Şərqin ən qədim kəndi – Əlvənd

7
103

“Ağası xan Əlvənddə oturub bütün Şirvana hökmran olmuşdu”

Əlvənd Azərbaycanın çox qədim və zəngin tarixi olan kəndlərindən biridir. Güman olunur ki, Əlvənd yaşayış məntəqəsi kimi qədim dövrlərdən formalaşmışdır. Abbasqulu ağa Bakıxanov məşhur “Gülüstani-İrəm” əsərində Əlvənddən bəhs edərək yazır ki, 1775-ci ildə “Ağası xan da Əlvənddə oturub bütün Şirvana hökmran oldu…” Ağqoyunlu hökmdarı uzun Həsənin nəvəsi, 1498-ci ildə özünü Təbrizdə hökmdar elan etmiş və tezliklə qardaşı Məhəmməd Mirzə tərəfindən məğlub edilib taxtdan salınan Əlvənd Mirzənin – Yusif Mirzə oğlunun (1504-cü ildə Diyarbəkirdə vəfat etmişdir) Əlvənddən olduğu bildirilir.

Əlvəndin tarixinə aid maddi mənbələr 1965-1970-ci illərdə kəndin şimal-şərdində yerləşən “Dəvəçökəyi” adlanan ərazidə meliorasiya işləri zamanı aşkar edilmişdir. 4-5 metr dərinlikdə aparılan qazıntı işləri zamanı çoxlu sayda naxışsız gil qablar, bəzək əşyaları, müxtəlif əmək alətləri tapılmışdır (ərazi öz arxeoloji tədqiqini gözləyir). Bu da Kür-Araz mədəniyyəti adlanan Erkən Tunc dövrünə (e.ə.IV minillik) gedib çıxır. Bu ərazi indi də el arasında xan qızının hanasının qaldığı yer kimi hallanır. Digər maddi mənbə 1956-cı ildə kənddəki köhnə qəbristanlıgın ətrafında aparılan qazıntı işləri zamanı aşkara çıxan küp qəbirlərdir. Bu da Əlvəndin tarixinin eramızdan əvvələ gedib cıxdığını bir daha sübut edir.

Tarixi mənbələrdə qədim “İpək yolu”nun Əlvəndin ərazisindən keçdiyi qeyd olunur. Əlvəndin yaşlı sakinləri kəndin bir məhəlləsini bu yaxınlara qədər Biləqanlı adlandırırdılar. Mütəxəssislər bunu XIII əsrdə monqolların məhv etdiyi qədim Beyləqan (xarabalıqları Mil düzündədir, Örənqala adlanır) şəhərindən köçüb gələnlərin nəsilləri hesab edirlər.

XVIII əsrə aid sənədlərdə Əlvənddən ipəkçilikdə, ticarət və gəmiçilikdə müəyyən rolu olan yer kimi danışılır. Mənbələrdə yazılır ki, həmin vaxtlar burada ipək emalı müəssisəsi, gəmi dayanacağı, çoxlu karvansara, ticarət binaları, Qarabağa gediş-gəliş üçün bərə vardı. Əlvənd bazarına hər şənbə Ağcabədidən, Göycaydan, Ucardan, İmişlidən və digər rayonlardan ticarətə  gəlirdilər. Bu yerlərin kənd təsərrüfatı məhsulları Əlvənddə toplanır və gəmilərlə uzaqlara daşınırdı. İndi də Qarabağ ərazisində “Əlvənd yolu” deyilən qədim bir yol var.

1887-ci ilə aid bir sənəddə Əlvənd adının yanında “Böyük kənd” sözü də yazılmışdır. Əlvəndə bir zamanlar Kürdəmirin Sovla kəndindən də köçüb gəlmişlər. XX yüzilliyin 40-cı illərində isə Ermənistanın Abaran rayonunun Kirəşli kəndindən zorla çıxarılan 35 azərbaycanlı ailəsi Əlvəndə deportasiya edilmişdir. Qəribədir ki, ikinci dünya müharibəsi zamanı – 1941-ci il avqustun 25-də alman təyyarəsi Əlvənd üzərində uçmuş, bu kəndə bomba atmışdır. Həmin yandırıcı bomba taxıl zəmisinə düşmüş, partlamamışdır və bu gün də Zərdab tarix-diyarşünaslıq muzeyində eksponat kimi nümayiş etdirilir.

www.zerdab.com

7 ŞƏRH

Comments are closed.