Müasir Zərdab ərazisi Qafqaz Albaniyasının tərkibində hazırki Ucar rayonunun ərazisi ilə birlikdə Əcəri vilayətinə daxil olmuşdur. “Alban tarixi” əsərinin müəllifi, alban tarixçisi Musa Kalankaytuklu öz əsərində Əcəri vilayətinin əkinçilik üçün yararlı olduğunu söyləyir və vilayətin əhalisinin əsasən əkinçi albanlardan, qismən də maldarlardan ibarət olduğunu yazır.
Mənbələrin verdiyi məlumatlardan aydın olur ki, Əcəri vilayətinin maldarları yay aylarında öz mal-qarasını Lpina və Şəki vilayətinə aparırdı. Tədqiqatlar göstərir ki, Zərdab ərazisi Əcəri vilayətinin cənub hissəsini əhatə etmişdir. Vilayətin tarixi adı isə müasir Ucar toponimində özünü qoruyub saxlamışdır. Ərazidə qeydə alınmış küp qəbirləri bir daha buranın yerli alban əhalisinə məxsus olduğunu göstərir. Qeyd etmək lazımdır ki, Zərdab ərazisi antik və erkən orta əsrlər dövrünü əhatə edən Alban Küp qəbirləri arxeoloji mədəniyyətinin tərkib hissəsidir.
Xilafət dövründə burada yaşayan albanlar İslamı qəbul etmiş və ərəblərin əmirlik inzibati sisteminə uyğun olaraq Azərbaycan sərhədləri daxilində yaşamışlar. Qeyd edək ki, Ərəb Xilafəti zamanında Azərbaycan torpaqlarının tarixi sərhəddi şimalda Dərbənd keçidi, cənubda isə Həmədan – Qəzvin ərazisi hesab olunmuşdur. Ərəb Xilafətinin zəifləməsi nəticəsində Kürdən Dərbəndə qədər olan ərazilərdə Şirvanşahlar dövləti yaranır və Zərdab ərazisi XVI əsrin 30-cu illərinin sonuna kimi bu dövlətin tərkibində olmuşdur. Həmin dövrdə ərazidə ayrı-ayrı yaşayış məskənləri mövcud olmuşdur. Lakin qeyd olunan dövrdə – XI – XIII əsrlərdə ərazi Səlcuq imperiyası və Azərbaycan Atabəylər dövlətinə tabe edilmiş, XIII əsrin II yarısı və XIV əsrdə isə Hülakü və Cəlairi dövlətlərindən asılı hala düşmüşdür. Ərazidən Atabəylər (Eldənizlər) dövrünə aid mis pullar da tapılmışdır. XIV əsr Hülakü mənbələrində adı çəkilən Delan Naur (70 göl) ərazisinin qərb hissəsi məhz Zərdab torpaqlarıdır.
Taleh Vasif oğlu Əliyev, tarix üzrə fəlsəfə doktoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi