Həmyerlimiz Eysun Xancanovun böyük uğuru – dünya çempionatında yer tutdu

0
79

Zərdabın yetirmələri arasında həm ölkədaxili, həm də beynəlxalq yarışlarda uğur qazanan, ölkəmizin bayrağını şərəflə dalğalandıran idmançılar çoxdur. Onlardan bəziləri hazırda rayonumuzda, bəziləri isə digər şəhərlərdə yaşayır və bu şərəfli işlərini uğurla davam etdirirlər. Belə idmançılardan biri də Zərdab rayonunun Qoruqbağı kəndində qeydiyyatda olan Eysun Xancanovdur. Eysun Xancanovun atası əslən Zərdab rayonunun Məlikli, anası isə Qoruqbağı kəndindəndir. Atası hazırda biznesmen olaraq Rusiyada fəaliyyətini davam etdirir…

İdmanın futbol və qaydasız döyüş növü ilə məşğul olan Eysun Xancanov bir neçə gün öncə Gürcüstanda keçirilən dünya çempionatında 2-ci yeri tutub. Bu mərhələyədək rəqiblərini məğlub edən Eysun mükafatçılardan biri olub. Onun bacısı Aytən Xancanova da peşəkar idmanla məşğul olur. Aytən isə dünya çempionatında 1-ci yerin qalibi olub. Onların bu uğuru Gənclər və İdman Nazirliyi tərəfindən də mükafatlandırılıb.

Eysun Xancanov hazırda Yunanıstanda keçiriləcək növbəti beynəlxalq yarışa hazırlaşır.

Zerdab.com saytına açıqlamasında Eysun Xancanov bundan sonra da rayonumuzu, ölkəmizi şərəflə təmsil edəcəyini, adını uca tutacağını bildirdi: “Valideynlərimin də əziyyəti üzərimdə böyükdür. Həmişə çalışıram ki, mənə olan etimadı doğruldum. Müəllimlərimin əziyyətini itirməməyə çalışıram. Hazırda yeni yarışlara uğurla hazırlaşırıq. İnanıram ki, daha da yaxşı nəticələr əldə edəcəyik. Zerdab.com saytını və onun “facebook” səhifəsini həmişə – həm xaricdə olanda, həm də Azərbaycanda izləyirəm. Sağ olun ki, məni rayonumuzun insanlarına yaxından tanıtdırır və məni sevindirirsiniz. İnşallah, daha böyük uğurların irəlidə olduğuna inanıram”.