Zərdabişünaslığa töhfə, Zərdabisevərlərə misilsiz hədiyyə

0
38

Sona xanım Vəliyeva Azərbaycan oxucusuna ərməğan, kitabsevərlərə sürpriz bəxş edib. Onun ictimai fikir dühalarımızdan sayılan Həsən bəy Zərdabi barədə romanı yenicə işıq üzü görüb.

Deyə bilərsiniz ki, “ərməğan” ifadəsi başadüşüləndir, razıyıq. Görkəmli şəxsiyyətlər haqqında orijinal, sanballı, dolğun yazmağın, xüsusilə iri həcmli əsər yaratmağın müəllifə hansı qayğılar, axtarışlar, cəfa yaşatdığını təsəvvürə gətirmək kifayətdir ki, bu fikrə sözsüz-söhbətsiz şərik çıxasan. Sürprizə imza atmaq isə hər yazarın işi olmadığından kitabla bağlı rəyimə həmin aspektə aydınlıq gətirməkdən başlamaq istərdim.

Bir vaxtlar cəmiyyətdə elə təsəvvür formalaşmışdı ki, siyasətimizin, ədəbiyyatımızın, elmimizin… şah zirvələri barədə silsilə əsərlər, roman və povestlər qələmə almaq görkəmli qələm ustadlarının müstəsna haqqıdır. Həqiqətdə də onların imzaları oxucu dünyasını ahənrüba kimi özünə çəkirdi. Bax beləcə bu hisslərin təsiri altında Yusif Vəzir Çəmənzəminlinin, Məmməd Səid Ordubadinin, Mirzə İbrahimovun… oxuduğum,  xalqımızın korifeylərindən bəhs edən əsərlərini sıralasaq, bir kitabxana alınardı.

Sona xanım Vəliyeva isə “İşığa gedən yol” romanını ərsəyə gətirməklə görkəmli yazarlarımızın da indiyədək etmədiyi, nasirlərimizin bugünəcən toxunmadığı bir mətləbi reallaşdıraraq Həsən bəy Zərdabinin nəsillərə örnək həyatının ədəbi-bədii həllini tapdığı dolğun və bitkin bir əsərlə müasir ədəbiyyatımızda yeniliyə imza atıb. Sona xanımın bu kitabı ona görə Zərdabişünaslığa töhfə, Zərdabisevərlərə misilsiz hədiyyə, xalqımıza və bütün cəmiyyətimizə xoş sürprizdir ki, nuru günəştək sönməz insanın bioqrafiyasına şəfəq saçan ilk böyük həcmli bədii əsər, milli ədəbiyyatımızda əbədi yerini tutacaq birinci romandır. Tam səmimiyyətlə deyirəm, belə fundamental missiyanın öhdəsindən gəlmək üçün təkcə istedad və zəhmət kifayət deyil. Həm də cəsarətli, dözümlü, iradəli olmalı, hər ifadəni, lövhəni, obrazı məntiqi, dolğun, rəssam məharəti ilə canlandırmağı, hadisələrin tarixi  reallıq baxımından təqdimatını  diqqətdə  saxlamağı bacarmalısan.

Zənnimcə, Zərdabi mövzusunun romannəvisliyə çox gec gətirilməsinin səbəbini nasirlərimizdən, publisistlərimizdən öncə onun özünün bioqrafiyasının zənginliyində, barlı-bəhrəli, köklü və bitkin varlıq olmasında axtarmalıyıq. Yadımdadır, bir məclisdə Zərdabinin kimliyi, xidmətləri barədə geniş polemika açılmışdı. Maarifçi, təbiətşünas, astronom, aqronom, teatrşünas, jurnalist – bir sözlə, hər kəs ciddi-cəhdlə mətləbi özünə tərəf çəkməyə çalışır, bu böyük şəxsiyyətin ən müxtəlif mövzulu əsərlərindən sitatlar gətirirdi. Nəhayətdə gördük ki, əgər müzakirə zamanı sadalanan fəaliyyət sahələrindən hansısa birini üstün tutsaq, onda kiminsə haqqını tapdalaya bilərik. Ona görə də yekun  qənaət belə oldu: Həsən bəy Zərdabi Azərbaycanın, Şərqin, mütərəqqi bəşəriyyətin qızıl fondudur.

Sona xanımın Azərbaycan ədəbiyyatı və ictimai fikri qarşısında layiqli xidmətinin inikası Həsən bəy obrazının məharətlə təsvirində, hadisələri obyektiv, xronoloji ardıcıllıqla qələmə almasında öz ifadəsini tapıb. Buna qədər mən müəllifin “Arazbarı” və “Çəhrayı rəngli dünyam” şeirlər kitablarını oxuyanda kövrək hisslər keçirmiş, saf, mübhəm insan duyğularının təsirli ifadələrlə, dolğun misralarla necə zərif və lakonik tərzdə ifadə olunduğundan təsirlənmiş, ürək sözlərimi qələmə almışdım. Nəsr, irihəcmli əsərlər isə bir qədər fərqlidir, burada yazarın meydanı geniş olur. Amma bu romanı oxuyanda da görürsən ki, müəllif öz ənənəsinə

sadiq qalaraq nəsrin verdiyi bu gen-bol imkanlardan sui-istifadə etmir, əksinə, hər kəlməyə, hər ifadəyə böyük sayğı və həssaslıqla yanaşır. Müəllif mövzuya qaranəfəs, çaparaq münasibət göstərmir. Zənnimcə, bu əsərin yazılmasına hazırlıq tarixcəsini 3-5 illə ölçmək olmaz. Sona xanımın “Kaspi”nin nəşrini bərpa etdiyi, ona ikinci həyat verdiyi, baş redaktoru kimi fəaliyyətə başladığı 1999-cu il diqqətimi çəkir. Rusdilli, amma başdan-ayağa milli “Kaspi” elə “Əkinçi”nin yenidən vuran nəbzi, dirçələn nəfəsi idi. Azərbaycanın istiqlal tarixində əvəzsiz rol oynamış Əlimərdan bəy Topçubaşovun 1898-ci ildə qəzetin  baş redaktoru vəzifəsinə gətirilməsinin səbəbkarı və təşəbbüskarı da elə Həsən bəy olub. Amma bu etimad qətiyyən yaxın qohumluq əlaqələri ilə bağlı deyildi. Əlimərdan bəy məhz dövrünün tanınmış, mütərəqqi xadimlərindən olduğuna, işgüzarlığına, ictimai-siyasi baxışlarına görə seçilmişdi. Əsərdə “Kaspi” ətrafında cəmləşən obrazların, qabarıq şəkildə təqdim edilən  insanların hər biri milli mətbuat tariximizin  yaddaşında dərin iz buraxmış imza sahibləridir. Və həmin dövrdə Qafqazda yeganə gündəlik qəzet sayılan “Kaspi”ni bütün Rusiyada tanıdan bu insanlar “Həsən bəy Zərdabi şinelindən çıxdıqlarını” dilə gətirməkdən qürur duyurdular.

Sona xanım üçüncü əsrə qovuşdurduğu iki yüzilliyin yadigarının estafet çələnginin layiqli əllərdə olduğunu əməli işi ilə təsdiqləyə bildi. Bu dəst-xətt XXI əsrdə yeni çalarlarla zənginləşdirilməkdədir. Söz yox ki, S.Vəliyevanın kaspişünas kimi araşdırmaları hansısa məqamlarda zərdabişünaslıqla, Həsən bəylə kəsişib. Zənginləşən məlumat bazası isə tədqiqatçını, yazarı heç vaxt rahat buraxa bilməzdi. Budur, nəticə göz önündədir; Bakıda böyük mütəfəkkirin adını daşıyan nəşriyyatın nəfis şəkildə çap etdiyi 767 səhifəlik roman oxucuların ixtiyarına verilib.

