Zərdabın Təzəkənd kəndində dünyaya gəlib…

0
95

Hər dəfə Bakıdan Moskvaya qayıdarkən keçirdiyim hissləri açıqlamaqda acizəm. Tək onu deyə bilərəm ki, hər qayıdışda camadanımdakı yükün yarıdan çoxu kitab olur və dostlarımın bu qiymətsiz hədiyyələri olur məni ovudan, Vətənmlə növbəti görüşədək yaşadan.
Qələm yoldaşlarım, özləri də bilmədən, bəlkə də bilərəkdən, qəlblərinin istisini, mehr-məhəbbətini kitablarına hopdurub qürbətimə ünvanlayırlar və, onlar da, mənim gecələr gündüzüm, qışda baharım olurlar. Hər birini sevgi və hörmətlə oxuyur, bəzən də, məni titrədən misralara biganə qala bilməyib ürək sözlərimi kağıza köçürürəm.
Bu dəfə qürbətdə sirdaşlıq edəcəyim kitablardan biri – Sevil Gültənin “Uşaqlıq illərimin şəkilləri” adlı kiçik hekayələr toplusu oldu; sadə, amma çox qəribə üslubda, gözəl şeir qədər axıcı dildə yazılmış hekayələr…

***

Sevil Gültən –
1961- ci il aprelin 22-də Zərdabın Təzəkənd kəndində dünyaya gəlib.
1978-ci ildə orta məkəbi bitirib ve həmin il Bakı Xarici Dillər universitetinə qəbul olub.
1984-cü ildə İnstututu bitirərək öz rayonlarının Dıkkoba, İsaqbağı, Bıçaqçı,Yuxarı Seyidlər, Təzəkənd məktəblərində müəlim işləyib.
2002-ci ildə Hamlet İsaxanlının rəhbərlik etdiyi Xəzər universitetinə məktub göndərir və Hamlet müəllimin təklifi ilə həmin universitetdə işləmək üçün Bakıya köçür. Xəzər Xəbər jurnalında korrektor vəzifəsində çalışmağa başlayır.
2005- ci ildən Muğam tatrında ədəbi dram hissə müdiri işləyib, daha sonra Xalça muzeyində fəaliyyət göstərib.

Tələbəliyin ilk illərindən tərcümə işi ilə məşğuldur.
Gənc yaşlarından şeir yazır. İlk yazıları Zərdab rayonunda nəşr olunan” Pambıqçı” (indiki“Əkinçi”) qəzetində çap olunub.
İngilis dilindən Azərbaycan dilinə 8 kitab, Azərbaycan dilindən inglis dilinə isə 30-a yaxın kitab (şeir, hekayə, roman) tərcümə edib.
Dörd kitab müəllifidir.
Azərbaycan Yazarlar birliyinin üzvüdür.
İki övlad anasıdır.

***

Sevil haqda yazarkən Tomas Karleylin sözlərini xatırlayıram: “Bəşər övladının yaradıcılıq nümunələrindən ən maraqlısı və diqqətəlayiqi – kitabdır. Kitablarda keçmişin düşüncələri yaşayır; ruhları artıq çoxdan bir yuxu kimi göylərə çəkilmiş insanların səsi açıq-aydın eşidilir. Bəşəriyyətin bacardığı, icad etdiyi, nail olduğu hər şey – bir möcüzə kimi, kitab səhifələrində saxlanılıb”.

Doğru fikirdir. “Uşaqlıq illərimin şəkilləri”ni varaqladıqca sanki Sevilin öz dünyasına daxil olur, onun evindəki otaqları bir-bir gəzir, toz basmış, xatirəyə çevrilmiş əşyalara əl gəzdirir, kəndlərindəki çölü-düzü dolaşırsan. Onun bir vaxtlar gördüyü insanlara Sevil Gültən gözü ilə baxır, onlarla tanış olur…, bir sözlə keçmişə toxunursan: ağrılı-sevincli, qayğılı-qayğısız, uzaq-yaxın keçmişə… O zamanlara ki, Sevili indi də rahat buraxmır, yadddaşını varaqlayır, qələminə hökm edirlər. O üzdən də, “kitab – tam olaraq, müəllifin qəlbindəkilərin izharıdır” desək yanılmarıq.
Müəllifin varaqlara süzülən “dünən”i bugün olub qarşımıza çıxır, hər birimizin iç dünyasıyla ortaqlaşır, ümumiləşir. “Uşaqlıq illərimin şəkilləri” kitabı ikinci dəfə oxuyarkən, adətim üzrə özüm bəzi qeydlər etmişdim və indi də onlardan bir neçəsini sizinlə paylaşacağam.
Əvvəla onu deyim ki, bu kitab, Eyvaz Zeynalovun “Cəza” hekayəsindən sonra oxuduğum ən yaxşı nəsr nümunələrindən idi. Son vaxtlar esse yazaraq, cümlələri alt-alta misralayaraq adına şeir demək dəbə düşüb. Sevil Gültən isə bu lirik, axıcı və səmimi hekayələrə esse demək cürəti tapıb özündə, yazıçılıq dəyərlərinə qiymət verib, hekayə janrını bir daha sevdirib bizlərə. Əsər qıtlığı olmayan bir dövrdə nəsrin bütün gözəlliklərini ortaya çıxarmaq – Sevil xanımın üstünlüklərindən biridir.

