Nəvəsi illər sonra Zərdablı qəhrəman İldırımov Qanbay Paşa oğlu ilə bağlı faktlar üzə çıxardı – İLK DƏFƏ

0
265
ildirimov-qanbay-pasa-oglu-zerdab1

Salam, Nicat bəy. Zahirə Paşayeva xanımdır Sizə yazan. Ata babam Böyük Vətən Müharibəsindən qayıtmayıb. Çox sonralar, atam rəhmətə gedəndən sonra babam haqqında internetden xeyli məlumat tapmışam. Sizə həmin məqaləni göndərirəm. Zerdab.com saytında və saytınızın səhifəsində paylaşmanızı istəyirəm:

“Babam, İldırımov Qanbay Paşa oğlu 1896-cı ildə (bəzi mənbələrdə 1906-cı il) Zərdab rayonunun Qoruqbağı kəndində sadə kəndli ailəsində dünyaya gəlmışdir. 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda 5 körpə oğul atası olan babamı da müharibəyə aparırlar. Uşaqlıq illərimdə “babanın “qara kağızı” gələndə çox ağladım və körpə balalarımı əziyyətlə böyütdüm”, deyərək bizə xatirələrini danışan nənəm, İmmi xanımın kədərli siması hələ də xatirimdədir. “Qara kağız” adlanan o dəhşətli yazıda babamın 1945-ci ildə Prussiyada həlak olduğu da yazılıbmış. Babamı görmədən, tanımadan, onu xatirələrimdə canlandıraraq böyüdüm. Nəinki mən, hətta atam da öz atasını xatırlamırdı. Atamın niskili və nənəmin xatirələri məni daim izləyirdi.

ildirimov-qanbay-pasa-oglu-zerdab.png
Artıq inkişaf etmiş texnologiyalar dövründə internet vasitəsi ilə bir gün babam haqda geniş məlumata sahib oldum. Mənə məlum oldu ki, babam – İldırımov Qanbay Paşa oğlu şərqi Prussiyada (indiki Kalininqradda) düz 5 il ağır döyüşlərdə iştirak etmiş, müharibənin acısını sonuna qədər dadmış və daim qəhrəmanlığı ilə seçilmişdir. İldırımov Qanbay Paşa oğlu müharibə dövründə iki dəfə – 1944-cü il 8 fevralda və 1944-cü il 5 mayda Vitebsk şəhərinin müdafiəsi uğrunda gedən ağır döyüşlərdə igidlik və qəhrəmanlıq göstərərək yaralanmışdır. Döyüş son dərəcə ağır keçmiş və babam, İldırımov Qanbay Paşa oğlu “İgidliyə Görə” ordeni ilə təltif olunmuşdur. 1945-ci il 13 yanvar – müharibənin qurtarmasına cəmi 4 ay qalmış, babam – İldırımov Qanbay Paşa oğlu şərqi Prussiyanın Şvarpeln (indiki Kalininqrad əyalətinin Dobrovolsk) şəhərində qəhrəmancasına həlak olmuş və “Qardaşlıq” qəbiristanlığında dəfn olunmuşdur. 1945-ci il 13 yanvar təqvimdə şənbə gününə düşür. Bəlkə də 5-ci gün gecədən babam öz doğma elindən, ailəsindən, körpə balalarından uzaqda, qəribçilikdə və ağır yaralanaraq həlak olmuşdur. 20-25 sətirə yerləşən ağır bir tale, uğursuz bir qadın həyatı, 5 yetim körpənin niskili. Nəzərə alsaq ki, bu müharibədə Azərbaycandan çağırılan 300 min nəfər həlak olmuşdur, belə taleləri təsəvvür etmək çox ağırdır. Zərdab rayon rəhbərliyinin və əhalisinin öz qəhrəmanlarını tanıması vacibdir.
Təəssüf edirəm ki, bu sənədləri çox gec, atam dünyasını dəyişəndən sonra tapdım. Zaman ən yaxşı müalicədir deyirlər. Rayon camaatının çox yaxşı tanıdığı və hörmət etdiyi, peşəkar kulinarist-aşpaz, mərhum atam Saleh Paşayev bu igid, qəhrəman şəhidin oğludur. Atam ömrünün sonuna qədər Zərdab rayonunda yaşamış və daim xalqına təmənnasız xidmət göstərmiş, elinin, obasının hörmətini qazanmışdır. Hal-hazırda qardaşım Paşayev Yalçın Saleh oğlu Zərdab rayonunda yaşayır. Birinci Qarabağ müharibəsi veteranıdır”.

Zerdab.com