Əziz oxucu, əsərin həcmi səni mütaliədən çəkindirməsin. Rəvan dili, üslubu, hadisələrin zərgər dəqiqliyi ilə sıralanması, rastlaşacağın obrazların səciyyəsi və digər bir çox keyfiyyətlər həcm səddini asanlıqla aşmağının köməkçisi olacaq. İnanıram ki, romanı oxuyub mənəvi zövq alacaq, Həsən bəy Zərdabi ilə yol gedən, hər biri milli qürurumuz olan insanların keçdikləri həyat yolu haqqında aldığın bilgilərdən məmnun qalacaqsan. Əmin olacaqsan ki, Tanrı bu cür şəxsiyyətləri xalqa elə-belə bəxş etmir, onlar zəmanənin sifarışi, diqtəsi ilə yetişirlər və hansı dövrdə yaşamasından asılı olmayaraq, ilk növbədə maarifçilik missiyasının daşıyıcıları kimi tanınırlar.

Bu gün “maarifçilik” ifadəsini məqbul saymayanlar, qəbul etmək istəməyənlər də var. Amma mənim qənaətim budur ki, üçüncü minillikdə dəyişən yalnız libasımız, yerlərin görüntüsü, gözləri qamaşdıran elmi-texniki nailiyyətlərdir, qafalarda, baxışlarda, niyyətlərdə maarifçiliyə, islahatlara hələ də ciddi ehtiyac var. Bəşər elminin beşiyi sayılan Şərqə baxaq – qan içərisində boğulur, qanunlarda, müqəddəs kitablarda yazılanlar bir kənarda qalıb, güc, silah, vandalizm meydan sulayır.

Azərbaycan cəmiyyəti XIX əsrdə Mirzə Fətəli Axundovdan sonra ikinci böyük dühanın, yenilikçinin, maarifçinin pərvərişinə – Günəşin doğuşuna müntəzir idi. O Günəş Kür qırağından doğacaqdı…

Əsər 1848-ci ilin qızmar iyul günlərinin birində Kür sahilinin təsviri ilə başlayır. Müəllif başlanğıcda “1848” rəqəmini təsadüfən seçməyib. Bununla  oxucuya sanki mesaj verilir ki, az qala, bütün Avropanı, Rusiyanı çalxalayan 1848-ci ilin siyasi hadisələri Şərqə, Azərbaycana da təsirsiz ötüşməyəcək. Və millətin şərafətli oğulları milli dirçəliş prosesinin sürətlənməsi üçün böyük yola çıxmalıdırlar.

Ata-babası da onun bu cür böyüməsini istəyirdi. Arzu, məqsəd  Kür qırağında nadir balıqqulağı tapan 6 yaşlı Həsənə babası Rəhim bəyin hikmətindən boylanır: “Bu balıqqulağı sənin damarlarında axan qanın, alıb-verdiyin nəfəsin səsini sənə çatdırır. Deməli, dinlədiyin səs Kürün yox, sənin içinin səsidir”. Babası ona həyatı boyu əhatəsindəki insanları – yaxınlı-uzaqlı, doğmalı-yadlı hər kəsi dinləməyi, kömək əli uzatmağı, qərar qəbulunda içindən gələn xeyirxah səsə qulaq asmağı və bu səsin ardınca getməyi tövsiyə edir.

Atası Səlim bəy yaxşı bilirdi ki, mədrəsələr Çar Rusiyasının Qafqazda və müsəlman ucqarlarında yeritdiyi cəhalət siyasətinin yedəyində getdiyindən oralardakı ab-hava “qəbir evinə kimi oxumalı” müqəddəs kəlamına müxalifdir. Buna görə də  oğluna  izah edir ki, onu molla  yanına yalnız yazıb-oxumağı öyrənmək üçün gətirib. Həsəni gələcəkdə var-dövlətinin sahibi, torpaqlarının əkinçisi yox, arzularının əkinçisi kimi görmək istəyir.

