma 4 dindirilmədən sonra onlar məktəblinin qətlində onun günahkar olduğunu “sübut edə bilmədilər”.
Şaumyandakı beynəlmiləl məktəbin müəlliməsi Zərvərd Bekçyan xatırlayır: «Şəhərdən (Vanadzordan) gələn silahlı uşaqlar avtomobillərin pəncərələrindən atəş açırdılar».
«Edik Martirosyanın rəhbərliyi altında Şaumyan kəndinə getdik. Burada meyitləri yandırmışdılar ki, tanınmasınlar. Milis meyitləri tapdı, bu, faktiki işgəncələrlə öldürmək – sadizm idi və bundan sonra Şaumyandakı insidentlə bağlı cinayət işi başlandı», — Stepan Ayvazyan belə deyir.
«Bizdə iki nəfəri diri-diri yandırdılar: azərbaycanlılardan biri qaçıb məktəbimizə gəldi, amma onu məhz burada — qarajın yanında tutdular və diri-diri yandırdılar», — Rimma Sarqsyan deyir.
Baxmayaraq ki, bu hadisələrdə baş rolda olan bəzi şəxsləri bir neçə aydan bir neçə ilə qədər müddətə həbs etmişdilər, bununla belə, Şaumyandakı cinayətlərin üstü tam açılmadı.
Artur Sakuns deyir ki, 1988-ci ilin dekabrında «Qarabağ» komitəsinin demək olar, bütün üzvləri tam heyətlə həbs olundular. Şaumyandakı hadisələrlə əlaqədar yanvarda onu Moskva prokurorluğuna dindirilməyə çağırıblar, soruşublar ki, adamları belə zorakılıqlara komitə təhrik etməyib ki? «Müstəntiq Viktor İvanoviç mənə dedi ki, tezliklə bu iş bağlanacaq, komitə isə azadlığa buraxılacaq. Mayda komitənin üzvlərini azad etdilər, cinayət işini isə bağladılar. Bu isə bir daha sübut edir ki, hər şey Moskvada nizamlanır və Moskvadan idarə olunurmuş», — Mane Papyanın təhqiqatında belə deyilir.
Rus dilindən tərcümə etdi:
İsaməddin ƏHMƏDOV, “Əkinçi” qəzetinin redaktoru