Ömrü dərs olan müəllim – İntiqam İsmayılov

0
6593
Bəzən bir insanın həyatı bütöv bir nəsil üçün dərs, yol, nümunə ola bilir. O insanlar sözlə də, əməli ilə də tarix yazırlar – səssizcə, təvazökarlıqla, amma əbədi iz buraxaraq. İntiqam İsmayılov müəllim də belə insanlardandır.
İsmayılov İntiqam İsmayıl oğlu 1954-cü il, dekabr ayının 22-də Zərdab rayonunun Qoruqbağı kəndində anadan olub. 1961-ci ildə Qoruqbağı kənd səkizillik məktəbinin birinci sinfinə daxil olub, 1969-cu ildə həmin məktəbin səkizinci sinfini bitirərək M.Ə.Sabir adına Məlikli kənd orta məktəbinin doqquzuncu sinfinə qəbul olub.
1971-ci ildə həmin məktəbi bitirib, sənədlərini indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinə verib, imtahanlardan uğurla keçərək Filologiya fakültəsinə daxil olub.
Təhsil aldığı müddətdə əlaçı olub, universitetin ictimai işlərində fəal iştirak edib,”Filoloq”və “Gənc işçi” qəzetlərinin redaktoru və rəssamı olub.
Elə bu səbəbdən də o dövrün ən populyar qəzetləri olan “Azərbaycan gəncləri” və “Gənc müəllim” qəzetlərində haqqında dəfələrlə məqalələr yazılıb.
1975-ci ildə Universiteti uğurla bitirərək təyinatla Zərdab rayonuna göndərilib, Qoruqbağı kənd səkizillik məktəbinə dil-ədəbiyyat müəllimi təyin olunub. Müxtəlif dövrlərdə Sarıqaya kənd səkizillik, Məlikli kənd orta, Bəyimli qəsəbə səkizillik məktəblərində dil-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib.
1978-ci ildə hərbi xidmətə çağırılıb, Türküstan Hərbi Dairəsinin müxtəlif hərbi hissələrində – Qazaxıstan, Özbəkistan, Türkmənistan respublikalarının ərazisində yerləşən müxtəlif hərbi hissələrdə hərbi xidmət keçib.
1979-cu ilin aprel ayında Əfqanıstanda hərbi çevriliş baş verərkən SSRİ silahlı qüvvələri tərkibində komandiri olduğu manqa ilə birlikdə oraya göndərilib. O zaman üçün tapşırıqları vicdanla yerinə yetirdiyi üçün “Qvardiya” və “Xidmət əlaçısı” döş nişanları ilə təltif olunub.
1979-cu ildə Daşkənd Ali Hərbi Ümumqoşun Komandirləri məktəbi nəzdində zabitlik kursunu müvəffəqiyyətlə bitirib.
SSRİ Müdafiə Nazirliyinin 28 fevral 1980-ci il, 14 saylı əmrinə əsasən, leytenant hərbi rütbəsi alıb.
6 aprel 1984-cü ildə Zaqafqaziya Hərbi Dairəsinin 8 saylı əmrinə əsasən, baş leytenant hərbi rütbəsinə yüksəlib.
Hərbi xidməti başa vurduqdan sonra – 1979-cu ilin dekabr ayından 2023-cü ilin iyun ayına qədər Zərdab rayonu, M. Rahim adına Pərvanlı kənd tam orta məktəbində hərbi rəhbər və dil-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib. Bu illər ərzində geniş dünyagörüşə malik, savadlı, əsl vətənpərvər gənclər yetişdirməyə çalışıb. Bu səbəbdəndir ki, İntiqam müəllimin dərs dediyi şagirdlər arasında hərbi – vətənpərvərlik ruhu həmişə yüksək olub. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində iştirak edən, şəhidlik zirvəsinə yüksələn şagirdlərimiz və qazilərimiz də az deyildir. Məzunlardan ali hərbi təhsil alaraq Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət göstərən zabit və gizirlər də vardır. İntiqam müəllim fəaliyyəti dövründə dilçilik elminin müxtəlif bölmələrinə aid elmi araşdırmalar da aparıb, bu elmin araşdırılmamış sahələrində elmi tədqiqatlar apararaq bu sahədə yeni söz deməyə çalışıb. Xüsusən, “qeyri-həmcins təyinlərlə qeyri-ismi birləşmələrin oxşar və fərqli cəhətləri”, “Azərbaycan dilində bitişdirici samitlərin yeri və rolu”, “ismin qeyri-müəyyən halları” və sair mövzularda yazdığı məqalələri bu sahə ilə məşğul olan alimlər və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib və dövrü mətbuatda çap olunub.
Təhsil sahəsində əldə etdiyi uğurlara görə dəfələrlə fəxri fərmanlarla təltif olunub. Xeyriyyəçiliklə məşğul olmağı onun ən sevdiyi əməllərindəndir. Uca Allahın buyurduğu kimi, heç kimə bildirmədən kimsəsiz ailələrə yardım etməkdən zövq alır.
Övladlarından da gözlədiyi və istədiyi onların əsl vətəndaş, layiqli müsəlman və vicdanlı insan olmalarıdır.
İntiqam müəllimin həyatı sadəcə şəxsi uğur hekayəsi deyil, həm də bütöv bir nəsil üçün örnək olan mənəvi bir dastandır. O, qələmi ilə maarifə yol açdı, müəllim kimi vətənə sevgi aşıladı.
O, lövhə qarşısında əlində dərs planı ilə yox, ürəyində vicdanla dayandı. Təkcə bilik öyrətmədi – mərdlik, dürüstlük, insanlıq öyrətdi.
İntiqam müəllim ömrü boyu nə şan-şöhrət axtardı, nə də mükafat – onun mükafatı həm də vicdanla keçilmiş bir ömür idi.

Zerdabın Tanınmışları