Bu il də ən çox barama tədarükü Zərdab rayonunda aparılıb

0
694
barama-zerdab.png

Bu günədək Azərbaycanda kümçülər tərəfindən tədarük məntəqələrinə 190,2 ton yaş barama təhvil verilib.

Kənd Təsərrüfatı Nazirliyindən Zerdab.com saytına verilən məlumata görə, hər il olduğu kimi bu il də ən çox barama tədarükü Zərdab rayonunda aparılıb.

Zərdab kümçüləri tədarük məntəqələrinə 40 tondan artıq yaş barama təhvil veriblər.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır.

Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər.

Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir.

Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.

Bu il dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 90 000 qutu ipəkqurdu toxumu paylanıb.

Zərdab rayonu üzrə 2016-cı ildə 5 ton 710 kq, 2017-ci ildə 27 ton 55 kq, 2018-ci ildə 53 ton 880 kq, 2019-cu ildə 71 ton 539 kq, 2020-ci ildə 61 ton 635 kq, 2021-ci ildə 67 ton 950 kq, 2022-ci ildə 58 tondan çox, 2023-cü ildə isə 52 tondan çox olmaqla barama tədarük edilərək Respublikada illər üzrə ən yüksək göstəriciyə nail olunub.

2024-cü ilin məhsulu üçün 820 qutu ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanıb.

Xatırladaq ki, həmyerlimiz, ictimai fəal Ramil Mehdiyev bir müddət öncə rayonumuzda barama istehsalına dəstək məqsədilə maraqlı təşəbbüs irəli sürüb.

Belə ki, Ramil Mehdiyev fəal zərdablı kimi rayonumuzda baramaçılığın inkişafına dəstək olaraq 2024-cü ilin ən fəal kümçülərdən ilk 3 yerə layiq görüləcək şəxslərə dəstək olacaq.

1-ci yer – 500 AZN
2-ci yer – 300 AZN
3-cü yer – 200 AZN

Bütün kümçülərə uğurlar arzulayırıq.

Zerdab.com