Turisti olmayan Zərdabın “başıbəlalı” mehmanxanası – “Ləğv olunmamışıq”

0
140
zerdab-mehmanxana

2004-cü ildən fəaliyyət göstərən “Zərdab Mehmanxana” ASC ləğv olunması ilə bağlı bir müddət öncə Kütləvi İnformasiya Vasitələrində məlumat yayılmışdı. Əslində, bir qədər gec olsa belə bu xəbəri Zerdab.com saytında işıqlandırmaq qərarına gəldik. Xəbər Zerdab.com-da işıqlandırılandan sonra bir çoxlarının marağına səbəb oldu.
Qeyd edək ki, KİV-də yayılan məlumatlarda “Zərdab Mehmanxana” ASC-nin ləğvi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin qərar qəbul etdiyi bildirilib.
Qeyd olunub ki, kreditorlar tələblərini iki ay ərzində Zərdab rayonu, Zərdab şəhəri, 20 Yanvar küçəsi, ev 5 ünvanına bildirə bilərlər.
Vergilər.az saytında 3 iyun, saat 10:37-də yerləşdirilən məlumatda da “Zərdab mehmanxana” ASC-nin ləğv olunduğunu elan etdiyi bildirilib.
Bu gün mehmanxananın səlahiyyətli şəxsləri bizimlə əlaqə saxlayaraq əslində mehmanxananın ləğv olunmadığını, sadəcə hüquqi şəxs statusundan fiziki şəxs statusuna keçdiyini bildirdilər. Onların dediklərindən belə aydın oldu ki, mehmanxana fəaliyyətini davam etdirəcək.
Maraqlıdır ki, bu ilin mart ayında da “Zərdab Mehmanxana” ASC ilə bağlı KİV-də məlumat yayılmışdı.
Bildirilirdi ki, Şəki Kommersiya Məhkəməsində 9 saylı Ərazi Vergilər İdarəsinin “Zərdab Mehmanxana” ASC-yə qarşı siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair işə baxılıb.
Məlumatda qeyd olunurdu ki, idarə iddia ərizəsində “Zərdab Mehmanxana” ASC-nin borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 2000 manat məbləğində əmlakının hərraca çıxarılmasını istəyib.
Məhkəmə verilən iddianı təmin edib. Qərara əsasən, mehmanxananın bu əmlakları hərraca çıxarılır:

  • Hər birinin dəyəri 450 manat olan iki ədəd kondisioner;
  • Dəyəri 500 manat olan bir ədəd soyuducu;
  • Hər birinin dəyəri 200 manat olan üç ədəd televizor.
    Sonda Zerdab.com olaraq bir məqamı da qeyd etməyi özümüzə borc bilirik.
    Bir Zərdablı olaraq çox arzu edərdik ki, rayonumuzda fəaliyyət göstərən yeganə mehmanxana ilə bağlı mətbuatda belə xəbərlər dolaşmasın.
    Birincisi, ona görə ki, rayonumuzda mehmanxananın olması ümumi olaraq hər birimizin xeyrinədir, ən azından bir qonağımız gələndə aparmağa yerimiz olar.
    İkincisi, lap bizim qonağımız olmasa belə rayona kənar yerdən gələnlər özlərinə qalmağa rahat bir yer müəyyənləşdirmiş olarlar.
    Üçüncüsü, bir rayonda ümumiyyətlə mehmanxananın olmaması heç də yaxşı hal deyil.
    Bu baxımdan hesab edirik ki, “Zərdab mehmanxana”nın fəaliyyəti təkcə oranın sahibi olan hansısa sahibkar üçün yox, elə biz zərdablılar üçün də önəmli məsələdir.
    İnşallah, mehmanxananın sahibi tezliklə bu çətinlikləri geridə qoyar və Zərdabda uzun illərdir fəaliyyət göstərən yeganə mehmanxana yenə də qonaqların xidmətində durar…
    Zerdab.com