Zərdabın tarixi ilə bağlı yeni faktlar üzə çıxdı – İkinci yazı

0
96

Orta əsr Bərdic şəhəri haqqında

Azərbaycanlı hədis alimi Əbubəkr Əhməd ibn Harun ibn Ruh əl-Bərdici karvan yolu üstündə mühüm ticarət məntəqəsi olmuş və haqqında IΧ-Χ əsr ərəb səyyahlarından İbn Xordadbeh, əl-İstəxri, İbn Havqəl, əl-Müqəddəsi və b. müəlliflərin məlumat verdiyi, qədim Bərdənin 14 fərsəxliyində yerləşən  orta əsr Azərbaycan şəhərində, Bərdicdə dünyaya gəlmişdir. Haqqında danışılan azərbaycanlı alimin Bərdic şəhərinə mənsub olduğunu onun adının sonundakı əl-Bərdici (Bərdicli vəya Bərdicə mənsub) ifadəsindən də anlamaq mümkündür. Əhməd ibn Harun əl-Bərdicinin doğulduğu tarix dəqiq bilinmir. Mühəddisin hicri 230 (miladi 845)-cu ildə və ya bundan əvvəl doğulduğu ehtimal olunur. Azərbaycanlı mühəddis Yaxın Şərq ölkələrində elmi araşdırmalar aparmış, Nişapur, İsfahan, Bağdad və Məkkədə yaşamışdır. Əhməd ibn Harun ibn Ruh əl-Bərdici hicrətin 301 (m. 914)-ci ilinin Ramazan ayında Bağdad şəhərində vəfat etmişdir [9, 209-212; 10, 101-102].

Bərdicli alimin hədis elminə aid 6 kitabı məlumdur: 1) Əl-Kəbair; 2) Tabaqat əl-Əsma əl-mufrədə min əs-səhabə və ət-tabiin və əshab əl-hədis; 3) Mərifət əl-muttəsil min əl-hədis vəl-mursəl vəl-məqtu və bəyan ət-turuq əs-səhihə; 4) Əl-Mərasil; 5) Əl-Fəvaid; 6) Əl-Cərh vət-Tədil [9, 213; 10, 101-102].

“Tarixi-Nişapur” adlı əsərində əs-Səmani Nişapura gəlmiş üç azərbaycanlı alimin içərisində ikinci Əbu Bəkr Əhməd ibn Harun əl-Bərdicinin adını çəkir [11, 268]. Əs-Səmaninin verdiyi məlumatdan aydın olur ki, Yaqut əl-Həməvi Bərdici Kür sahilində təsvir edərək Bağdadın Dəclə sahilində yerləşdiyinə oxşatmasını məhz həmin müəllifə istinadən yazmışdır [11, 271]. Alimin həyatına baxdıqda onun anadan olduğu yerin lokalizəsi məsələsində də müəyyən dəqiqləşdirmələr aparmaq mümkündür.

Bərdic şəhərindən olan digər bir hədis alimi, həmçinin, ərəb filologiyası sahəsində mütəxəssis Əbu Bəkr Firuz Bərdici olmuşdur. İbnü’s-Səlah (öl. 1245) “Ülumu’l-Hədis”adlı əsərini qələmə alarkən onun risalələrindən faydalanmışdı. Ölüm tarixi məlum deyil. Təqribən IX-X əsrlərdə yaşamışdır [10, 103].

