Zərdabda daha bir yol yenidən qurulub – FOTOLAR

0
86

Azərbaycanda icra edilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də məhz avtomobil yolu layihələrinin icrasıdır və bununla bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən yenidən qurulması yekunlaşan Zərdab–Qaravəlli avtomobil yolu da bu cür layihələrdəndir.

Zərdab rayonunda cari ildə tərtib olunmuş tədbirlər planına əsasən, icrası yekunlaşdırılan yol layihələrindən biri 11.4 km uzunluğa malik Zərdab-Qaravəlli avtomobil yolunun yenidən qurulması layihəsidir.

Ucar-Zərdab-Ağcabədi avtomobil yolundan ayrılan yerli əhəmiyyətli avtomobil yolu IV texniki dərəcəlidir və 4 kəndin 4 mindən artıq əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir.

Uzun müddətli istismar nəticəsində yol örtüyü tamamilə sıradan çıxıb, yol əsasında çoxlu sayda çökmələr, çalalar əmələ gəlib. Təbii ki, yolun bu vəziyyətdə olması gediş-gəlişi çətinləşdirməklə yanaşı, yol boyu kənd təsərrüfatının inkişafına da mənfi təsir göstərirdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən kompleks təmir-tikinti işləri yuxarıda sadalanan problemlərin birdəfəlik həllinə gətirib çıxarıb.

Layihə çərçivəsində torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yolun qazılmış və relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib, yeni yol yatağı inşa edilib.

Yol boyu suötürücü qurğular tamamilə sıradan çıxdığı üçün suların ötürülməsi məqsədi ilə müxtəlif diametrli 456 paqon-metr dəmir, həmçinin 72 paqon-metr dəmir-beton borular quraşdırılıb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsasının inşası üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunub. Ardınca layihəyə uyğun olaraq yola 2 laydan ibarət və 12 sm qalınlıqda asfalt-beton örtüyü döşənib.

Layihənin sonuncu mərhələsində yolun çiyin hissələri dağıldığından çiyinlərin bərkidilib, avtobus dayanacaqları tikilib, 306 siqnal dirəyinin, 52 yol nişanı və 11 km göstəricisinin quraşdırılması, həmçinin xətlənmə işləri aparılıb.