Həsən bəy Zərdabi: “Torpaq onun dilini bilənindir”

0
54

Həsən Bəy Zərdabi muzeyiƏvəzsiz nəbatat alimi Həsən bəy Zərdabi hələ 140 il əvvəl yorulmaq bilmədən kəndləri, obaları gəzib haray çəkirdi ki, torpağı yaxşı qoruyun, sizin dolanışığınız ondan asılıdır. Havanı zəhərləməyin, meşələri qırmayın. Çünki bütün aclıq, səfalət, xəstəliklər torpağın maddi nemətlərinə biganəlikdən törəyir. Bu böyük insan yaxşı bilirdi ki, bütün canlıların həyat mənbəyi olan torpağın çirklənməsi onun ömrünü kəsir, münbitliyini azaldır. Zərdabi bir çox kapitalist ölkələrində fəhlələrin iş qabiliyyətinin nə üçün birində az, birində çox olmasının səbəbini həm də yeyilən qidanın təmizliyində, keyfiyyətində görürdü. Yazırdı ki, ingilislərdə hər gün ət yeməyən adam olmaz. Ona binaən ingilisin fəhləsi çox qüvvətli olur. «Avropada sümüyü əzib kəpəyə qataraq qaramal üçün yem düzəldirlər». «Ağac yarpağı heyvanın ishalını kəsir». «Söyüdün yarpağı, çay və qəhvə insana kef gətirən kimi, heyvana da kef gətirir». «İngilis həkimləri məsləhət edirlər ki, çiçək və qızılca xəstələrini müalicə edən zaman qaranlıq otaqda saxlasınlar, bu şərtlə ki, otağın havasını təmiz etsinlər». «Üzüm tənəklərinin kökünə düşən qurdları zərərsizləşdirmək üçün meynələrin arasına qırmızı qarğıdalı əkmək lazımdır». «Hava dəyişəndə toyuğun yumurtası azalır, ördəyin isə yumurtlamağına hava mane olmur». Badi-kubədə tozdan xalqı xilas etməkdən ötrü küçələrə neft çiləyirlər». «İnsanın bədəni yanıb qabar edəndə onu duzlu, ya da zəyli suya salmaq lazımdır».
Həyatın sınağından çıxmış yüzlərlə belə misallar gətirmək olar ki, bununla da Zərdabi xalqını elmin, maarifin bəhrələrindən istifadə etməyə çağırırdı.
«Əkinçi» xüsusilə torpağın münbit və bərəkətli olması üçün meşə salınmasına və qorunmasına böyük əhəhmiyyət verirdi. Çünki elm sübut edib ki, meşə olan yer həmişə nəm və bərəkətli olur. Qəzet haray çəkirdi ki, başqa vilayətlərdə meşənin xeyrini başa düşüb, onu qoruyub saxladıqları halda, bizim Qafqazda bıçaq sümüyə dayanıbdır, yəni biz meşələrimizi qırıb tələf etmişik və hər tərəfdən yayda müsəlman sədası və qışda təzək tüstüsü gəlir.
Zərdabiyə görə, bizim Azərbaycanda yayın isti, qışın isə soyuq olması meşələrin azalması ilə bağlıdır. «Meşə olan yer həmişə nəm olduğuna görə, havada su buxarı ziyadə olur və su buxarının bir xasiyyəti var ki, çox tez qızmaz və qızanda tez soyumaz». Zərdabi xüsusilə tut ağaclarının kəsilməsinə qarşı üsyan edirdi: «Ey qardaşlar, insafdırmı ki, bir az tut ağacı bitirməyi o kəslərdən öyrənək ki, onların yerində tut ağacını bitirmək olmur? »…
Zərdabi bütün varlığı ilə çalışırdı ki, kəndli torpağa sahiblənə bilsin, torpağın qədrini, dəyərini anlasın. Çar məmurlarının hədə-qorxularına məhəl qoymayan Həsən bəy bəylərin, mülkədarların əsarəti altında aclıq və yoxsulluqdan əzab çəkən insanların acınacaqlı halına dözməyərək «Əkinçi» qəzeti vasitəsilə onları öz hüquqlarını müdafiə etməyə, azadlıqları və xoşbəxt gələcəkləri uğrunda mübarizəyə çağırırdı.
Zərdabi «Əkinçi» qəzetinin 1876-cı ildəki sonuncu sayında yazırdı: «Niyə taqətimizi kəsirsiniz, niyə həvəsimizi öldürürsünüz? Niyə macal vermirsiniz sirrini bildiyimiz torpağı əzizləyərək, oxşayaraq, əvəzində ondan geyim, yemək, başucalığı alaq? Vallah-billah, torpaq onun dilini bilənindir. Bizim torpaq bizimdir!»…
Tərlan ABDULLAYEVA, “Əkinçi”nin müxbiri.