Bəzi tədqiqatçılar şəhərin Kürün sağ sahilində yerləşdiyini də yazır. Ticarət yollarının ardıcıllığı bu məsələdə əhəmiyyətli yer tutur. Lakin bu zaman onlar Bərdici Bərzənclə qarışdırmışlar. Bərdic məhz indiki Yuxarı Seyyidlər kəndinin yaxınlığında Kürün üstündə yerləşmişdir. Sadəcə olaraq Kür çayı əsrlər boyu öz yatağını dəyişərək cənuba doğru çəkilmiş, nəticədə köhnə yatağın yerində axmazlar qalmış və Bərdic şəhərinin xarabalıqları olan Yerağzı yaşayış yeri Kür çayından qismən şimalda qalmışdır. Əl-İstəxri Kür çayının Bərdənin 1/3 fərsəxliyindən keçdiyini yazır [12, 47]. Yaqut əl-Həməvinin vəəl-İstəxrinin qeydlərinə görə yuxarıda söylədiyim məlumata əsasən, Bərzənc Kür çayının sağ sahilində göstərilirsə də, Hüdud əl-aləmə görə sol sahilindədir [8]. Çünki mənbədə Bərdic şəhərinin adı Qəbələdən sonra kiçik şəhər kimi Arran şəhərləri sırasında verilir [8, 145]. Hüdud əl-aləmə görə, Bərzənd [8, 143] və Bərdic [8, 145] ayrı-ayrı şəhərlərdir. Mənbədə Bərdic adı Qəbələdən sonra Arran şəhərləri sırasında çəkilir və kiçik şəhər olduğu qeyd edilir [8, 145]. Bəlazuri və İbn əl-Fəqihdə Bərdic adı ilə göstərilən keçidin isə tədqiq etdiyimiz əraziyə uyğun gəldiyini söyləyə bilərik.

Lakin Salman ibn Rəbiənin Şəmkirdən qayıdaraq birbaşa Bərdicdən keçib Qəbələyə getməsi yazılır. Belə olduğu halda ordunun yuxarıda deyildiyi kimi uzun yolla Arazla Kürün qovuşduğu yerə gəlib, buradan geri qayıtması mümkün deyil. Ərazinin düzənlik relyefi baxımından ən qısa yol məhz Türyançay sahilindən ola bilərdi.

Bir sözlə, qeyd edək ki, Bərdic və Bərzənd müxtəlif şəhərlərdir və Bərdic Kür çayının üstündə lokalizə edildiyi halda Bərzəndi bu cür yerləşdirmək olmaz. Ət-Təbəri [2, 77], Əl-İstəxri [2, 105] və Əbu Duləfdə [2, 112] haqqında məlumat verilmiş Bərzənd qeyd etdiyimiz kimi cənubda yerləşir.

Şəhərin yerinin müəyyənləşdirilməsində orta əsr ticarət yollarının mənbə məlumatlarında qeyd olunan məsafələri önəmli yer tutur. Bərdədən Dərbəndə gedən ticarət yolunun təsviri belədir: Əl-İstəxriyə görə: “Bərdədən Bərdicə 18 fərsəx, Bərzənddən Kür bərəsinə və Şamaxıya 14 fərsəx, Şamaxıdan Şirvana 3 gün, Şirvandan Lahicana 2 gün, Lahicandan Samur körpüsünə 12 fərsəx, Samur körpüsündən Bab ül-Əbvaba 20 fərsəxdir”.

İbn Havqələ görə: “Bərdədən Kür kənarında böyük Bərdic şəhərinə 18 fərsəx, Bərdicdən Kürü keçərək Şamaxıya 14 fərsəx, Şamaxıdan Şirvana 3 gün, Şirvandan Lahicana 2 gün, Lahicandan Samur körpüsünə 12 fərsəx, Samur körpüsündən Bab ül-Əbvaba 20 fərsəxdir. Cəmi təqribən 90 fərsəxdir”. Kudama bildirir: “Bərdədən Bab ül-Əbvaba 15 mənzildir”.

İdrisi yazır: “Bərdədən Barduca 54 mil, Barducdan Şamaxıya 42 mil, Şamaxıdan Şirvana 3 mənzil, Şirvandan Lahicana 2 mənzil, Lahicandan Samur körpüsünə 36 mil, sonra da Bab ül-Əbvaba 60 mildir. Cəmi 300 mil yoldur”.Məsafələrə nəzər salaq: 1 fərsəx = 12 min addım = 6-7 km = 3 mil [13, 458]; 1 mənzil = 1 karvan günü = 30 km = 1 gün [13, 457]; 1 mil = 1/3 fərsəx = 1,6 km = 2 km = 2 min addım [13, 458]. Beləliklə, bu halda Bərdic şəhərinin Türyançaya yaxın yerdə yerləşdiyi qənaətinə gəlmək mümkündür.

