Qarasu-Zərdab məntəqəsində suyun səviyyəsi artıb

0
167

Ötən gün ərzində Böyük Qafqazın cənub yamacına yağan intensiv yağışlar nəticəsində ərazidən axan əksər çaylarda sululuğun artımı müşahidə olunub. Belə ki, iyun ayının 13-də Qarasu-Zərdab məntəqəsində suyun səviyyəsində 65 santimetr artım qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 55-70, Kiçik Qafqazın çaylarında 70-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-120 faizini təşkil edir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. İyunun 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 593 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 17 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 394 kubmetr təşkil edir. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 25 santimetr artıb.

Kür çayının aşağı axınında da suyun səviyyəsinin əsasən artdığı müəyyən edilib.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə – Surrada 408, Salyanda 161, Bankədə 195, Novruzlu məntəqəsində isə 105 santimetrdir.