Təbii qazın qiyməti 12,5 qəpikdən hesablanacaq

0
2941

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib.

Zerdab.com xəbər verir ki, Tarif Şurası bu barədə qərar verib.

Əhali üzrə illik istehlak həcmi:

1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində;

1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik;

2500 kub metrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.

1 kub metr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7%) artırılıb.

Tarif dəyişikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir:

48% abonent üzrə – 32 qəpik,

39% abonent üzrə – 1 manat 43 qəpik,

13% abonent (daha çox istehlak edən) üzrə – 7 manat 46 qəpik.

Göründüyü kimi, əhalinin 48%-i üçün 1 kub metr təbii qazın tarifi maksimum aşağı səviyyədə – 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılıb.

Elektrik istehsalında istifadə olunan təbii qazın tarifi 2 qəpik (12,1%) artırılaraq 16,5 qəpikdən 18,5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kub metr təbii qazın tarifi 2 qəpik (9%) artırılaraq 22 qəpikdən 24 qəpik həddində müəyyənləşdirilib.

Azərbaycanda elektrik enerjisi tarifləri dəyişdirilib.

Bununla bağlı Tarif Şurası məlumat yayıb.

Bildirilib ki, təbii qazın qiymət artımının elektrik enerjisinin istehsal xərclərinə təsiri və bu sahədə xidmətlərin dayanıqlılığının yüksəldilməsi zərurəti nəzərə alınaraq elektrik enerjisi üzrə yeni tariflər müəyyənləşdirilib.

Əhali üzrə aylıq istehlak həcmi:

200 kVts olan hissə üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi 0,4 qəpik (5%) artırılaraq 8 qəpikdən 8,4 qəpiyə;

200 kilovatt saatdan 300 kilovatt saatadək olan hissə üçün 1 qəpik (11,1%) artırılaraq 9 qəpikdən 10 qəpiyə;

300 kilovatt saatdan çox olan hissə üçün 2 qəpik (15,4%) artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirilib.

1 kilovatt saat elektrik enerjisinin orta tarifi əhali üzrə – 0,7 qəpik (7,8%) artırılıb.

Tarif dəyisikliyindən sonra əhali abonentlərin orta aylıq xərcinin aşağıdakı kimi artacagı gözlənilir:

65% abonent üzrə – 45 qəpik,

20% abonent üzrə – 1 manat 33 qəpik,

15% abonent (daha çox istehlak edən) üzrə – 5 manat 61 qəpik.

Göründüyü kimi, əhalinin 65%-i üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi maksimum aşağı səviyyədə – 0,4 qəpik (5%) artırılır.

İstehlak malları indeksinə təsirin minimallaşdırılması məqsədilə sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kilovatt saat elektrik enerjisinin tarifi – 0,6 qəpik (6%) artırılaraq 10 qəpikdən 10,6 qəpik həddində müəyyənləşdirilib.

Elektrik doldurma məntəqələrinə verilən 1 kilovatt saat elektrik enerjisinin tarifləri 1,5 qəpik (13,6%) artırılaraq 11 qəpikdən 12,5 qəpik səviyyəsində təsdiq edilib. Elektrik doldurma məntəqələri tərəfindən göstərilən xidmətin qiyməti isə sahibkarlar tərəfindən rəqabət şəraitində sərbəst olaraq müəyyənləşdiriləcək.

Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi dəyişdirilib.

Hazırda “Azəristiliktəchizat” ASC üzrə 1 m² sahə üçün istilik təchizatı xidmətinin maya dəyəri 1,10 manat təşkil edir. Lakin 2011-ci ildən bu sahə üzrə ödənişlər 1 m² sahə üçün 15 qəpikdir. Aradakı qiymət fərqi dövlət büdcəsindən ayrılan subsidiya hesabına qarşılanır. Bu sahədə yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarifin müəyyənləşdirilməsi qərara alınıb.

Belə ki, “Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 m2 üçün 30 qəpik səviyyəsində təsdiq edilib. Sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 m² sahə üçün) 14,6 manat həddində müəyyənləşdirilib.

Bildirilib ki, bu tarif tənzimləməsi dövlət büdcəsindən asılılığın azalmasına, istilik təchizatının əhatəsinin genişləndirilməsinə və bu şəkildə xidmətin keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq.

Qərar 2025-ci il 2 yanvar tarixindən qüvvəyə minir.