Zərdab ərazisində Azərbaycan Atabəylər dövləti üçün mühüm məntəqələr olub – TARİX

0
2906
zerdabin-tarixi-zerdabin-xeritesi-zerdab-rayonu.png

“Zərdab rayonunun Məlikumudlu ərazisindən aşkar olunmuş Atabəy pulunun aversində oğuz damğası olan ox kaman və oğuz boylarının sayını bildirən ulduzlar vardır”. Bunu Zerdab.com-a AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Taleh Əliyev bildirib.

Taleh Əliyevin sözlərinə görə, sikkə Məhəmməd Cahan Pəhləvanın dövrünə aiddir: “Ərəb əlifbası ilə yazılıb. Numizmatik materialların təhlili göstərir ki, Zərdab rayonu ərazisində həm Azərbaycan Atabəylər dövləti, həm də Şirvanşahlar dövləti üçün mühüm məntəqələr yerləşib. Ərazidən Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan və I Axsitanın adına buraxılmış numizmatik materialların tapılması təsadüfi deyil”.

Qeyd etmək lazımdır ki, adıçəkilən siyasi xadimlər Şirvanşah III Məniçöhrün siyasi səhvinin qarşısını alaraq tarixi Azərbaycan torpaqları olan Şirvanşahların şimal-qərb ərazilərinin gürcülər tərəfindən işğal cəhdinin, həmçinin III Məniçöhrün həyat yoldaşı gürcü Tamarın Şamaxıda planlaşdırdığı siyasi çevrilişin qarşısı alınıb: “Sözügedən siyasi proseslər məhz Şəmsəddin Eldəniz tərəfindən I Axsitanın Şirvan taxtına çıxarılması ilə nəticələnib. Qeyd etdiyimiz kimi, Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan və I Axsitanın hakimiyyəti dövrü Azərbaycan tarixində bütün sahələrdə – siyasi-ictimai, sosial-iqtisadi və mədəni sahələrdə intibah – tərəqqi dövrü kimi yadda qalıb”.