Zərdabda Şəhidlər Xiyabanı niyə bu vəziyyətdədir? FOTOLAR

0
106

“Bakıdan rayonumuza getmişdim. Zərdab Şəhər Şəhidlər Xiyabanını ailə üzvlərimlə birgə ziyarət etməyi özümə borc bildim. Fotolarda gördüyünüz bu mənzərəni real vəziyyətdə görəndə çox sarsıldım”. “Yeniavaz.com” saytı xəbər verir ki, bunu əslən Zərdab rayonundan olan, hazırda Bakı şəhərində yaşayan Ramin Cavadov adlı şəxs bildirib.

“Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş ata və qardaşlarımızın qəbrləri və ümumi xiyabanın ərazisi çox bərbad gündədir. Təsəvvür edin, Xiyabanın ərazisindəki bütün daş plitələr uçub sökülmüş haldadır. Normal ziyarət etmək olmur. Haşiyədən çıxaraq onu da bildirim ki, ayağımın altındakı daş plitə sürüşdüyündən yıxılıb ayağımı çox bərk əzdim. Şəkildə gördüyünüz bu baş daşının kimə məxsus olduğunu isə çox təəssüf ki,

yıxıldığından oxuya bilmədim. Bilmirəm, fikrimi nə dərəcədə çatdıra bildim, amma bir şeyi bilirəm ki, vətənimizin və azadlığımızın uğrunda canlarından keçmiş ata və qardaşlarımızın Xiyabanı belə olmalı deyil. Aidiyyəti orqanlardan xahiş edirəm ki, Xiyabanın abadlaşdırılması haqqında bir tədbir görsünlər. İnanıram ki, onlar bu məsələyə laqeyid qalmazlar. Növbəti gəlişimizdə abadlaşmış və böyüməmiş Şəhidlər Xiyabanı görmək istəyirəm”,-deyə o vurğulayıb.

Ramin Cavadov dediklərinə sübut kimi Şəhidlər Xiyabanının ərazisindən çəkilmiş fotoları da təqdim edib.