Yaşın fərqi çoxdur müğənni xanım,
Hələ ki, durudur qanın, bilmirsən,
Gedib-gələnlərə qarışır başın,
Hələ ki, boş qalmır yanın, bilmirsən.
***
Hələ sayılırsan, hələ sayırsan,
Gələnə, gedənə hırıldayırsan,
Hələ yad evlərdə qarşılayırsan
Sübh çağın—xoruzun banın, bilmirsən.
***
Hələ ki, vecinə deyil bu dünya,
Gözünə görünür veyil, bu dünya,
Bir gün əmr edəcək:–Əyil!—bu dünya,
Çıxacaq tək evdə canın, bilmirsən.
***
Buza dönəcəksən soyuq yataqda,
Zillənib qalacaq gözlərin Haqda,
Bağrın yarılacaq tənha otaqda,
İl kimi keçəcək anın, bilmirsən.
***
Öləcək ümidin özündən əvvəl,
Dilin tutulacaq sözündən əvvəl,
Soyuq yaş gələcək gözündən əvvəl,
Solacaq şöhrətin, şanın, bilmirsən.
***
Mən birin deyəndə sən keçdin mini,
Yağdırdın üstümə qəzəbi, kini,
Bir də lənətləsən İsaməddini,
Zülmətə dönəcək danın, bilmirsən.
İsaməddin Əhmədov, “Əkinçi” qəzetinin redaktoru