İllər öncə Zərdabdan Bakıya satmağa at əti aparan “qəssabın” acı taleyi

0
41

ATV telekanalının “Zaurla Günaydın” səhər “veriliş”inin qonağı Afət Telmanqızı “gözəl” bir lətifə danışdı. Dedi bir ağsaqqal, küçədə dondurma yeyən uşağa deyir ki, bala, soyuqda dondurma yemək boğaz ağrısına səbəb olur.
Uşaq kişiyə cavab verir ki, mənim babamın yaşı yüzdən çoxdur.
Kişi bu cavabdan bir şey anlamır və uşaq sözünə belə davam edir:
-Mənim babam ona görə yüz ildən çox yaşayıb ki, o, başqalarının işinə BURNUNU SOXMURDU…
Mən deyə bilmərəm ki, bu lətifə ATV aparıcı və başbilənlərinin və ya elə Afət xanımın Nəsimiyə, yox-yox, onların öz yaxın ağsaqqallarına münasibətlərinin meyarıdır,-bunu onlar özləri bilərlər.
Afətin bu lətifəsindən sonra Zaur başladı kolbasa və sosisləri bəh-bəhlə tərifləməyə və yadıma təqribən 20 il qabaq şahidi olduğum, bu gün də məni üzən bir əhvalat düşdü.
…Qurban bayramı gününün günortasında Qurban payı ilə Bakıya getməkdən ötrü Zərdab avtovağzalına gəldim. Sonuncu mikroavtobus yola düşməyə hazırlaşırdı, amma maşında tək bircə sərnişin vardı. Bakılı sürücüyə deyəndə ki, mənə bir yer lazımdır, cavab verdi ki, bu gün adam aparmıram. 
Təəccüblə mikroavtobusun içərisinə girib baxdım və gördüm ki, yeganə “sərnişin”, həmyerlilərimizin bir çoxunun “at qəssabı” kimi tanıdığı şəxsdir, bütün oturacaqlara və aralıqlara isə xaral və kisələrə doldurulmuş heyvan cəmdəkləri yüklənib. Cəmdəklərdən qəribə qoxu gəlirdi…
Bu əhvalatdan bir neçə gün sonra, əvvəllər “Əkinçi” qəzetinin mətbəəsində çapçı işləyən, sonralar qəssablıqla məşğul olan Gəlmə kənd sakini Zahid İsgəndərovla rastlaşıb ordan-burdan söhbət elədik (sadə və səmimi oğlan olan Zahid artıq haqq dünyasına qovuşub, Allah rəhmət eləsin!). Avtovağzal əhvalatını Zahidə danışdım və dedim ki, mən o ətdən şübhələndim.
Zahid dedi ki, müəllim, bütün qəssablara “krışa”lıq edən adam var, biz sıravi qəssablar o “krışa”ya ayda 50 manat haqq veririk, at qəssabı isə 100 manat ödəyir ona. Həmin at qəssabı atları ətraf rayonlardan alıb gətirir, öz həyətində də, şəhərdən kənarda şəriki filankəslə düzəltdiyi gizli sallaqxanada da kəsir. Özü də, 3-4 aylıq dayçaları da kəsir, iri və güclü atları yıxa bilməyəndə iri çəkiclə ayaqlarını qırır, sonra da başlarını əzir…
Bu söhbətdən sonra həmin at qəssabı ilə də görüşdüm. Dedim niyə belə iş görürsən? Tutaq ki, bu gün səni kimsə himayə edir, bəs Allahdan qorxmursan?
Cavab verdi ki, mənim at kəsməyə icazəm var, ikincisi də, bunun sənə dəxli yoxdur. Get əlindən nə gəlirsə elə…
Bir qış axşamı gördüm ki, həmin qəssab karvan şəklində düzülmüş 6 baş atı sallaqxanasına gətirir. Dərhal, o vaxtlar məsul bir vəzifədə çalışan, o sahədə də səlahiyyəti olan tanışıma zəng vurdum. Dedim həmişə bu barədə sizlərə şikayətlənəndə deyirsiniz ki, əldə sübut yoxdur. İndi gedin “dəlil-sübut” olan filan yerə.
Cavab verdi ki, çox sağ ol, məlumata görə və doğrudan da “sübut” tapa bilsək, gör necə “tufan qoparırıq”?
Səhəri gün həmin məsul şəxslə görüşdüm və dünən axşamkı “reydin” nəticəsini soruşdum.
Təəssüflə dedi ki, bağışla, biz aciz qaldıq, “sübut”u tapsaq da heç bir tədbir görə bilmədik.
-Niyə axı?-Mən soruşdum.
Cavab verdi ki, getdik və at qəssablarını atları kəsib-doğradıqları anda yaxaladıq. Amma bizə elə bir sənəd göstərdilər ki…
-Nə sənəd?-Yenə mən sual verdim.
Dedi o adamların zoopark və sirkdəki heyvanlara ət, hətta leş aparmaq barədə icazə sənədləri var. Əgər o ətləri hansı yollasa satışa da çıxarırlarsa, cəzalarını Allah versin…
…Bu əhvalatdan az sonra həmin qəssab ailəsi ilə Rusiyaya getdi və günlərin birində 17-18 yaşlı oğlu ilə bərabər elə Rusiyada avtomobil qəzasına düşdü və hər ikisi faciəli şəkildə həlak oldular.
Və o şəxs Rusiyaya gedəndən sonra şükür ki, Zərdabda və ətraf rayonlarda at kəsilmədi və atların sayı sürətlə artdı. Bu gün əminliklə deyirəm ki, o vaxtdan bəri Zərdabda at əti alveri ilə məşğul olan yoxdur.
Bununla belə, ilan vuran ala çatıdan da qorxar, deyiblər, bu səbəbdən də o illərdən bəri mən kolbasa və sosis yeməyə ürək eləmirəm. Həm də ona görə ürək eləmirəm ki, o illərdə də hətta inanmalı olduğumuz bəzi qurumlar da, ağına-bozuna baxmadan kolbasa və sosislərin “halal”lığına zəmanət verirdilər. Amma onda mən də çox cavan və sadəlövh idim və hər sözə inanırdım…

İsaməddin Əhmədov