Zərdabi yurdunun fəxri, polis polkovnik-leytenantı İdayəddin Həsənov vəfat edib

0
224
idyeddin-hesenov-deliquscu
Zərdabi yurdunun fəxri, polis polkovnik-leytenantı İdayəddin Həsənov vəfat edib. Mərhum 13.01.2022-ci ildə doğma Dəli Quşçu kənd qəbristanlığında dəfn olunub.
Zerdab.com saytı xəbər verir ki, Həsənov İdayəddin Tapdıq oğlu 1948-ci ildə Zərdab rayonunun Dəli Quşçu kəndində anadan olmuşdur. O, 1966-cı ildə Zərdab şəhəri, M.Qorki adına 1 № li orta məktəbin XI sinfini bitirmişdir. Orta məktəbi əla qiymətlərlə bitirən İ.Həsənov 1967-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun Əməyin iqtisadiyyatı fakültəsinə daxil olmuş və bu təhsil ocağını bitirdikdən sonra təyinatla Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İnstitunda 1973-cü ilə kimi ali təhsilli iqtisadçı, 1973-1977-ci illərdə isə doğma rayonu olan Zərdabda 19 saylı Qəsəbə Tikinti İdarəsində iqtisadçı işləmişdir.
1977-ci ildə Respublika Daxili İşlər orqanlarına cəlb edilmiş, SSRİ Daxili İşlər Nazirliyi yanında Rostov Milis Akademiyasını bitirmişdir (1980-1985). İ.Həsənov eyni zamanda ali siyasi təhsil almış, Marksizim-Leninizim Universitetini bitirmişdir.
İ.Həsənov 1977-1982-ci illərdə Quba rayon Daxili İşlər Şöbəsində “OBXSS” (Sosialist Əmlakının Oğurlanmasına Qarşı Mübarizə İdarəsi), 1982-1990-cı illərdə Şamaxı rayon Daxili İşlər Şöbəsində baş “OBXSS” (Sosialist Əmlakının Oğurlanmasına Qarşı Mübarizə İdarəsi), 1990-1991-ci illərdə Lənkəran Daxili İşlər İdarəsində bölmə rəisi, 1991-1993-cü illərdə Respublika Daxili İşlər Naziriliyində şöbə rəisi, 1993-1994-cü illərdə Göyçay rayon Polis Şöbəsinin rəisi, 1994-1999-cu illərdə Şamaxı Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləmişdir.
Polis polkovnik-leytenantı İ.Həsənov harada işləməyindən asılı olmayaraq dövlətçiliyin keşiyində durmuş, cinayətkarlığa qarşı amansız olmuşdur. Onun əməyi həmişə yüksək qiymətləndirilmişdir. 1981-ci ildə “Milis əlaçısı” döş nişanı ilə təltif edilmişdir. Dəfələrlə yuxarı orqanların qiymətli hədiyyələri, fəxri fərmanları və təşəkkürləri ilə təltif olunmuşdur.
İdayəddin müəllim Qarabağ savaşında da iştirak etmişdir. O, Qarabağ müharibə veteranı idi.
İ.Həsənov 1999-cu ildə təqaüdə çıxdıqdan sonra da əmək fəalyyətini davam etdirmişdir. Belə ki, 1999-2000-ci illərdə Dövlət Gömrük Komitəsində, 2000-2008-ci illərdə Respublika Vergilər Nazirliyində işləmiş, sonrakı illərdə “Azərsu” Səhmdar Cəmiyyətində məsul vəzifədə fəaliyyətini davam etdirmişdir.
Allah rəhmət eləsin, məkanı cənnət olsun. Zerdab.com saytı olaraq biz də doğmalarına, əzizlərinə başsağlığı verir, Allahdan səbir diləyirik.
Zerdab.com