Zərdablı müəllimlər imtahan verəcəklər

0
68

Cari ilin noyabr-dekabr aylarında ölkənin 26 rayon və şəhərində dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Təhsil Nazirliyindən  bildiriblər ki, diaqnostik qiymətləndirmədə Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Salyan, Neftçala, Qusar, Quba, Siyəzən, Şabran, Xızı, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir, Ucar, Zərdab, Ağcabədi, Şəmkir, Göygöl, Daşkəsən, Samux, Gədəbəy və Şuşanın ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqavilə ilə çalışan müəllimlər və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq, eləcə də həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər. Ötən il diaqnostik qiymətləndirilmə keçirilən rayon və şəhərlərdə çalışan və müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən və ya işə yeni qəbul olunan müəllimlərə də qiymətləndirmədə iştirak üçün şərait yaradılacaq. Son iki il ərzində Bakı şəhərində və ölkənin 12 bölgəsində dövlət ümumi təhsil müəssisələrində çalışan 60 minədək müəllimin diaqnostik qiymətləndirilməsi keçirilib və onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə iki dəfə artırılıb. Növbəti diaqnostik qiymətləndirmədən sonra əməkhaqqı artırılan müəllimlərin sayının 100 minə çatacağı nəzərdə tutulur.

Zerdab.com