Telekanallarda qızların erkən yaşda ərə verilməsi, nişan mərasiminin olması ilə bağlı verilişlərə, etirazlara, müzakirələrə rast gəlirik. Təbii ki, mövzu sosial şəbəkələrdə də müzakirə olunur, iradlar bildirilir.
Qəribədir ki, erkən yaşda ərə verilən, nişan mərasimi olan qızların valideynləri bəzən baş verənləri təbii qarşılayır, hətta buna qarşı çıxan kənd sakinlərini ittiham edirlər.
Bir insan 12 yaşında qızını niyə ərə versin ki? Bir insan 13, 14, 15 yaşında qızı niyə məcburi nişanlasın ki? Hara tələsirsiniz?
Sonra nə baş verir? Sizin bu yaşda nişanlamağa məcbur qoyduğunuz qız ya efirə müraciət edib kömək istəyir, ya da evdən qaçır…
Belə halları gördükcə Zərdabımıza, Zərdabımızın insanlarına təşəkkür etmək gəlir insanın içindən. Bilirsiniz niyə? İlahi, Zərdabda insanlar öz uşaqlarını oxutmaq üçün nə qədər çalışırlar, nə qədər can yandırırlar.
Bir dəfə də Zerdab.com-da paylaşmışdım, yəqin bir çoxlarının yadında olar – Zərdabda insanlar övladlarını oxutmaq üçün sanki bəhsə giriblər. Nə gözəl bəhsdir bu, nə gözəl işdir bu, nə gözəl əməldir bu…
Vallah, insana ləzzət edir. Hətta Zərdabın ən ucqar kəndində də ailələr uşaqlarını oxutmaq üçün, ali təhsilli olması üçün, necə deyərlər, özlərini oda-közə vururlar.
Dəfələrlə bunun şahidi olmuşam. Allah Həsən bəy Zərdabiyə rəhmət eləsin, yəqin ki, indi bunları görüb ruhu sevinir, ruhu dincəlir, şad olur.
Yəqin ki, elə sizlərin də tanıdığınız nə qədər insan var ki, bəlkə iynə-dərmanının pulundan kəsir, ancaq övladını hazırlığa göndərir. Boğazından kəsir, yeməyindən kəsir, geyimindən kəsir, amma uşağını ali məktəbə hazırlaşdırmaq üçün pul tapır, əgər uşağı ali məktəbə, kollecə daxil olubsa, ona göndərir.
Ad çəkmirəm, bir nəfər tanıyıram, deməli, bu adam onun-bunun qapısında fəhlə işləyir, dolanışığı da heç yaxşı deyil. Özü isə orta məktəbdə bəlkə ən pis oxuyanlardan olub, bəlkə heç məktəbə də getməyib, adını yaza bilib-bilmədiyini də dəqiq bilmirəm, amma bu adam qızını oxutmaq üçün nələrə qatlaşmadı ki… Hazırlığa göndərdi, fərdi müəllim tutdu və çox şükür ki, istəyinə nail oldu. İndi qızı adını çəkmək istəmədiyim şəhərdə təhsil alır, dərslərini də yaxşı oxuyur. Həmin ata qızını oxutmaqdan söz düşəndə bilirsiniz necə lovğalanır, necə qürurlanır? Ona qoşulub sən də qanadlanmaq istəyirsən, həmin sevinci ürəyində yaşayırsan.
Bu yaxınlarda məclislərdən birində maraqlı hadisənin də şahidi oldum, zərdablılar demişkən, ləzzət elədi.
Deməli, məclisdə yemək bişirən bir anamız özünü sözün həqiqi mənasında oda-közə vururdu. Bişirdiyi ətdən məclis sahibi bir az pay verdi, bişən yeməkdən pay verdi, 50 manat zəhməthaqqı da öz yerində. İş əsnasında xanım bir az qürurla, bir az da lovğalanaraq bir neçə dəfə eşitdirdi ki, 2 qız oxuduram ey, onlara “sumka” göndərməliyəm. Hər dəfə də bunu deyəndə onun yanında olanlar deyirdilər ki, vallah, ərli-arvadlı sizə halaldır, bu kasıbçılıqla, bu çətinliklə 2 uşaq oxudursunuz, kirayə pullarını verirsiniz, ərzaq göndərirsiniz… Xanım elə qürurlanırdı, elə qürurlanırdı, bir görəydiniz…
Yeri gəlmişkən deyim ki, həmin xanımın nə özü, nə də həyat yoldaşı ali təhsil almayıblar. Dediyinə görə, oxumadıqları, ali təhsil almadıqları üçün çox əziyyət çəkiblər, çox zəhmətə qatlaşıblar, elə bu gün də həmin çətinliyi yaşayırlar, ona görə də bu əziyyəti, bu çətinliyi övladlarının yaşamalarını istəmirlər, onları oxudurlar.
