
Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin dəfn mərasimində Qara bəy Qarabəyovun nitqindən:
- Ağalar!
Bakının maarif əhli bu mərhumun tərcümeyi-halını bəyan etməyi mənə həvalə eləyib. Bu, çətin bir əmrdir, o da bu zamanda…
Həsən bəy Zərdabi Avropaca təhsil almış ilk müəllim idi, mərifətli şagirdlərini saymaqla qurtarmaz.
Həsən bəy 35 il bundan əqdəm öz mayası, müəllimlik məvacibi ilə “Əkinçi” adında qəzet çıxarırdı.
Həsən bəy ilk dəfə olaraq 35 il qabaq Bakıda həvəskarları yığıb teatr oyunları vermişdi.
Həsən bəy Zərdabi əvvəlinci şəxsdir ki, kimsəsizlərə kömək üçün ianə heyətləri təşkilinə çalışmışdı.
Müsəlmanların işinin hər tərəfinə baxılsa, Həsən bəyi orada zəhmət çəkən görürük.
Nikolayevsk küçəsində cəlal ilə duran məktəb həmən bu mərhumun fikrinin məhsuludur ki, Hacı Zeynalabdin Tağıyevin pulu ilə bina edilmişdi.
Həsən bəy Bakı Dumasında çox zəhmətlər çəkmiş, 30 il qlasnı olub, şəhər əmlakına xəyanət edənlərin sözünü üzlərinə demiş, bu səbəbdən çoxlu düşmən qazanmışdı.
Həsən bəy Zərdabi Bakıda qəzet çıxardığı zamanlarda yerin sajınını 3 qəpiyə almaq mümkün idi, neft yerləri, demək olar, müftə paylanırdı.
Həsən bəy istəsəydi, indi Bakının kapitalistlərindən biri olardı. Lakin o bunu eləmədi, dünya malına göz dikmədi, camaatın dərdinə qaldı.
Axırda da quru taxta üstdə vəfat edib əhli-əyalına heç bir şey qoymadı. Onun “nöqsanı” bu idi. Amma bizlər üçün bu böyük bir fəxrdir.
Biz naşükürlük etmirik ki, Allah bizim qoca ədibimizi əlimizdən aldı, çünki onun vaxtı çatmış idi.
Bizi, onun yoxsulluq içində vəfat etməsi də kədərləndirmir.
Bizi kədərləndirən odur ki, Həsən bəy naxoş olduğu üçün camaat işinin səhnəsindən düşdüyü zaman bizim xatirəmizdən çıxmışdı.
Heç birimiz onun görüşünə də getmədik, şəhərimizin nümayəndələri də onu saymırdılar.
Bu qızıl və dövlət adamları onun hər bir haqq sözünün müqabilində deyirdilər ki, sən danışma, pulun yoxdur, sən danışma, kasıbsan!
Kimə ki, haqq və həqiqət xoş gəlmirdi, o şəxslər Həsən bəyi sıxırdılar. Hətta seçki vaxtı qutusunu da oğurladılar.
Biz müsəlmanlar qürur duyuruq ki, Həsən bəy, sən özünə belə dostlar saxlamadın! Fəxr edirik ki, sənin düşmənlərin belə adamlar oldu!
Biz ancaq bundan utanırıq ki, bu adamın cənazəsi üstündə məcbur oluruq ki, onun nə dərəcədə hümmətli bir şəxs olduğunu camaatımıza bildirək. Çünki camaatımız hələ çox cahildir ki, bunu özləri bilsinlər.
Bir az bundan irəli gürcülər şöhrətli şairləri knyaz Çavçavadzeni nə dərəcədə böyük hörmətlə, qəmə aludə olub dəfn etdilər! Onların öz şairlərinə milli hissləri nə dərəcədə böyükdür!
Bizim bu qarşımızda yatan mərhum Həsən bəyin müsəlmanlardan ötrü gördüyü işlər Çavçavadzenin gürcülərdən ötrü gördüyü işlərdən az deyil.
Yox, Həsən bəy!
Siz indi elə bir qüvvəsiniz ki, səni bizə qaytarmasalar da, millətimizin cavanları sənə lazım olan qədri, qiyməti verərlər.
Sən yoxsansa da, sənin gördüyün işlər göz önündədir. Sənin o işlərin səni həmişə yadda saxlatdıracaq.
Sənin əməllərin, həyatın kimi bizə deyir ki, özünüzü yadınızdan çıxarın, gedin camaatınızın dərdlərini işıqlandırın, Peyğəmbərimizin böyük vəsiyyətlərini yerinə yetirin ki, bu, İslamın əzəmətindən ibarətdir.
Biz sənin qulağımıza oxuduğun fikirləri yadda saxlayıb sənin hazırladığın yol ilə gedəcəyik!
Allah sənə rəhmət eləsin! Amin!
“İrşad” qəzeti, 2 dekabr 1907-ci il.