Həsən bəy valideyninin arzuladığı yolun yolçusu olur. Atalar deyib ki, gəzən ayağa daş dəyər. Piyada, at belində, faytonda yollar onu haralara qovuşdurmur?! Sevinən, birinciliyə imza atan günləri də olur, sözün müstəqim mənasında ayağına daş dəyən, səfanın cəfasını çəkdiyi anlar da. Tanrı bu mənada şəxsi şöhrətə laqeyd yanaşan Həsən bəyin niyyətinə, cəsarətinə, zəngin mütaliəsinə, dünyagörüşünə baxıb onu bir sıra sahələrdə birinci olmaq xoşbəxtliyi ilə mükafatlandırır.

Həsən bəy şöhrətpərəstliyi, xudpəsəndliyi özünə yaxın buraxmadığından sadəliyi onu dövrünün tanınmış ziyalılarının da,  sadə insanlarının da nəzərində böyütmüş, hörmət-izzət sahibinə çevirmişdi. Bu Günəş qayəlini cəmiyyətdə ucaldan əsas amillərdən biri də ətrafında özü kimi səyyarələrin dövr etməsində idi…

Əsər iki hissədən ibarətdir. Birinci hissə adsızdır. Müəllif 446 səhifənin böyük hissəsində qəhrəmanını yol üstə, səfərdə təsvir edir, XIX əsr Azərbaycanının şəhər və əyalətlərinin mənzərəsini yaradır. Böyük rus mütəfəkkiri Aleksandr Radişşevin “Peterburqdan Moskvaya səyahət”ində olduğu kimi, səfər boyu görüntülər detalları ilə qələmə alınır, oxucunun məsafə başına yorğun çatmaması üçün Tiflisin, Şamaxının, Gəncənin, Qubanın, İrəvanın, Naxçıvanın, Şuşanın… tarixindən bəhs edilir.

Həsən bəyin səyahətində məqsəd azərbaycanlı kasıb uşaqların pulsuz təhsili üçün yaradılan Xeyriyyə Cəmiyyətinə vəsait toplamaq olsa da, əslində, başlıca niyyəti yaradacağı qəzetin dayaq, dəstək nöqtələrinin müəyyənləşdirilməsi idi. Həsən bəyin bu məqsədindən Moskva Dövlət Universitetində oxuyarkən tələbə yoldaşları, xüsusən onu qəlbən sevən rektor qızı Vera da xəbərdar idilər. Onlar Tiflisə, Bakıya ünvanladıqları məktublarında vəziyyətin nə yerdə olduğu ilə maraqlanırdılar. Burada bir haşiyəyə çıxaraq qeyd edək ki, müəllf istəsəydi, hətta bu səyyah lövhələrini ayrıca povest kimi də formalaşdıra bilərdi. Amma yəqin həmin dövrə daha ətraflı səyahəti başqa yazarların öhdəsinə buraxmağı, missiyasını aramla yekunlaşdırmağı üstün tutub. Hər halda diqqəti daha qabarıq çəkən budur ki, Həsən bəy ilk Xeyriyyə Cəmiyyətinə istədiyi vəsaiti toplaya bilməsə də, bunu Bakı rusları və erməniləri ilə müqayisədə acınacaqlı hal kimi dəyərləndirsə də, başlıca məramı üçün kifayət qədər iş görə bilmişdi: gələcək milli qəzetin Azərbaycanın əksər yerlərində oxucularını, yazarlarını, dəstək  verənlərini kəşf etmişdi. O şəxslərin müəyyən qismi sonradan görkəmli ictimai-siyasi xadim, naşir, redaktor,   jurnalist kimi tanınacaqdı.

Bəs, qəzet nəşr etmək arzusu Şamaxı Rus Gimnaziyası şagirdinin vaxtilə bəyənilən, mükafat alan inşasındakı “Azərbaycanda məktəblər açacağam”  idealına zidd deyildi ki? Əsla. “Əkinçi”dən sonra ata-baba yurdunda yeni üsullu məktəb təşkil edəndə də, Nəcəf bəyə “niyə bizim öz teatrımız yoxdur” sualını verməklə kifayətlənməyərək 1873-cü ilin mart ayında M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsərini tamaşaya qoyanda da nəzər-diqqəti yenə qəzetçilikdə idi. Bilirdi ki, məktəb də, teatr da nüfuzedici auditoriya olmalarına baxmayaraq, təbliğat-təşviqat imkanları baxımından qəzetlə bəhsə girə bilməzlər.

