Son illər Zərdabda intihar edənlər – SİYAHI

0
115

Müasir dövrün aktual problemlərindən biri də intihar hallarının sayının artmasıdır. Azərbaycanda da intihar hallarının sayının artması ilə bağlı kütləvi informasiya vasitələrində məlumatlar yayımlanır.

Təəssüf ki, son illər Zərdab rayonunda da intihar edənlərlə bağlı xəbərlərə rast gəlirik.

Məsələn, elə srağagün Zərdabın Məlikli kəndində 3 uşaq atası, 5 bacının yeganə qardaşı, 29 yaşlı Laçın Manaflının intiharı xəbəri hər kəsi sarsıtdı.

Zerdab.com saytı olaraq bu yazımızda son illər Zərdab rayonunda intihar edənlərin mətbuatda yayılan məlumatlar əsasında siyahısını təqdim etməyə çalışacağıq.

Məlum olduğu kimi, rayonumuzda sonuncu intihar Məlikli kəndində qeydə alınıb.

Rayonun Məlikli kənd sakini, 1990-cı il təvəllüdlü Manaflı Laçın Əmrah oğlu intihar edib.

Bir müddət öncə isə Zərdabda toyu olacaq 18 yaşlı qızın meyiti tapılmışdı.

Rayonun Əlvənd kəndində yaşayan 2001-ci il təvəllüdlü İbrahimova Nərmin Rakif qızı özünü öldürmüşdü.
Nişanlanan gənc qızın yaxın vaxtlarda toyu planlaşdırılırmış.
Bildirilir ki, ailənin böyük övladı olan Nərminin probleminin olması ilə bağlı hər hansı məlumat olmayıb.
Evin həyətindəki tövləyə daxil olan anası Nərminin özünü asdığını görüb. O, qızına kömək etməyə çalışsa da, 18 yaşlı Nərminin artıq keçindiyi məlum olmuşdu.

Rayonun Yuxarı Seyidlər kəndində isə bir müddət öncə 31 yaşlı kənd sakini Ceyhun Boris oğlu Abbasov yaşadığı həyətin tövləsində özünü asaraq öldürmüşdü. C. Abbasov evli olub, övladı var.

Zərdabda intihar xəbəri ilə bağlı hər kəsi sarsıdanlardan biri də Mətanət Həsənova olub.

Onun meyiti Mil-Muğan-Şirvan su kollektorunda tapılmışdı.

Belə ki, FHN-in “112” Zəng mərkəzindən, Mil-Muğan-Şirvan su kollektorunun Kürdəmir rayonu, Həzi Məhərrəmli kəndi ərazisindən keçən hissəsində, suyun üzərində 1 qadın cəsədinin görülməsi barədə (ən yaxın məntəqə ərazisindən 140 km aralı nəzarətsiz ərazidə) məlumat daxil olmuşdu.

Məlumat alındıqdan dərhal sonra, xidmətin strukturuna daxil olan “Aran” dalğıc axtarış qrupundan 5 nəfər şəxsi heyət və xüsusi dalğıc avadanlıqları ilə hadisə yerinə göndərilib. Saat 14:58-də intihar məqsədi ilə özünü kanala atmış Zərdab rayonu Şahüseynli kənd sakini, 1999-cu il təvəllüdlü Həsənova Mətanət Yaşar qızının cəsədi “Aran” dalğıc axtarış qrupunun dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyatı üzrə təhvil verilmişdi.

Başqa bir rayon sakini isə Zərdabda deyil, Bakıya gələrək burada intihar etmişdi.

Belə ki, rayon sakini 33 yaşlı Anar Nazir oğlu Qasımov DYP-nin Ekologiya postunun yaxınlığındakı körpüdən özünü asfalt örtüyünün üstünə ataraq bir müddət öncə intihar edib.

Ərazidə xidmət aparan Dövlət Yol Polis İdarəsinin əməkdaşları gəncin meyitini avtomobil şosesindən götürüblər və müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Abşeron rayon şöbəsinə aparıblar. Məlum olub ki, Anar Qasımov aldığı küt travmalar nəticəsində dünyasını dəyişib.

İşi araşdıran prokurorun böyük köməkçisi İbrahim İsmayılzadənin bildirdiyinə görə, Zərdab rayon sakininin cibindən öz xətti ilə yazılan məktub çıxıb. Mərhumun məktubunda qeyd olunub: “ölümümdə heç kimi günahkar görməyin”.

Zərdab rayonunda dəhşətli intihar hadisələrindən biri də yenə də Məlikli kəndində qeydə alınmışdı. Məlikli kənd sakini Ramil İsrəfilov özünü asaraq intihar etmişdi. Valideynləri onu Ağcəbədi Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da həyatını xilas etmək mümkün olmamışdı.

Mərhum 2 uşaq atası idi.

Zərdab rayon sakini, Ağayev Bülbül Soltanhəmid oğlu da bir müddət öncə canına qıyıb. 1944-cü il təvəllüdlü Ağayev Bülbül Sotanhəmid oğlu yaşadığı evdə özünü asıb.

Rayonumuzda intihar edərək canına qıyanlardan biri də yenə də Məlikli kəndinin sakini Yaşar Müzlü oğlu Həsənov olub. Belə ki, 1963-cü il təvəllüdlü Yaşar Müzlü oğlu Həsənov yaşadığı evdə özünü asıb. Mərhum qonşu Sarıqaya kəndində rus dili müəllimi işləyib. Səhhətində yaranmış psixi problemlə bağlı bir neçə il əvvəl məktəbdən uzaqlaşdırılmışdı. 

Zərdabda bir neçə il öncə intihar yolu seçənlərdən biri isə Əlibəyli kənd sakini, 1937-ci il təvəllüdlü Sadıqov İdi Əbdülləziz oğlu olub. O, özünü yaşadığı evin yataq otağında iplə boğaraq öldürüb. Məlumata görə, İ. Sadıqov uzun müddət imiş ki, mədə-bağırsaq xəstəliyindən əziyyət çəkirmiş və bu onun əsəblərinin də pozulmasına səbəb olubmuş.

Zərdabın Lələağacı kəndində isə bir müddət öncə 21.03.1969-cu il təvəllüdlü, ruhi xəstə Məmmədova Vəfa Ənvər qızı intihar edib. Kənd sakinlərinin verdikləri məlumata görə, onun cəsədi həyətlərindəki tövlədə, asılmış vəziyyətdə tapılıb.

Sonda bir məqamı da qeyd edək ki, mətbuatda rayonumuzda daha əvvəlki illərdə intihar edənlər barədə də məlumatlar var. Ancaq onların adını bu siyahıya əlavə etmirik.

Rayonumuzda son illər intihar edən, ancaq adı bu siyahıda olmayan şəxslər də ola bilər. Bu siyahıya yalnız intiharı barədə KİV-də məlumat verilənlərin adları daxil edilib.

Zerdab.com