“Bəzi riyaziyyat müəllimləri çubuqlu bölməni edə bilmir” – Nazir

0
90

“Bizim iki məqsədimiz var, birincisi keyfiyyəti qaldırmaq, ikincisi həmin keyfiyyəti bərabər paylamaq”.

Zerdab.com saytı report-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, son 3-4 ildə riyaziyyatla məşğul olan insanın bu fənnlə problemi ola bilməz: “Lakin elə müəllim var ki, çubuqlu bölməni edə bilmir. Belə şəxslərin sayı çox olmasa da var”.

Nazir hesab edir ki, rəqəmsal öyrənmə tədris prosesində bərabər bölünməyə öz töhfəsini verə bilər: “Müəllimlər üçün bu gün yeni rəqiblər var və bu hal qaçılmazdır”.

E.Əmrullayev vurğulayıb ki, telefonlar və planşetlərə düzgün və lazımi məzmunu əlavə edə bilsək, tədris prosesinin düzgün bölünməsinə nail ola bilərik: “Bununla bizim kəndlərdə və şəhərlərdə oxuyan uşaqlarımız eyni səviyyədə təhsil ala biləcək. Koronavirus pandemiyası dövrü də bizə bunun gec-tez olacağını göstərdi”.

“11 ay bundan qabaq hamı deyirdi ki, müəllimlərin sertifikasiya imtahanını keçirməyin, pisdir”.

Onun sözlərinə görə, bu imtahan mərhələli şəkildə olacaq:

“Biz bu gün qərar verib, çantamızı yığmırıq ki, imtahan edək. Bu, uzun bir prosesdir və burada maliyyə yükü var. Növbəti illərdə də digər müəllimlərin sertifikasiya imtahanı olacaq”.

Nazir qeyd edib ki, imtahanın müsahibə mərhələsində nitqi, danışıq qabiliyyəti olmayan müəllimlər uğur qazana bilməyəcəklər.

“Müəllimin sertifikasiya imtahanlarında 51-dən çox bal toplaması o demək deyil ki, dərhal direktor qoyulacaq”.

Onun sözlərinə görə, bunun üçün müəyyən proseslər var:

“Yüksək nəticə toplayıb direktor olmaq istəyən müəllimlər peşəkar bir direktorun yanında müavin olsa, gələcəkdə daha yaxşı olar”.

O qeyd edib ki, məktəb direktorlarına tam müstəqillik verilməsi doğru deyil: “Bəzən bu, neqativ hallara səbəb olur”.