Müəllif əsərdə bu fikri əsaslandırmaq üçün zərdablı gəncin Moskvadakı tələbəlik illərinin təsvirlərini verir. Həsən xalqçılığın və digər siyasi cərəyanların tüğyan etdiyi Rusiyada dərc olunan mətbu nəşrlərin, MDU-nun rektoru S.M.Solovyovun şəxsi kitabxanasındakı əsərlərin mütaliəsindən görür ki, media ictimaiyyətə təsir, nüfuz baxımından ən güclü, etibarlı vasitədir.

“Əkinçi”nin icazəsinin hansı səbir və təmkin hesabına, hansı əziyyət sayəsində başa gəlməsinin tarixçəsi ilə tanışlıq gözlərimiz önündə müdrik ağsaqqal simasını canlandırır. Təyinatları Tiflisin, Bakının, Qubanın dövlət idarələrinə verilən, haqsızlıqla barışmayan, buna görə işini, vəzifəsini itirməkdən qorxmayan çılğın, tələbkar Həsən qənaətə gəlir ki, böyük  məqsədlər xatirinə müəyyən güzəştlər heç də qorxaqlıq, uduzmaq deyil, vaxt, imkan qazanmaqdır. Bakı qubernatoru  ağlına da gətirmirdi ki, “paxar” adlandırıb loyal yanaşdığı “Əkinçi” tezliklə az qala bütün Şərqdə ulduz kimi parlayacaq, hakim dairələrin başağrısına çevriləcək, nəşrin ilk sayını gözləyən 400-dən çox abunəçi sevimli qəzetlərinin təbliğindən, məlumatlarının orada təqdimatından qürur hissi keçirəcəklər. Bu həzz cəmi iki il çəkdi, fəqət tariximizdə unudulmaz, möhtəşəm hadisə kimi qaldı. “Əkinçi” raportların, donosların, xüsusilə  erməni-rus canfəşanlığının hesabına nəşrini dayandırsa da, onun mətbu mühitimizə səpdiyi toxum yeni-yeni meyvələrini  yetişdirdi.

Əsərin ikinci hissəsində Həsən bəy kəndə, sözün əsl mənasında, əkinçiliyə qayıtsa da, bu sahənin əvəzsiz mütəxəssisi olduğunu sübut etsə də, Zərdabda  ilk məktəb açsa da, qəlbi, niyyəti bu tribunanın yanında idi. O yenə Bakıya dönəcək, ancaq bu dəfə mahir şahmatçı gedişləri ilə. Baş verənlərə soyuqqanlı və müdrik yanaşma Həsən bəyi Hacı Zeynalabdin Tağıyevlə doğmalaşdırır. Sona xanımın əsərdə təqdim etdiyi Hacı neft və milyonlar səltənətindən cüzi xeyir görən Bakının, bütün Azərbaycanın maddi və mənəvi ehtiyac duyduğu şəxsiyyətlərdəndir. Həmin dövrdə paytaxtda 100 nəfərə yaxın milyonçu olsa da, onların yalnız barmaqla sayılan qədəri milliliyə, xalqın dirçəlişinə, tərəqqisinə maraq  göstəriblər. Əksəriyyətini daha çox Cəmil ağa kimi Parisin, Londonun barları cəzb edib. Həsən bəylə Tağıyevi birləşdirən, tandemə çevirən bu iki görkəmli şəxsiyyətin bir-birini anlaması, ən başlıcası sahibkarın onun ideyalarını əməli köməklə dəstəkləməsi idi. Qəzet təsisinin müşküllüyünü əsas götürən Hacının “Kaspi”ni almaq təklifini bəyənməsi, naşirliyi və redaktorluğu Həsən bəyə həvalə etmək istəməsi də bundan irəli gəlirdi. Lakin H.Zərdabi hakim dairələrin ona münasibətini bildiyindən qəzetə Əlimərdan bəy Topçubaşovun baş redaktorluq etməsini məsləhət görür. Bu addım Hacı kimi bir insanı yuxarıların kin-küdurətlərindən qorunmaq niyyəti güdürdü: “Əkinçi” təqib olunan vaxtlar mən milli qüruru, milli mənafeyi öz şəxsi maraqlarından yuxarı tutan bir dövlətli adam tapa bilmədim deyəm ki, ay vətən oğlu, gəl bu qəzeti al, birgə nəşr edib bu milləti xilas edək. Amma indi dünyadakı mütərəqqi insanlarla tanışlıq, elmin, təhsilin tərəqqəsi imkan verir ki, belə qəzetlər buraxaq. Sanki bizim milyonçularımız da ayılıb, dəyişib”.

