Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. Qarabağ müharibəsinin və Aprel döyüşlərinin iştirakçısı Elşən Qarayev 1973-cü ildə Zərdab şəhərində doğulub. 1990-cı ildə orta məktəbi bitirdikdən sonra Gürcüstana gedərək, Tbilisi Ali Artilleriya Məktəbinə daxil olub. İctimai-siyasi vəziyyət gərginləşdiyindən 6 ay sonra Azərbaycana qayıdıb və Bakı Ümumqoşun Komandirləri Ali Hərbi Məktəbində təhsilini davam etdirib.
3-cü kursda oxuyarkən bir qrup kursantla könüllü olaraq Qarabağ uğrunda döyüşlərə yollanıb. 45 gün Ağdam cəbhəsində, Qərvənd kəndi uğrunda gedən gərgin döyüşlərdə iştirak edib.
1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında əsl vətənpərvərlik nümunəsi göstərib. 1995-ci ildə Bakı-Moskva sürət qatarında axtarış zamanı partlayıcı qurğu aşkarladığına görə Müdafiə naziri tərəfindən mükafatlandırılıb. 20 ilə yaxın cəbhə bölgələrində xidmət edib. Tağım komandirliyindən briqadanın mühəndis xidməti rəisi vəzifəsinədək yüksəlib.
2016-cı il Aprel döyüşlərində döyüşdə şəhid olan zabit və əsgərlərimizin nəşini döyüş bölgəsindən çıxarılmasında iştirak edib.
Lələtəpə döyüşünə qədər iki dəfə minaya düşüb yüngül xəsarətlər alıb. 2016-cı ildə Lələtəpə döyüşündə gecə saat 4 radələrində minaya düşüb və ayağını itirib.
“Qüsursuz xidmətə görə”, “Vətən naminə”, “Vətən uğrunda” medalları ilə təltif olunub.