“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Zərdab rayon Heydər Əliyev Mərkəzində 15 İyun – Azərbaycan xalqının milli qurtuluş günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilib.
Zerdab.com saytı xəbər verir ki, konfransda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, millət vəkili, YAP Təftiş Komissiyasının üzvü, siyasi elmlər doktoru, professor Elman Nəsirov, YAP Zərdab Rayon Təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Konfrans ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə qəlblərdə daimi sevgi, xatirələrdə əbədiyaşarlıq qazanıb. Ümummilli lider qısa zaman kəsiyində ölkədə sabitliyi təmin edib, Azərbaycanı inkişaf yoluna çıxarıb. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin siyasi kursunu uğurla davam etdirir. Ulu öndər Heydər Əliyev siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu artırır.
Millət vəkili Elman Nəsirov çıxışında qeyd edib ki, böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazdırırlar. Azərbaycan xalqı hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Çıxış edən digər qonaqlar Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.
Daha sonra ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın dövlətçilik tarixində Qurtuluş Günü” adlı videoçarx nümayiş olunub.
Tədbirin sonunda YAP-ın sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.