Həsən bəy Zərdabinin həyat yoldaşı ilə bağlı yeni faktlar üzə çıxıb

0
208

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Hənifə xanım Abayeva – Məlikovanın doğulduğu Ter vilayəti, Nalçik İdarəsinin Kabarda-Balkar Elinin Günnüm kəndində gətirdiyi kitabı və nadir fotoşəkilləri Həsən bəy Zərdabi Muzeyinə hədiyyə edib.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev bu ilin yanvarında Yessentuki şəhərində istirahətdə olarkən Həsən bəy Zərdabinin ömür-gün yoldaşı Hənifə xanım Abayeva-Məlikova Zərdabinin həmyerlisi və qohumu Misirov Mustafa Hüseyeviçlə tanış olmuş və Mustafa bəy Lütvəli müəllimi Hənifə xanımın doğma kəndi Günnümə dəvət etmişdir. Dahi həmyerlimizin xanımının doğulduğu aulu öz gözləri ilə görmək istəyi ilə Lütvəli Babayev bu təklifi məmnuniyyətlə qəbul etmiş və 2018-ci il yanvarın 13-də həmin kəndi ziyarət edərək, oradan şəkillər də çəkmişdir. Mustafa bəy həmyerlisi və qohumu Hənifə xanımın həyat yoldaşının elindən gələn qonağı böyük hörmət və ehtiramla qarşılamış, ona T. Ş. Bittirova və Hacımurad Sabançiyevin “Misost Abayev” kitabını, Hənifə xanımın doğulduğu, bu gün isə tikililərinin yalnız izləri qalan Günnüm aulunun 1936-cı ildə çəkilmiş fotosunu hədiyyə etmişdir. Kitabda Hənifə xanımın mənsub olduğu Abayevlər nəslinin tarixdə dərin izlər qoyan övladlarının həyatından maraqlı yazılar və Azərbaycanda heç kəsə məlum olmayan və heç yerdə dərc edilməyən nadir fotoşəkillər verilmişdir. Kitabda Hənifə xanımın da adı çəkilir və fotoşəkillərinə də geniş yer verilir. Məlum olur ki, Hənifə xanımın yaxın qohumu Misost Abayev Qaraçay və Kabarda-Balkarın ilk peşəkar tarixçisi, ictimai xadimi, maarifçisi, jurnalisti, araşdırmaçısıdır. Onun qızı Fatimə Abayeva 1922-ci ildən Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində təhsil almış, universiteti bitirəndə partiya işi və müəllimlik üçün Bakıya göndərilmiş, Azərbaycan qadınlarının təhsil alması, maariflənməsi üçün yaxın qohumu Hənifə xanım Abayeva-Məlikova Zərdabi ilə bərabər böyük işlər görmüşdür. Misost Abayevin oğlu İsmayl Şimali Qafqazın ilk həkimlərindən biri imiş. Kiyev Tibb İnstitutunu bitirmiş, I Dünya müharibəsinin iştirakçısı olmuş, Kabarda-Balkarda Sovet hakimiyyəti qurulandan sonra burada səhiyyə sahəsinə ilk dəfə o rəhbərlik etmiş, Kabarda-Balkarın Moskvadakı nümayəndəliyi rəhbərinin müavini işləmiş, jurnalist kimi də böyük şöhrət qazanmışdır. M. Abayevin nəticəsi Yevgeni Almazov Moskvanın məşhur musiqiçisi, Moskva klassik musiqi ansamblının bədii rəhbəri və dirijorudur. Yevgeninin qızı Səfiyyə Zaltsburq Konservatoriyasını bitirmişdir, Vyana Opera Teatrının solistidir. Misostun nəvəsi Dauta Abayeva Balkar qadınları arasında ilk elmlər namizədidir, Timiryazev adına Akademiyanı bitirmişdir və həmin akademiyada çalışır. Təəssüflər olsun ki, H. Zərdabinin ailə üzvləri və qohumları kimi, Abayevlər də bolşevik repressiyalarına məruz qalmış, yalançı ittihamlarla bəziləri hətta güllələnmişlər.

Hənifə Xanım-Günnüm

Şəkil 1. Hənifə Xanımın doğma kəndi Günnümün bu fotoşəkli 1936-cı ildə çəkilmişdir.

Lutevli-Babayev-Günnüm kəndiGunnum kendi-Henife AbayevaŞəkil 2. Əhalinin çoxdan tərk etdiyi Günnüm kəndinin indiki mənzərəsi (bu fotoşəkilləri Lütvəli Babayev 2018-ci il yanvarın 13-də, qarlı-çovğunlu bir gündə çəkmişdir).

Hənifə Xanım Abiyeva

Şəkil 3. Hənifə xanımın ata yurdunda çəkilmiş fotosu (qucağındakı qızı Pəri xanımdır).

 

Hesen bey Zerdabi Muzeyi

 

Şəkil 4. Abayevlər ailəsindən yadigar qalan bu fotoşəkil də Hənifə xanımın ata yurdunda çəkilmişdir. Sağdan 1-ci Həsən bəy Zərdabinin böyük qızı Pəri xanımı, tən ortada isə Hənifə xanımı görürsünüz.

Şəkil 5. Hənifə xanım atasının qohumları ilə doğma eldə (stulda əyləşib).

Şəkil 6. Bu şəkildə sağdan 1-ci Hənifə xanımı, 2-ci Pəri xanımı, ortada isə İsmayıl və Misost Abayevləri görürsünüz.

Hənifə Xanım Abiyeva- aile

Şəkil 7. Sağdan 1-ci, ayaq üstə dayanan H. B. Zərdabinin kiçik qızı Qəribsoltan xanımdır. Digər xanımlar isə Misost Abayevin qızları Səfiyyət, Lalə, Fatimə və Mədinə Həmzət qızıdır.

Şəkil 8. Misost Abayevin nəticəsi, Moskvanın məşhur musiqi ifaçısı və dirijoru Yevgeni Almazov Vyana opera teatrının solisti olan qızı Səfiyyə xanımla.

İsaməddin ƏHMƏDOV, “Əkinçi” qəzetinin redaktoru