Zərdabın bu kəndlərindən ərizə və şikayətlərin sayı artıb – SİYAHI

0
74

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq bu sahəyə diqqət artırılıb, müraciətlərdə qaldırılan məsələlərin həlli istiqamətində xeyli iş görülüb, hər ayda ən azı bir dəfə təkrar və kollektiv müraciət edən vətəndaşlar Zərdab Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq xidmət təşkilatlarının rəhbərlərinin və Aparatın məsul işçilərinin iştirakı ilə növbədənkənar, fərdi qaydada qəbul olunub, onların müraciətlərinin həlli istiqamətində əməli tədbirlər görülüb.

Zerdab.com saytı xəbər verir ki, bu fikirləri Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev 2019-cu ilin birinci rübündə rayonda görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bildirib.

Qeyd edib ki, rüb ərzində Rayon İcra Hakimiyyəti başçısının yerlərdə keçirilən səyyar qəbulları daim diqqət mərkəzində saxlanılmaqla 12 səyyar qəbul keçirilib, bu qəbullarda vətəndaşlar tərəfindən qaldırılmış 56 təklifdən 12-si öz həllini tapıb, 19 təklif haqqında lazımi izahat verilib, 25 təklif icraata götürülüb.

Rayon İcra Hakimiyyətinə 198, o cümlədən yuxarı orqanlardan 92 müraciət daxil olub. Daxil olan müraciətlərin 23-ü müsbət, 12-si qismən həll olunub, 98 müraciətlə bağlı müvafiq izahat verilib, 13 müraciət baxılmaq üçün aidiyyəti orqanlara göndərilib, 15-i əsassız hesab edilib, 3-ü baxılmamış saxlanılıb, 34-ü hazırda icraatdadır.

Vətəndaşlardan daxil olan ərizə və şikayətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə Zərdab şəhər, Şahhüseynli, Yarməmmədbağı, Gödəkqobu, Sarıqaya, Körpükənd, Şəftəhal, Şıxbağı kənd və Bəyimli qəsəbə inzibati ərazi dairələrində artıb.  

Rüb ərzində rayonda “Nəsimi ili”nə həsr olunmuş müxtəlif mədəni-kütləvi tədbirlər keçirilib. “2 fevral Gənclər günü” münasibəti ilə fəal gənclərin, ali məktəblərə qəbul zamanı yüksək bal toplamış tələbələrin və idmançıların iştirakı ilə gənclərin ümumrayon toplantısı təşkil edilib.