Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov həbs olunub.
AZXEBER.COM demokrat.az-a istinadən xəbər verir ki, icra başçısı bu gün saxlanılıb.
Xatırladaq ki, Q.Səmədov 18 fevral 2011-ci il tarixində Yevlax şəhər İcra Hakmiyyətinin başçısı vəzifəsinə təyin olunmuş, bu ilin oktyabrın 31-də isə vəzifəsindən azad edilmişdir.
Qeyd edək ki, bu gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu da həbs edilib.
“Qafqazinfo”nun verdiyi məlumata görə, N. Quliyev Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanıb.
Onu da əlavə edək ki, bu gün Prezident yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.
Dövlət başçısı İlham Əliyev bildirib ki, bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır:
“Artıq bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmırdı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar. Ona görə hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır ki, vətəndaşlar dövlətin diqqətini daim hiss eləsinlər, necə ki, biz hər bir çətin anda vətəndaşın yanındayıq”.
Vəzifəsindən və səlahiyyətlərindən asılı olmayaraq, hər bir şəxs qanun qarşısında cavab verməlidir.
Bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.
S.Novruzovun sözlərinə görə, ölkə ərazisində yaşayan hər bir şəxs Azərbaycan Respublikasının qanunları qarşısında bərabərhüquqludur: “Hansı partiya üzvlüyündən, hansı peşə sahibi olmasından, hansı vəzifəni daşımasından asılı olmayaraq, əgər şəxs cinayət törədibsə və bu, məhkəmə qaydasında sübuta yetirilirsə, o, məsuliyyət daşıyır. Yeni Azərbaycan Partiyasının mövqeyi həmişə belə olub. İstər YAP üzvü olsun, istər digər siyasi partiya təmsilçisi, fərqi yoxdur. Onlar da hər bir sadə vətəndaşlar kimi eyni hüquqa malikdir. Bu baxımdan da partiya təmsilçiləri qarşısında belə bir məsələ qoymuşuq ki, bizim partiya üzvlərimiz ikiqat məsuliyyət daşıyır. Həm partiyada təmsil olunduğuna görə, həm də cinayət törətdiyinə görə. Bəzən görürsən ki, ayrı-ayrı siyasi partiyaların nümayəndələri bu və ya digər şəkildə ictimai təhlükəli əməl törədirlər və partiya qalxanının arxasında gizlənməyə cəhd edirlər. İfşa olunduqda isə həmin partiya rəhbərləri Avropa Şurasına, başqa-başqa qurumlara müraciətlər edirlər. Onlar istəyirlər ki, törətdikləri əməli ört-basdır etsinlər”.
YAP funksioneri əlavə edib ki, demokratiya, insan hüquq və azadlıqları hər bir şəxsin törətdiyi əmələ görə cavabdehlik daşımasını tələb edir. O baxımdam, Yeni Azərbaycan Partiyasının hər bir üzvü də qanun qarşısında bərabərdir.