Zərdabda torpaqların dəqiq uçotu müəyyən edilib

0
56
Torpaq idarəçiliyində mühüm layihələrdən olan elektron kadastr uçot işlərinin nəticəsində ölkədə torpaq fondunun idarə edilməsi elmi əsaslarla aparılır, torpaq balansı dəqiqləşir. Bundan başqa regionların hüdudları daxilində torpaqların sərhədləri müəyyənləşir, dövlət nəzarəti müasir dövrün prinsiplərinə uyğunlaşır.
Əmlak Məsələləri Dövlət Komitəsindən Zerdab.com-a verilən xəbərə görə, eyni zamanda torpaqların münbitlik dərəcəsi öyrənilir, aqrar sahənin inkişafı ilə bağlı düzgün qərarlar qəbul edilir. Artıq bu işlər nəticəsində torpaqlardan təyinatı üzrə istifadənin vəziyyəti ilə bağlı məlumatlar daha rahat və dəqiq əldə edilir. Mülkiyyətçilərin sahib olduğu torpaqdan əlavə ərazini qanunsuz olaraq istifadə etmələri aradan qaldırılır. Bütün bunlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi nəticəsində reallaşır.

Hazırda müasir metodlardan, beynəlxalq təcrübədən, innovativ texniki imkanlardan istifadə edərək torpaqların elektron kadastr işləri bir neçə rayonda bitib. Sistemə daxil olan növbəti rayon Zərdabdır. Nəticədə həmin rayonda torpaqların real vəziyyətini əks etdirən uçot sisteminin istifadəsinə start verildi. Bu məqsədlə Zərdab rayonunda görülən işlərin nəticələri, sistemin istifadə qaydaları ilə bağlı İşgüzar Forum keçirilib. Komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə bu layihənin nəticələri, üstünlükləri və gələcək perspektivləri müzakirə olundu. Uçot işlərinin real şəraitdə tətbiqi mexanizmi onlara əyani şəkildə göstərilib, layihənin rayonda torpaqların səmərəli idarəsi və istifadəsinə göstərəcəyi müsbət təsirlər izah edilib. Bu günə qədər bu layihənin praktiki istifadəsi 10 rayonda reallaşıb.

Zərdab rayonunda yekunlaşan torpaqların elektron kadastr uçotunun həyata keçirilməsi ilə bələdiyyələrin mülkiyyətində olan torpaqların dəqiq sərhədləri, miqyası, istifadə təyinatı müəyyənləşir. Eyni zamanda torpaqların ümumi həcmində dövlət və özəl torpaqların xüsusi payı təyin edilir. Layihənin həyata keçirilməsi bölgədə bələdiyyə, relyef, meyillilik xəritələrinin də tərtib edilməsini mümkün edib. Eyni zamanda, torpaqların müqayisəli qiymətləndirilməsini, bonitirovkasını həyata keçirməyə imkan verən xəritələr də mütəxəssislər tərəfindən hazırlanıb.

Reallaşan uçot işləri Zərdab rayonunun bələdiyyə hüdudları daxilində torpaq islahatına cəlb edilmiş 70 min hektara yaxın torpaq sahəsinin mövcudluğunu öyrənməyə imkan verib. Bəlli olub ki, 21,6 min hektar bələdiyyə, 16,8 min hektar dövlət, 26,4 min hektar sahə özəl torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 50 min hektara yaxını (75%-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 34 min hektarını əkin sahələri təşkil edir. Uçot işləri zamanı müəyyən edilib ki, torpaq payı almış ailələrdən 7 minə yaxınının torpaq sahəsinin ölçüləri 1 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq ərazisinin konsolidasiyasına, birləşməsinə ehtiyac vardır.

Bu işlər nəticəsində əmlaka dair çıxarışların verilməsi və digər qeydiyyat xidmətləri də vətəndaşlara sadə və sürətli formada göstəriləcək. Belə ki, rayon ərazilərində yerləşən daşınmaz əmlaklar barədə məlumatlar bazaya daxil edilib.

Görülən işlərlə paralel olaraq rayonunun torpaq xəritəsi, yay otlaqlarının geobotaniki xəritəsi, eləcə də eroziya xəritələri tərtib edilib. Bununla hansı ərazilərin münbit olduğunu, hansı torpaqların şorlaşmaya məruz qaldığını müəyyən etmək olur. Kəndli isə alacağı torpaqda hansı növ fermer təsərrüfatı ilə məşğul olacağını planlaşdıra bilir, torpağın aqrar sahədəki yararlılıq dərəcəsi mülkiyyətçiyə bəlli olur.