Kürdə balıq tutmağın ləzzəti

0
74

Adamlar var, illərlə yaşadığı rayona, kəndə, evə getməsə, heç yadına da düşmür. Elə mənim doğulub boya-başa çatdığım kənddə – Zərdab rayonunun Qoruqbağı kəndində də belələrinin sayı onlarladır. Yəni 20, 30, 40 il öncə Rusiyaya, Polşaya, Ukraynaya üz tutanlar sonradan bir daha geri qayıtmayıblar. Hətta qohumların zəng vurub onlara ata-analarının oğul-oğul deyib zarımaları barədə məlumat vermələri belə onları geriyə-doğma kəndə bir neçə günlük də olsa, qaytara bilməyib. Hərdən öz-özümə sual edirəm ki, bəlkə, həmin övladların hər şeydən üz çevirib getmələrinin və bir daha geriyə dönməmələrinin səbəbini elə həmin valideynlərin verdiyi tərbiyədə axtarmaq lazımdır? Çox çətin sualdır və sözün açığı, cavab verməkdə çətinlik çəkirəm.

***

İl ərzində ən azı 6-7 dəfə, bayramlarda, tətil günlərində, məzuniyyətə çıxanda doğma kəndimizə gedirəm. Həqiqətən, insana doğulduğu yer qədər doğma, əziz yer ola bilməz fikrində olanlar çox düz buyururlar…

Yenidən kəndə qayıtmaq, birdəfəlik buraya dönmək barədə fikrimi atama bildirəndə isə qəti şəkildə etiraz edir və deyir ki, hələ tezdir. Amma söz arası onu da soruşdu ki, “tutaq ki, kəndə qayıtdın, nə işlə məşğul olacaqsan?”. Nə illah etsəm də, onu razı sala bilmədim…

***

Dənizin suyundan fərqli olaraq Kürün suyunda hava hər nə qədər qızsa belə, temperatur artmır. Bu mənada əgər Kürə girdinsə, bir qədər ehtiyyatlı olmalısan. Yoxsa soyuqdan halın pisləşə bilər.

Rəhmətlik Həsən bəy Zərdabi də “Bədəni salamat saxlamaq düsturüləməli” adlı əsərində çayda çimənlərə suya birdən-birə girməməyi, kənarda durub əvvəlcə bədənin bir hissəsini islatmağı, sonra suya girməyi tövsiyə edib. Amma nə yazıq ki, bir çoxları kimi mən də hər oxuduğuma, hər bildiyimə əməl etmirəm. Elə ona görə də başım bəlalar çəkir. Sonuncu belə “dərsi” isə Kürdən aldım. Kəndə getdiyim günün səhərisi uşaqlara qoşulub Kürə çimməyə getdim və elə çatan kimi də özümü suya atdım. Amma heç üzüb yüz metr irəli getməmişdim hiss etdim ki, soyuqdan damarlarım tutulub. Geriyə qayıtmağa isə gücüm qalmamışdı. Qonşuların uşaqları olmasaydı, yəqin ki, heç bu yazı da yazılmayacaqdı…

***

Kəndimizdə məməyeyəndən-pəpəyeyənə qədər hər kəs bir tilova dəyib üz tutur Kürə balıq tutmağa. Baxmayaraq ki, iyul, avqust aylarının adında “r” hərfi yoxdur elə mənim özüm də demək olar həmin aylarda Kürə balıq tutmağa gedirəm. Kür balığının ləzzətini isə quru sözlə başa salmaq olmur.

***

Kənddə ürək dolusu, can rahatlığı ilə dincəldikcə yadıma öz külfəti ilə Bakıda yaşadığım binanın birinci blokunda bir otaqlı mənzildə məskunlaşmış, Ağdamın Muğanlı kənd sakini, yaşı 80-dən çox olan Rəcəb dayı düşdü. Rəcəb dayının Muğanlıda böyük bağı-bağçası, ev-eşiyi olub. Amma işğal zamanı o da öz doğma yurdunu tərk edib. Rəcəb dayı ilə hər gün həyətdə oturub söhbətləşəndə demək olar ancaq öz doğma rayonundan, kəndindən, həyətindən, bağçasındakı ağaclardan danışır. Hiss edilir ki, Rəcəb dayı öz kəndinin həsrətini çəkir, hər şeydə Ağdamı xatırlayır, öz el-obası üçün yanır, yaxılır.

Kənddə olduğum müddətdə Rəcəb dayını xatırladım və özümdən asılı olmadan gözlərim doldu. Allah bütün məcburi köçkünlərimizə öz dədə-baba torpaqlarına qayıtmağı nəsib eləsin. Amin…

Nicat İntiqam

9 avqust, 2010-cu il.