“Yeni başa vurduğumuz ay – 13 və 15 iyun tarixlərində daha əvvəl də məlumat verdiyimiz kimi, Zərdab rayonundan seçicilərlə 2 onlayn videoqəbul keçirdik. 18 iyunda isə izolyasiya şərtlərinə əməl edərək, Zərdab rayondakı ofisimdə vətəndaşları bir başa qəbul etdik”. Zerdab.com saytı xəbər verir ki, bunu 92 saylı Zərdab-Ucar seçki dairəsindən millət vəkili Jalə Əliyeva bildirib.

“Problemləri, seçiciləri narahat edən məsələləri dinlədik və həllinə kömək etməyə çalışdıq. Bu gün – 1 iyul tarixində isə Ucar rayonunun Lək kəndinin bir qrup seçicisi ilə üçtərəfli onlayn videoqəbul keçirdik. Pandemiya şəraiti ilə əlaqədar olaraq qəbulları hələlik videokonfrans şəklində keçirmək məcburiyyətində olduğumuzu bildirdik, bu şəraitin şərtlərini izah etdik”.

Millət vəkilimiz COVID-19-la mübarizədə dövlətin göstərdiyi böyük səylər, atılan addımlar haqqında ətraflı məlumat verib, vəziyyətin kritikləşməməsi üçün hər bir Azərbaycan vətəndaşının öhdəsinə düşən və əməl etməli olduğu məsələlər haqqında fikir mübadiləsi aparılıb.

“Qəbuda iştirak edən vətəndaşlar, görülən rayon və ölkə əhəmiyyətli bütün işlər üçün ölkə rəhbərinə təşəkkürlərini çatdırmağı xahiş etdilər. Lək kənd Mədəniyyət Sarayının əsaslı təmiri işlərinin Nazirlər Kabinetinin planına salınmasına göstərdiyimiz yardıma və dəstəyə görə minnətdarlıq etdilər. Qəbulda eyni zamanda seçiciləri maraqlandıran məsələlər müzakirə edildi. Həmin məsələlərin həlli üçün, tərəfimizdən əlaqədar qurumlara müraciət ediləcəyi bildirildi. Bunu da bildirək ki, Lək seçiciləri kənd icra nümayəndəliyinə gələrək oradan bağlantıya qoşulmuşdular. Zərdabdakı ofisimizdən köməkçim Firdovsi Eyvazov vasitəsilə onlayn şəkildə onların qeydiyyatı aparılırdı. Qəbulun təşkilində göstərdiyi köməkliyə görə Lək kənd icra nümayəndəsi Əfqan Rəhimov qardaşımıza və Fərid oğlumuza minnətdarlığımızı bildiririk” – deyə millət vəkili bildirib.