“Kaspi”nin uğurunu görənlər qəzet buraxmaq həvəsinə düşürdülər. Sonralar başqa nəşrlərin mətbu mühitimizə daxil olmasında, milli məfkurənin daşıyıcılığı ənənəsinə sadiq qalmalarında bu amilin rolu unudulmamalıdır.

Müəllifin əsərdə Həsən bəyə millilik, türkçülük, islam prizmasından yanaşması da geniş təhlilin mövzusudur. Həsən bəyin “Əkinçi”dən cücərən “Tərcüman”ın naşiri İsmayıl bəy Qaspıralı ilə söhbətlərini dinləyərkən, Əli bəy Hüseynzadə ilə  görüşlərinin “Həyat”ın  yaranmasının təsirinə baxarkən milliliklə bəşəriliyin  daşıyıcısı kimi Bakıya qonaq gələn Maksim Qorkidə, Şalyapində  yaratdığı xoş təəssüratı məntiqi sayırsan.

Əsərdə Bakının çalxalandığı dövrün ictimai-siyasi mənzərəsinin, xüsusilə erməni riyakarlığının və qırğınlarının, eləcə də Bakı Şəhər Dumasında Hacı Zeynalabdin-Həsən bəy Zərdabi-Əlimərdan bəy Topçubaşov üçlüyünün fəaliyyətinin təsviri də olduqca diqqətçəkən və təsirlidir.

Romanı səciyyələndirərkən Hənifə xanım obrazından yan keçmək olmur. Bu, klassik ana-nənələrimizin nəsillərə örnək obrazıdır. Hənifə Həsən bəyin sevib-seçdiyi xanım, maarifçilik tariximizdə əbədi yeri olan xadim, nümunəvi ana, qayğıkeş nənə, bütün məqamlarda dözüm, sədaqət rəmzidir. Gəlin etiraf edək ki, sadaladıqlarımız da əsərin baş qəhrəmanının cəmiyyətdə özünü təsdiqinə, dayanıqlılığına təsirsiz qalmayan amillərdir.

Gəlimli-gedimli dünyada son mənzilə yola salınma mərasiminin özü də nüfuz göstəricisidir. Təsadüfi deyil ki, haqq dünyasına qovuşan, son mənzilə minlərin çiynində gedən şəxsiyyətin bir ailənin, doğma-tanışların yox, bütövlükdə millətin, mütərəqqi bəşəriyyətin itkisi olduğu fikri əsərin son akkordu kimi oxucunu uzun müddət öz təsiri altında saxlayır və düşünməyə məcbur edir.

P.S. Sona xanım Vəliyevanın “İşığa gedən yol” romanı barədə təəssüratımı Milli Mətbuatımızın 141 yaşı ərəfəsində qələmə almışdım. Amma dərcini bilərəkdən peşə bayramından sonraya saxladım, istəmədim ki, təbliğat kimi qarşılansın.

Həmkarlarımın təkliflərinə əsasən, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabinin həyat və yaradıcılığından bəhs edən bu romana görə Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatına layiq görüldü. Bir daha təbrik edirəm!

Əflatun AMAŞOV
Azərbaycan Mətbuat Şurasının sədri, Millət vəkili