Prezidentə Zərdabla bağlı verdiyi sərəncama görə təşəkkür – MƏKTUB

0
86

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Zərdab rayonunun Ucar-Zərdab-Ağcabədi (21 km)-Birinci Alıcanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sənədə əsasən, 2 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ucar-Zərdab-Ağcabədi (21 km)-Birinci Alıcanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,6 milyon (dörd milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Prezidentin sərəncamı ilə sözügedən yolun təmir edilməsi xəbəri həm rayonumuzda yaşayanların, həm də əslən Zərdab rayonundan olan insanların sevincinə səbəb olub.

Hazırda Mingəçevir şəhərində yaşayan, əslən Zərdab rayonunun Alıcanlı kəndindən olan 20-ə yaxın həmyerlimiz yolun təmiri ilə bağlı verdiyi sərəncama görə, Prezident İlham Əliyevə təşəkkür məktubu yazıblar. Onlar həmin məktubun bir nüsxəsini Zerdab.com saytına göndəriblər. Əlavə şərh vermədən həmin məktubu olduğu kimi təqdim edirik:

  • Möhtərəm cənab Prezident, Sizin həyata keçirdiyiniz uğurlu siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə əmin-amanlıq mövcuddur. Bütün sahələrdəki dinamik inkişaf və nail olduğumuz sabitlik respublikada sosial-iqtisadi mühiti daha da saflaşdırıb. Siz daim regionlara, müxtəlif şəhər və rayonlara, kəndlərə səfərlər edərək aparılan abadlıq-quruculuq, tikinti işləri, infrastruktur layihələrinin icrası ilə yaxından tanış olur, göstəriş və tövsiyələrini verir, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının həyata keçirilməsini daim diqqət mərkəzində saxlayırsınız. Bölgələrimizdə ölkə əhəmiyyətli obyektlərin inşası istiqamətində müvafiq sərəncamlarınız və işlərin icrasını daim diqqətdə saxlamağınız xalq ilə Prezident arasındakı inam və etimadın parlaq nümunəsini təcəssüm etdirir.

Siz ölkəmizdə kənd yollarının tikintisinə və yenidən qurulmasına xüsusi diqqət göstərirsiniz. İmzaladığınız onlarca sərəncam əsasında respublikanın kəndlərinə yeni yollar çəkilib, kənd camaatının rahat gediş-gəlişi təmin edilib. Bu xoş məramdan bizə də böyük pay düşüb.

Sizin ali rəhbərliyinizlə bütün bölgələr, o cümlədən Zərdab rayonu özünün davamlı sosial-iqtisadi inkişafına nail olub, tapşırıqlarınız, sərəncam və göstərişləriniz rayonda yüksək səviyyədə icra edilir. Zərdab rayonunda olan Birinci Alıcanlı, İkinci Alıcanlı və Cüleyxanlı kəndlərini birləşdirən kəndlərarası avtomobil yolunun çəkilişi üçün verdiyiniz Sərəncam bizi çox sevindirdi. Sakinlər tərəfindən çox səmimiyyətlə və sevinclə qarşılandı. Bu yol bizim ailələrin, uşaqların, qocaların, xəstə insanların narahatçılığına son qoyacaq. Ən başlıcası, bu yol kənd əhalisinin rahat gediş-gəlişini təmin edəcək, məhsulların bazarlara vaxtında çatdırılmasını asanlaşdıracaq.

Biz, Zərdab rayonunun Birinci Alıcanlı, İkinci Alıcanlı və Cüleyxanlı kəndlərində yaşayan sakinlər Sizə dərin minnətdarlığımızı, səmimi hörmət və ehtiramımızı bildiririk. Çünki Siz hər bir Azərbaycan vətəndaşının yaxşı, rahat yaşaması üçün əlinizdən gələni edirsiniz. Respublikamızın hər bir bölgəsində qaz kəmərləri, içməli su xətləri çəkilir, enerji təchizatı yaxşılaşdırılır, müasir məktəblər və xəstəxanalar tikilir, yollar asfaltlanır.

Sizin uğurlu sosial-iqtisadi siyasətiniz sayəsində şəhər və rayonlarla yanaşı, kəndlərdə də insanların problemləri öz müsbət həllini tapır. Bizim Zərdab rayonunun Birinci Alıcanlı, İkinci Alıcanlı və Cüleyxanlı kəndlərinin əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Artıq Zərdab rayon mərkəzində olduğu kimi, yaşadığımız  Birinci Alıcanlı, İkinci Alıcanlı və Cüleyxanlı kəndlərində də daimi su, işıq və təbii qaz var. Cənab Prezident, biz kəndlilərə göstərdiyiniz diqqət və qayğıya görə bir daha Sizə minnətdarlığımızı bildirir, möhkəm cansağlığı arzulayırıq. Hörmətli cənab Prezident, bu xoş günləri bizə bəxş etdiyinizə görə Sizə – respublikamızda son 15 ildə baş verən sosial-iqtisadi inkişafın memarına, dərin təşəkkürümüzü, minnətdarlığımızı, sevgilərimizi bildiririk.

Əziz və hörmətli Prezidentimiz, kəndimizə yeni yolun çəkilməsinə görə bütün sakinlər adından Sizə dərin minnətdarlığımızı bildiririk. Bu yol bizim üçün önəmli olduğundan çox sevinirik. Allah da Sizi sevindirsin və bütün arzularınıza çatdırsın.

Biz bir vətəndaş kimi, həmçinin əslən Zərdab rayonu Alıcanlı kəndindən olduğumuz üçün, bu qayğıya, səmimiliyə görə Sizə sonsuz təşəkkürümü bildirir və gələcək fəaliyyətinizdə tükənməz enerji və yeni-yeni uğurlar arzulayıram.

Azərbaycanın inkişafı, xalqımızın xoşbəxtliyi istiqamətində fəaliyyətiniz yolunda Sizə və hörmətli Mehriban xanıma möhkəm cansağlığı, tükənməz el məhəbbəti arzulayırıq.

Allah Sizi və ailənizi qorusun.

Hörmətlə, Mingəçevir şəhərində yaşayan, əslən Zərdab rayonu Alıcanlı kəndindən olan İsmayılov İlham, Manaflı Gülbikə, İsmayılov Nəriman, Şükürov Ağasən, İsmayılova Aidə və başqaları

(Cəmi 20 – nəfər)