Antiterror tədbirləri zamanı 192 hərbçimiz şəhid olub

0
5426

19-20 sentyabr 2023-cü ildə həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.

Zerdab.com saytı xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub.

Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.

11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək.

Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb.

Yaralıların ən qısa zamanda müalicəsi üçün yüksək səviyyəli peşəkar həkim briqadaları fəaliyyət göstərir və bütün zəruri tibbi tədbirlər görülür.

Müdafiə Nazirliyi şəhid olmuş hərbi qulluqçuların foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumatı açıqlayıb.

Qeyd edək ki, şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır.

Sözügedən siyahı ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:

Antiterror əməliyyatlarında şəhid olmuş hərbi qulluqçuların siyahısı

“Antiterror zamanı şəhid olanlarla bağlı sosial təminatlar qısa müddətdə yerinə yetiriləcək”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, artıq şəhidlərin ailə üzvləri ilə görüşlər keçirilir:

“Həm birdəfəlik ödəmələr, həm pensiya tədbirləri və onların mənzillə təmin olunması həyata keçiriləcək. Hazırda nazirlik bu məsələlərlə məşğuldur. Ailə üzvləri ilə görüşlər keçirilir və müvafiq sənədlər toplanır. Qısa müddət ərzində bütün sosial hüquqları təmin ediləcək”.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!