85 yaşın mübarək, el-obanın dağ vüqarlı ağsaqqalı!

0
77

İnsan dünyada yalnız yaşamaq xatirinə deyil, eyni zamanda yaşatmaq və yaratmaq xatirinə yaşayır. Biz bu keyfiyyətləri rayonumuzun tanınmış ziyalısı, əmək veteranı, el ağsaqqalı Hüseyn Həsənovun timsalında da aydın görürük.
O, dağ vüqarı ilə sanki insanı ucalığa səsləyən bir dağdır. Əmək fəaliyyəti sayəsində qazandığı uğurlar, fəxri titullar və xeyirxah əməlləri onu gözlərimizdə əsl qəhrəman səviyyəsinə qaldırmışdır.
Uzun müddət müxtəlif məsul vəzifələrdə calışan, ömrü el-obasına xidmətdə keçən Hüseyn müəllim bu gün də rayon ictimaiyyətinin sevimlisi kimi mötəbər tədbirlərə dəvət alır, el arasında özünəməxsus dəst-xətti olması ilə nümunə göstərilir.
Mənalı sətirlərlə naxışlanmış şərəfli ömür yolu gənc nəsil üçün örnək, həyat məktəbi olan bu fədakar insan daim dəyərli məsləhətləri, öyüd-nəsihətləri ilə gənclərin qəlbində vətən sevgisini daha da alovlandırır, onları el-obanın layiqli, fədakar övladları olmağa səfərbər edir.
Yanvarın 24-də Hüseyn Həsənovun 85 yaşı tamam olacaq. 1933-cü ildə Zərdab şəhərində anadan olan bu müdrik insan 11 yaşında ikən ailə vəziyyəti ilə əlaqədar Zərdab rayon partiya komitəsində kuryer vəzifəsinə qəbul edilib. Komsomol və həmkarlar təşkilatlarının üzvü olmuş, rayon komsomol komitəsində ikinci katib işləmiş, Bakı Ali Hərbi Məktəbini bitirərək hərbi qulluqda kapitan rütbəsinə qədər yüksəlmişdir, həm də keçmiş SSRİ-nin I dərəcəli alpinistidir. O, 1957-ci ildə doğma Zərdaba qayıtmış və rayon partiya komitəsinin təlimatçısı, komsomol komitəsinin ikinci katibi, rayon partiya təşkilatı nəzarət komitəsinin sədri, partiya komitəsində vahid partiya uçotu şobəsinin müdiri, Ucar rayon kənd istehsalat partiya komitəsi təşkilat şöbəsinin təlimatçısı vəzifələrində çalışmış, paralel olaraq indiki Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
Bundan sonra isə uzun illər Zərdab rayon partiya komitəsinin ikinci katibi işləmişdir.
Həyatı boyu şərəflə çalışan Hüseyn müəllim həmçinin rayon sığorta müfəttişliyinin rəisi, rayon İH başçısının Zərdab şəhəri üzrə nümayəndəsi, sahibkarlıq və elm-istehsalat müəssisələri müstəqil həmkarlar ittifaqı Zərdab rayon komitəsinin sədri olmuşdur.
Hazırda təqaüddə olan Hüseyn Həsənov çalışdığı müddətdə “Şərəf nişanı” ordeninə, 10-dan çox medal və döş nişanına, yüzə yaxın fəxri fərman və mükafatlara layiq görülmüşdür.
85 yaşın mübarək, Hüseyn müəllim! Allah sizə ömür-gün yoldaşınız, tibb veteranı Minirə xanımla bərabər100 yaşınızı bayram etməyi nəsib eləsin!
Bu şeiri isə sənin şərəfli ömür yoluna həsr etdim, Hüseyn müəllim!

YAŞAYASAN YÜZ İL SƏNİ!
Sevinc hissin aşıb-daşır,
Bu hal sənə çox yaraşır,
Şeir deyir, nəğmə qoşur,
Vəsf eləyir könül səni.

Çatmısan müdrik yaşına,
Uğurlar çıxıb qarşına,
Həkk edibdi yaddaşına
Güvəndiyin bu il səni.

Savaşlarda bərkimisən,
Əvvəlkitək nər kimisən,
Ər sözünün hakimisən,
Belə gördüm hər il səni.

El-obaya oldun gərək,
Saf niyyətin açdı çiçək,
Ötər solmaz bir nəğmətək
Dodaq səni, bu dil səni.

Ötürdükcə günü, ayı,
Qazanmısan sevinc payı.
Qorxutmadı ömrün boyu
Nə qar səni, nə sel səni,

Sən ki yollar keçdin çətin,
Tükənmədi cəsarətin.
Əziz anan məğrur, mətin
Doğubmuş elə bil səni.

Hara getdin, dost-tanışın,
Sənə açdı öz ağuşun.
Səksən beşdir indi yaşın,
Yaşayasan yüz il səni!

Mübariz SƏFİYAROĞLU,
Zərdab şəhərindəki H.B. Zərdabi muzeyinin əməkdaşı, şair-publisist.