Zərdabıma gəlsin

0
155

Bu şeirim görkəmli şairimiz Süleyman Rüstəmin “Azərbaycana gəlsin” şeirinə xitabən yazılmış və Zərdab rayonuna həsr olunmuşdur. Eyni zamanda, Qarabağ döyüslərində şəhid olmuş bütün Zərdablı igidlərin əziz ruhlarına və 05 aprel 2016-cı ildə ermənilərlə döyüşdə qəhrəmancasına şəhid olan, fəxrimiz, gizir Abdullazadə Nurlan Rasim oğluna ithaf olunur.

Zərdabımın vəsfinə səsləyirəm hər yanı,
Ülfət görmək istəyən, qoy bu diyara gəlsin.
Ruzi-bərəkətlidir ölkəmin bu məkanı,
Zəhmət görmək istəyən, ana yurduma gəlsin.

Torpağı bərəkətli, süfrəsi duz-çörəkli,
Göz oxşayır baxdıqca, hər yanı gül-çiçəkli.
Al günəşli, saf sulu, bol pambıqlı-çörəkli,
Nemət görmək istəyən, ruzi-məkana gəlsin.

Əhalisi sanballı, gəncləri əxlaqlıdır,
Neçə alim, ziyalı bu eldən ucalıbdır.
İnsanları gülərüz, dürüst etiqadlıdır,
Hörmət görmək istəyən, qədim Şirvana gəlsin.

Halallıqla qurulub, insanının mayası,
Sakit, gözəl məkantək duyulur xoş sədası.
Cana sağlam ruh verir qızmar, isti havası,
Şəfqət görmək istəyən, cənnət-məkana gəlsin.

Zərdabitək oğlun var, tacdır uca başına.
Fəxarətlə götürüb adını öz adına.
Şərəflə xidmət edib millətinə, xalqına,
Diqqət görmək istəyən, bu kəhkəşana gəlsin.

Ölkəmin ilk qəzeti – “Əkinçi”nin yurdusan.
Canım Azərbaycanın, Mətbuat Ocağısan!

Qurbanam, mən də bu el, bu obanın oğluyam,
Hara getdim fərəhlə, söylədim Zərdablıyam!
Fəxr edirəm səninlə, öz isti ocağımsan,
Ən müqəddəs məkanım – sən ana qucağımsan.

Çox məkanlarda oldum, fərqli yerlərə getdim,
Sənin haqqında yalnız xoş söhbətlər eşitdim.

Biri söylədi Zərdab?!
Çox sakit bir rayondur!
İnsanları səmimi, həm də ki, mehribandır.

Digəri bu kəlməni eşidib çox şad oldu,
Bir azca da kövrəldi, dərin xəyala daldı.
Dedi xeyli yaşadım, işimlə əlaqədar, mən bu gözəl rayonda.
Yalnız xoş üzlər gördüm, xoş kəlmələr eşitdim,
Olduğum hər bir evdə, getdiyim hər məkanda.
Ən xoş duyğular ilə ayrıldım mən buradan,
İllər keçsə də belə, o şirin xatirələr,
İmkan vermir ayrılım ruhən mən bu diyardan.
Ərazicə balaca, səviyyəcə çox yüksək,
Vətənimin bu gözəl, dəyərli rayonundan.

Tövsiyyə verdi həm də, xüsusən cavanlara.
Ana Kürün qoynuna dolanaraq axdığı,
Bu füsnkar rayonda heç vaxt olmayanlara.

Balıq yemək istəyən, mütləq Zərdaba getsin!
Kürün dadlı nemətin – xaşamın, şamayısın,
İlanbalıq, axçalı, bir də nazik porusun,
Nuşicanlıqla yesin.
Buğlama balıq nədir, ləzzətin burda görsün!