Hekayələr heyranlıq, şükranlıq və rəhm doludur. Oxuduqca, təsvir olunan bütün səhnələr, qəhrəmanlar dəqiqliyilə yadda qalır.
Mən rəhmətlik İsmayıl Şıxlının tələbəsi olmuş, tam qırx il Azərbaycan dili və ədəbiyyatından dərs demiş bibim – Afitab xanım Şıxlinskayanın tərbiyəsini almışam. Odur ki, müəllim adı mənim üçün hər zaman uca olub! Məktəb illərini, müəllim həyatını əks etdirən “Dərs” hekayəsi kövrək xatirələr canlandırdı yaddaşımda:

“Sinfimizə, çox pis oxuyan və səliqəsiz geyinən, Vahid adlı bir oğlan gəlmişdi. Hər dəfə dərs danışmağa durğuzanda başını aşağı salıb “oxumamışam” deməyindən müəllimlər də, biz də zinhara gəlmişdik. Bəzən ürəyimdə arzu edirdim ki, kaş möcüzə baş verəydi və Vahid heç olmasa bir dəfə dərsə hazır gələydi.

Bir gün, ədəbiyyat dərsindəvAfitab xanım (bibim mənim də ədəbiyyat müəllimim idi) Vahidi ayağa qaldırıb Füzulinin “Məni candan usandırdı” qəzəlini oxuyub oxumadığını soruşdu. Vahid gözlərini bərəldib qəzəlin adını belə təkarlaya bilmədiyində bütün uşaqlar gülüşdülər. O özü də, utanmaq əvəzinə, arsızcasına gülməyə başladı. Müəllimə hirslənib Vahidin qolundan yapışdı və direktorun yanına aparmaq istədi. Bu zaman oğlanın köhnəlib əfrimiş məktəbli geyiminin qolu müəllimənin əlində qaldı. Bircə onu xatırlayıram ki, Vahid partaya çökdü və başını qucaqlayaraq hönkür-hönkür ağlamağa başladı. Hamımız kövrəlmişdik.

Məlum oldu ki, o, çox kasıb, güclə dolanan çoxuşaqlı bir ailənin sonuncu övladıdır. Anası işləmir, yaşlı fəhlə atası isə zavodda çalışır. Və böyük qardaşlarından qalan bu köhnə pencəyin cırılması Vahid üçün əsil faciə idi.
Bibim onu birtəhər sakitləşdirdi. Dərsdən sonra evimizə aparıb pencəyin qolunu tikdi, onun süzülmüş pioner qalstukunu çıxarıb, əvəzində mənim təptəzə qalstuklarımdan birini verdi və həmin il, imkansız ailələr üçün nəzərdə tutulan pulsuz məktəbli geyimlərindən bir dəst Vahidə verildi…”

Bu sətirləri yazarkən sanki özüm də keçmişə qayıtdım və Sevil Gültənin səbəbkarlığı ilə, mən də uşaqlıq illərimin albomunu vərəqləmiş oldum…

“Sevda, nisgil, giley…” Bu hekayəni təkcə bədii əsər nümunəsi deyil, həm də Sevil xanımın dilçilikdə araşdırma işi kimi qəbul edə bilərik.
Müəllifin “Könül dəftərimin saralmış vərəqləri”, “Keçmişdən gələn qız”, “Ünvanına çatmayan kitab” adlı kövrək hekayələri; vətən və onun vətəndaşlarını anladan “Haradan başlanır Vətən?”, “Kim deyir ki, müharibələr qurtarır?!”, “Nurməmməd əmi”; ülvi və müqəddəs məhəbbət mövzulu “Qoşa qarıyanlar”, “Kakay – ölmüş bir sevginin ruhu” , eləcə də digər hekayələri, onu yaxşı müşahidəçi, gözəl bir rəssam kimi tanıdır bizə. Kitab, məişət qayğılarını və mürəkkəb insan xarakterlərini anladan hekayələrlə də zəngindir.

Haqqında söhbət açdığım “Uşaqlıq illərimin şəkilləri” “Kitabsız evlər” hekayəsilə tamamlanır. Məncə bu heç də təsadüfi deyil. Ümumiyyətlə, uca “Kitab” məfhumu – bu kitabın baş qəhrəmanıdır desəm – yanılmaram, çünki, Sevil xanım onu ən böyük dəyər, ən qiymətli xəzinə, insan ola bilmək üçün ən başlıca amil hesab edir! “Kitab olmayan ev – ruhsuz bir bədən misalıdır!” – demişdir dahi Siseron. Həqiqətən də, ev – onun sakinlərinin aynasıdır. Kitab olmayan ev isə bu sakinlər haqda bizə nələr deyir, nələr söyləyir…

“Dahiyanəlik – ilhamın bircə faizidir, qalan doxsan doqquzu isə əməkdir” – demişlər. Sevil xanımın tanıyan hər kəs onun həm istedadlı, həm də çalışqan olduğunu çox yaxşı bilir. Onun gecə-gündüz bilmədən ədəbiyyata və tərcümə işinə qurban etdiyi ömür, göstərdiyi fədakarlıq nəzərdən kənarda qala bilməz. Lakin, əlbəttə ki, zamanımızın müxtəlif çətinlikləri yazı adamlarının layiq olduqları səviyyədə yaşaya bilməsinə əngəllər törədir. Kitabı yaradan müəllif olsa da, onun taleyini cəmiyyət həll edir. Və çox heyif ki, bir çox dəyərli müəlliflərimizin həyat tərzi onların istedadları ilə düz mütənasib deyil! Amma gələcəyə inamla yaşamaq da bir bacarıqdır! Ümid və inam isə uğurun meyarlarıdır!

Mən inanıram ki, hörmətli qələm dostumuz Sevil Gültənin necə ki, köhnə, eləcə də yeni şəkillərlə dolu albomlarını hələ çox varaqlayacağıq!

Afaq Şıxlı,

Moskva 10.07.15.