Çox şükür, Zərdabda gör nə qədər belə övlad oxudan ailə var… Hamısı övladını oxutmaq üçün çalışır, təhsil vermək üçün çalışır, gələcəkdə yaxşı bir işi olmasına cəhd göstərir.
Bəli, bu gün Zərdabda ailələr övadlarını oxutmaq üçün bəhsəbəs edirlər.
Xüsusilə də qızlarını oxutmaq üçün…
Allah sənə rəhmət eləsin, Həsən bəy Zərdabi elə sənin də istədiyin bu idi. Özü də bu düşüncə rayonumuzda, kəndlərimizdə getdikcə daha da artır, daha da kütləviləşir.
Xoşuma gələnlərdən biri də bilirsiniz nədir? Tətildə, bayramda həmin bu oxuyan qızlar kəndə gələndə mütləq qohum-qonşu ilə görüşməyə gedirlər. Bəziləri anaları ilə birgə kəndin bu başından o biri başına gedir, hamı bu gənc tələbəyə “xoş gəlmisən” deyir, xoş sözlər bildirir və bu tələbə də, anası da, lap elə atası da qürurlanır, sözün yaxşı mənasında lovğalanır.
Oxumayanlar, hələ orta məktəb təhsilinə davam edənlər isə yəqin ki, baxıb onlara oxşamaq istəyirlər, onları görəndə həmin hissləri yaşamaq fikrinə düşürlər…
Yeri gəlmişkən, oxuyan, ali təhsil alan ağıllı qızların ailə qurmaq, yaxşı oğlanla ailəli olmaq kimi də problemi olmur, təhsili başa çatandan sonra ona ən yaxşı yerdən elçilər gəlir…
Xoş sözləri, xoş fikirləri çox yazmaq olar, ancaq bunlar ürəyimdən keçənlərin bir hissəsidir.
Sonda bu məsələ ilə bağlı Zərdablı xanımlara, Zərdablı analara ayrıca da təşəkkür etmək istərdim. Bilirsiniz niyə? Çünki ataların bəziləri bəlkə də qızlarını, oğlanlarını oxutmağa çox da maraqlı olmaya bilərlər. Ancaq bu gün elə ailələr, elə atalar uşağını oxutmaq istəyirlər ki, tam əminsən bunda qadınların xüsusi rolu olduğuna. Özü ali təhsil ala bilməyən, almayan, almaq imkanı olmayan analar övladlarının, xüsusən də qızlarının oxuması üçün ailədə əsl təbliğatçı olurlar və çox şükür ki, çox vaxt da buna nail olurlar…
Əlbəttə, istisna hallar da olar bilər, yəni tutaq ki, kimsə qızını oxutmaz, erkən ərə verə bilər, ancaq şox şükür, Zərdabda, doğma rayonumuzda bu, kütləvi hal almayıb.
Hər dəfə övladını oxutmaq istəyənlərin sayının artdığını, özünü oda-közə vuranları gördükcə Həsən bəy Zərdabinin həyat və yaradıcılığı ilə bağlı oxuduqlarım yadıma düşür. Bəli, Həsən bəy Zərdabi də Zərdabımız üçün, Zərdablılarımız üçün, Azərbaycanımız üçün, qızlarımız üçün təhsil arzulayırdı. Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova (Abayeva) qızların təhsil almaları üçün nə qədər əziyyət çəkib, imkansız ailələrdən olan qızlar üçün analıq edib. İndi onların da ruhları şaddır. Əziz Zərdablılar, belə davam edin, təki həmişə belə yaxşı işlərdə bəhsləşək…
Nicat, Zerdab.com