Daha kimlər danışdı, nə xoş sözlər deyildi, bu gözəl məkan haqda:
Biri dedi gəlinim Zərdab rayonundandır.
Birinin kürəkəni, o birisinin qonşusu,
Birinin iş, digərinin əskərlik yoldaşı – dərdini bölüşdüyü, ən yaxını, sirdaşı.
Zərdabla bağlılğı olan bu insanların,
Adını söyləyərkən hər birinin dilindən,
Üzündəki təbəssüm, gözündəki sevgidən,
Qəlbimi ruhlandıran bir mətləbi anladım:
Mənim əziz rayonum – gövhərim, laləzarım.
Çox müqəddəs məkandır,
Əsl Azərbaycandır!

Ey Zərdablım, Fəxr eylə!
Bu rayonun ər oğlu, həm ismətli qızısan.
Anam Azərbaycanın bu gözəl torpağında, dünyaya göz açmısan.

Zərdab!
Şirvanın Qarabağa əsas giriş qapısı.
Bu gözəl rayonumda qovuşur bir-birinə,
Hər iki ərazimin isti-soyuq havası.
Üzeyir musiqisi, Mürşüdün yaddaşlarda qalan gözəl ifasi.
Sevənlərə həmdəmdi, şəhərimə bitişik,
Sakit-aramla axan, Kürümün pıçıltısı.

Tanrım sənə bəxş edib, saflığı, təmizliyi,
Hüsnünə yaraşıqdır, bir yandan Ana Kürüm,
Bir yandan da Tuqayın seyrələn gözəlliyi.

Halallıq, dürüstlüyün məkanıdır rayonum,
Bu torpaqda yetişir əsl mərd insanlarım.
Qədirbilən xalqımın, fəxarəti, ər oğlu,
Məlik Məhərrəmovdur qəhrəmanlıq simvolu!
Məhyəddinim – igidim – O,  güləş pəhləvanım!
Üçqat dünya birincim – fəxrim, şöhrətim, şanım!

Vətənimin uğrunda, Qarabağ torpağımda, yüzlərlə gənc, cavanım,
Şücaətlə vuruşub  şəhidliyə qovuşdu, vətənpərvər Zərdablım!

Bu müqəddəs amalçün, qəhrəman igidlərim hər zaman öndə oldu,

Bugünkü döyüşlərdə yurdumun gizir oğlu, Nurlan Abdullazadə şəhidliyə ucaldı.

İnanclı insanların yaşayır hər yerində,
Pirlərin, ocaqların mövcuddur hər kəndində.
Uca Peyğəmbərimin əshabəsi, yaxını,
Müqəddəs dinimizin Veysəl Qarani adlı çox nüfuzlu insanı.
Zamanında olarkən qədim məmləkətimdə,
Bu gözəl torpağımda qovuşdu axirətə.
Seyidlər kəndindəki bu müqəddəs məzarlıq, yaddaşlarda qalıbdır.
İman yeri, and yeri – ziyarətgah olubdur.

Əski yaşayış yerim, əsl Türk diyarısan, ey ulu məmləkətim!
Bunu bilir, bilənlər.
Qədim Əlvəndə gəlsin,
Anam Azərbaycanın tarixin araşdıran, keçmişini sevənlər!

İnsanının zəhməti, həm də böyük inamı,
Səndə mümkün edəcək, mümkün sayılmayanı.
Min-bir nemət yetirir torpağının qüdrəti,
Səni məşhur edəcək, son zamanlar daha çox əkilib, becərilən,
Ölkəmdə və dünyada yüksək dəyər verilən,
Zəfəranın şöhrəti.

Ölkəmin dörd yanında yetişən məhsulların,
Hər birini yetirmək iqtidarında olan, bərəkətli torpağın,
Məkanıdır eynən ağ, həm də qara qızılın.
Torpağın üst qatında ağ qızıl becərilir,
Torpağının altıysa neftlə, qazla zəngindir.

Lakin, bunlardan da çox,
Daim yüksək edəcək sənin uca başını,
Sərvətlərin içində ən dəyərli olanı.
Səmimi, təvazökar, zəhmətkeş, istiqanlı – gözəl Zərdab insanı!!!

Qurban Zərdablı, Anam Azərbaycan və onun gözəl guşəsi olan Zərdabıma, şəhidlərimizin əziz ruhlarına böyük məhəbbət və ehtiramla.
05. 04. 2016