Ata kimdir uşaq üçün

0
231
Əgər ana şəfqəti, mərhəməti, fədakarlığı ilə anadırsa, ata da evdə, ailədə güvən, ədalət duyğularının təmsilçisi, kiçik dövlət mahiyyətindəki ailənin intizam təqibçisi, qərar məqamıdır. Daha doğrusu, qərarların birlikdə alındığı ailə məclisinin demokratik başçısıdır.
Ata ciddidir, amma qorxulu deyildir. Ata intizamlıdır, amma nəzakətsiz deyildir. Ata qərarlıdır, sərt deyildir. Ata səmimidir, səbirsiz deyildir.

Səsi gələn kimi hərənin bir tərəfə qaçdığı insan deyil ata. Ya da o gəldiyi zaman hamının işini yarımçıq qoyub “qulluğunda durulası” insan heç deyil.

İşdə, çöldə-bayırda bütün enerjisini sərf edən, yorğun-arğın şəkildə özünü son bir həmlə ilə evə atan adam deyil ata. Yorğun ola bilməz o. Yorğun görünə bilməz. Bədəni yorulsa da, dinc ruhunu hərəkətə keçirə biləndir ata.

Yox! Yorulan deyil, gəlişi ilə bütün ev əhlinin yorğunluğunu çıxaran bir gücdür ata. Yorğunluğunu televiziya qarşısında, yaxud dostları ilə deyil, ailə üzvləri ilə aradan qaldıran insana biz ata deyirik.

Ailəsinin, uşaqlarının maraqlı əhvalatlarını dinləyən, yaxud onların qarşılaşdıqları müxtəlif problemlərə alternativ həll yolları təqdim edə bilən insandır ata.

Əgər övladınız sevinə-sevinə, qaça-qaça yanınıza gəlir, sizə nə isə demək istəyir, siz isə: “Oğlum (qızım), işim var. Görmürsən, “Xəbərlər”ə baxıram?!” deyə onu geri çevirirsinizsə, bu, necə atalıq olur?

Unutmayın! Analıq da, atalıq da ehtiyac anında verilməlidir. Əgər siz bu duyğuları təxirə salsanız, övladınız sizin yaşınıza çatanda sizi təxirə salmazmı?!

Atalıq, olduqca vacib bir missiyanın adıdır. Bu mübarək duyğunu, bu əvəzsiz vəzifəni “çörəkpulu qazanmaq” kimi kiçik, cılız davranışların dar məhbəsinə həbs etmək nə qədər doğrudur…

Uşaqdan yalnız oyuncaq və ya günün yorğunluğunu çıxaran vasitə kimi istifadə edən atanın vəziyyəti necə də acınacaqlıdır…

“Ən maraqlı oyuncaq” vəzifəsini yerinə yetirə bilmədiyi üçün o varkən, başqa oyuncaqlarla oynayan uşağa ata olmaq nə qədər ağırdır…

Ata eyni zamanda uşağa məsuliyyət hissinin aşılanması, hər hansı bir mövzuda verilən qərarların həyata keçirilməsi, həyat yolunun keşməkeşlərində səbir nümayişi kimi məsələlərdə çox vacib bir obrazdır.

Ata olmazsa, nə olar? İpsiz təsbeh dənələri nə olarsa, evdəki uşaqlar da elə olar; başıboş, dağınıq, səpələnmiş.

Uşaq anasında gördüyü şəfqət, sevgi, mərhəmət kimi duyğuları atadan əldə etdiyi məsuliyyət, ədalət, ciddiyyət hissləri ilə birləşdirəcək ki, həqiqi insan olsun.

Və onu da bilməliyik ki, bu duyğuların heç biri izah və təlqinlərlə əldə edilməz. Yalnız gözlə görərək, müşahidə edərək…