Ermənilər Zərdablı bölük komandirini yaralı vəziyyətdə Xankəndidə tikintidə işlədirlərmiş

0
8989
xankendi-qarabag-karabakh-khankendi.png

Qondarma rejimin özünü buraxması, separatçıların “başbilən”lərinin saxlanılaraq Bakıya gətirilməsi, onların qolu qandallı vəziyyətdə videolarının göstərilməsi hər kəsin ürəyincədir. Ruben Vardanyan, Arayik Arutyunyan və digər separatçılar Azərbaycan qanunları qarşısında cavab verəcək və öz layiqli cəzalarını alacaqlar.

Separatçılar birinci Qarabağ müharibəsi zamanı əsir düşən mülki vətəndaşlara və hərbçilərimizə olmazın işgəncələr vermişdilər.

Zerdab.com saytı xəbər verir ki, onlardan biri də həmyerlimiz Pənah İskəndərovdur. Pənah İskəndərov bölük komandiri idi. Onun komandiri olduğu bölük birinci Qarabağ müharibəsində düşmənlə mübarizədə sarsıdıcı zərbələr endirmişdi.

P. İskəndərov Laçın, Şuşa və Ağdərə uğrunda döyüşlərdə də xüsusi xidmətlər göstərmişdi. Lakin ağır döyüşlərin birində 4 güllə yarası alır və döyüş meydanını tərk edə bilmir. Dostları onu döyüş meydanından çıxarmağa çalışsalar da, düşmənin açdığı atəş, mərmilər buna mane olur.

İrəliləyən düşmən onu yaralı vəziyyətdə əsir götürür. Həmin vaxt çoxlu qan itirdiyindən Pənah İskəndərovun huşu özündə olmayıb və gözünü hospitalda açıb.

Üç gün hospitalda qaldıqdan sonra onu Xocavəndə – azərbaycanlı əsirlərin olduğu yerə aparırlar.

O, həmin yerdə 30-a yaxın azərbaycanlı əsirin olduğunu görür.

Qarnından aldığı yara çirk etdiyi üçün Pənahın səhhəti daha da pisləşir. Ancaq xoşbəxtlikdən onu Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti əsir kimi qeydiyyata alır. Bir müddət sonra onu Xocavənddən Xankəndiyə aparırlar. Azərbaycanlı əsirlərin olduğu xəstəxanadakı vəziyyəti görəndən sonra Pənah daha da sarsılır.

Pənah İskəndərov bir qədər Xankəndində saxlanıldıqdan sonra onu Şuşa türməsinə aparıblar. Şuşada 1-2 gün qaldıqdan sonra Xankəndiyə qaytarılıb.

Yarası nisbətən qaysaqlansa da, səhhəti yenə də əlverişli deyildi. Buna baxmayaraq, ermənilər onu Xankəndidə tikintidə işlədiblər. Yaralı vəziyyətdə tikintidə işləməsi onun üçün daha da əzablı idi.

Pənah İskəndərov sonradan öyrənir ki, onu və digər əsirləri Xankəndi şəhərinin mərkəzində Samvel Babayan üçün inşa olunan imarətdə işlədirdilər.

Evin tikintisində istifadə olunan daşları isə Malıbəyli kəndindəki tikililərdən söküb gətirirlərmiş.

Yaralı, yorğun, halsız vəziyyətdə Xankəndidə tikintidə işləməsi Pənah İskəndərovun sağlamlığına daha da pis təsir göstərir.

Pənah İskəndərov 1993-cü ildən 1996-cı ilə qədər ermənilərin əsirliyində qalıb.

1996-cı ilin aprel ayında Pənahı yenidən Şuşaya gətiriblər.

Elə həmin ilin may ayında Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Pənah İsgəndərov 67 nəfər azərbaycanlı ilə birlikdə əsirlikdən azad edilib.

Erməni əsirliyində aldığı xəsarətlər, edilən şiddətlər onun sağlamlığında ciddi problemlər yaratmışdı.

Məlumat üçün bildirək ki, Pənah İskəndərov 1957-ci ildə Zərdab rayonunun Salahlı kəndində anadan olub.

Bu gün ermənilərin layiqli cəzalarını almaları, separatçıların qolu qandallı vəziyyətdə Bakıya gətirilmələri hər bir kəsin, o cümlədən əsirlik həyatı yaşamış, erməni vəhşiliyi ilə üzləşmiş hər bir soydaşımızın çoxdan gözlədiyi gündür…

Nicat, Zerdab.com