“Dövlətimizin şərəfli imtahan verdiyi vaxtda belə bir hadisə olmamalı idi”

0
77

“İşğalçı və təcavüzkar Ermənistan bir daha iç üzünü açdı, murdar və eybəcər sifətini, mənhus və mənfur mahiyyətini ortaya qoydu. Növbəti dəfə atəşkəs rejimini pozaraq, təxribata, fitnəkarlığa əl atdı, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərini ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdi etdilər. Və dərhal layiqli cavablarını da aldılar, böyük itkilər verərək, Azərbaycan Ordusunun igid, qəhrəman əsgər və zabitləri tərəfindən geri otuzduruldular. Başqa cür ola da bilməzdi”.
Zerdab.com saytı xəbər verir ki, bu fikirləri millət vəkili Jalə Əliyeva sərhəddə baş verən erməni təxribatını şərh edərkən bildirib.
Millət vəkili Azərbaycan Ordusuna dəstək aksiyasının sonunda baş verən bəzi xoşagəlməz hadisələrə də münasibətini ifadə edib.
Deputat Jalə Əliyeva yürüş zamanı təxribata əl atanların kimliyinin müəyyən edilməsinin vacibliyini vurğulayıb:
“Hər bir insanımız, gəncimiz vətən, torpaq uğunda döyüşməyə hazırdır. Dünən axşamdan etibarən yüz minlərlə insanın toplaşdığı nümayişlər onu göstərdi ki, Azərbaycan xalqı həqiqətən də mütəşəkkil olmağı bacarır”.

Millət vəkili deyib ki, bu gün bizim sınaq günümüzdür: “Otuz ilə yaxındır ki, torpaqlarımızın bütövlüyü uğrunda apardığımız mübarizədə ordumuzun əsgər və zabitlərinin öz sözünü deyərək, qəhrəmanlıqlarını göstərərək irəliyə doğru getdikləri, Ali Baş Komandanımızdan hər birimiz əmr gözlədiyimiz anda düşünürük ki, daha çox səfərbər və həmrəy olmalıyıq. Biz əslində bu səfərbərliyi və həmrəyliyi görürük. Hər bir insanımız, gəncimiz vətən, torpaq uğrunda döyüşməyə hazırdır”.

Jalə Əliyeva qeyd edib ki, yüz minlərlə insanın toplaşdığı nümayişlər onu göstərdi ki, Azərbaycan xalqı mütəşəkkil olmağı bacarır: “Çox sakit və dinc bir yürüş idi, əsas şüarı da vətən, torpaq və cənab Prezidentən müharibədə onların iştirak etməsi üçün icazə istənilirdi. Lakin çox təəssüflər olsun ki, sonradan gecə saatlarında birdən-birə hansısa təxribatçı əl insanların bir hissəsini yanlış istiqamətə yönləndirdi. Nümayiş dağılmaq üzrə ikən bir topa insan parlament binasına yol aldı və ürəkaçmayan hadisələr baş verdi”.
Deputat bu xoşagəlməz hadisəni törədənlərin kimliyinin müəyyənləşdiriləcəyinə əminliyini ifadə edib:
“Parlament ölkənin qanunverici orqanıdır, dövlət qurumudur və erməni orda yox, səngərdədir. Səngər yerinə Milli Məclisi hədəf götürmək mənə elə gəlir ki, bir təxribatın izi idi. Belə bir məqamda, ölkəmizin, xalqımızın, dövlətimizin şərəfli bir imtahan verdiyi, generalımızın, zabitimizin şəhid olduğu bir zamanda düşünürük ki, belə bir hadisə olmamalı idi”.
Zerdab.com