Fikrimizcə, yuxarıda sadalanan bütün bu məlumatlar daha çox Yerağzı yaşayış yerinə uyğun gəlir və orta əsr Bərdic şəhərinin də məhz orada olması mümkün idi [14; 15; 16].

Yazının əvvəli bu linkdə: http://www.zerdab.com/z%C9%99rdabin-tarixi-il%C9%99-bagli-yeni-faktlar-uz%C9%99-cixdi-ilk-d%C9%99f%C9%99-zerdab-com-da/

Taleh Vasif oğlu Əliyev, tarix üzrə fəlsəfə doktoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi

taleh.ali@mail.ru

Qeyd: Yazıdan istifadə edərkən Zerdab.com saytına istinad olunmalıdır.

İstifadə olunmuş ədəbiyyatın siyahısı:

  1. Zərdab – Regional sosial-iqtisadi inkişaf (tarixi faktlar, reallıqlar və inkişaf meylləri), Bakı, “İdeal-print”, 2010, 307 s.
  2. Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989, 487 s.
  3. Vəlixanlı N.M. Ərəb xilafəti və Azərbaycan, Bakı, Azərnəşr, 1993, 157 s.
  4. Якут ал-Хамави «Муджам ал-булдан», Сведения об Азербайджане (Перевод с арабского З.М.Буниятова и П.К.Жузе), Баку, Издательство “Элм”, 1983, 15 с.
  5. Ибн Хаукал Книга путей и царств. (Пер. Н.А.Караулова), СМОМПК, ХХХВЫЫЫ выпуск, Москва, 1908, с. 78-128
  6. КарауловН.А.Сведения арабских писателей X и XI веков по Р. Хр. о Кавказе: Арран и Адербейджане // Сборник материалов для описания местностей и племен Кавказа, Вып. 29-38, Тифлис, 1901-1908, 122 c.
  7. Мурадалиева Э. Города Кавказа на Великом Шелковом пути, Баку, “Кавказ”, 2011, 200 с.
  8. Hudud al-Alam, The regions of the World, A Persian Geography 372 AD – 982 AD / Tr. andexpl. byV.F.Minorsky, 166 pp.
  9. Əlimuradov İ.Ə. Azərbaycanlı mühəddis Əhməd ibn Harun əl-Bərdici // BDU İlahiyyat fakültəsinin Elmi məcmuəsi, Bakı, 2007, N 8, s. 207-218
  10. Nəsirov E. Orta əsrlərdə yaşamış azərbaycanlı alimlər, Bakı, 2011, 472 s.
  11. Əliyeva N.A. Əs-Səmaninin “Kitab əl-Ənsab” əsərinin Azərbaycan bölməsinin əsas mənbələri // Tarix və onun problemləri, N 2, 2010, s. 267-272
  12. Məmmədov A.M., Cəfərov P., Hasilov Ş., Əliyev T.V. Dünya ticarətində Bərdə şəhərinin rolu // Azərbaycan Arxeologiyası və Etnoqrafiyası, Bakı, 2005, N 2, s. 47-52
  13. Azərbaycan Etnoqrafiyası, Bakı, “Şərq-Qərb”, 2007, III cild, 568 s.
  14. Əliyev T.V. Əlican və Türyançay hövzəsinin memorial abidələri // AAE, Bakı, 2013, N 1, s. 65-71
  15. Əliyev T.V. Zərdab rayonuna ezamiyyətin nəticələri haqqında hesabat, Bakı, 2013, AMEA AEİEAF, № h – 555, 4 s.
  16. Əliyev T.V. Əlican və Türyançay hövzəsinin tarixi-arxeoloji tədqiqi (IV-XIII əsrlər) // tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferaratı, Bakı, 2014, 22 s.